Düşmənin sevinməsinə imkan verməyək
MVP rəsmisi: “İndi əvvəlkindən daha məsuliyyətli və ehtiyatlı olmalıyıq”
16 Oktyabr 2020 14:33 DiasporaMVP rəsmisi: "İndi əvvəlkindən daha məsuliyyətli və ehtiyatlı olmalıyıq"
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda da son günlərdə koronavirus pandemiyasına yoluxanlar arasında ciddi şəkildə artım qeydə alınmaqdadır. Bu bir tərəfdən mövsümü amillə bağlıdırsa, digər tərəfdən bəzi vətəndaşların təhlükənin nə qədər böyük olduğunu ciddiyə almaması ilə əlaqədardır. Bir müddət əvvəl ölkədə karantin qaydalarının yumşaldılmasından sonrakı müddətdə müşahidə etdiyimiz mənzərə ondan ibarət oldu ki, bəzi vətəndaşlarımız bu yumşalmadan sui-istifadə edərək vacib olan gigyenik qaydalara əməl etmədi. Qapalı məkanlarda belə tibbi maska taxmağa maraqlı görünmədi, sosial məsafə saxlamadı. Nəticə etibarilə ölkədə gündəlik virusa yoluxma hallarında nəzərəçarpacaq dərəcədə artım qeydə alındı. Məlumat üçün qeyd edək ki, təkcə ötən gün Azərbaycanda virusa yoluxanların sayı 500-dən artıq olub. Yaranmış vəziyyət hökuməti yenidən bəzi qabaqlayıcı tədbirlər görmək və bir sıra istiqamətlərdə karantin qaydalarını sərtləşdirməyə məcbur edib.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli deyib ki, Azərbaycanda koronavirus xəstələrinin sayında artımın qeydə alınması gözlənilən idi. Partiya rəsmisinin sözlərinə görə, bunun başlıca səbəbi isə insanlarda yaranan arxayınlıqdır: "Çoxları mənimlə razılaşar ki, karantin qaydalatının yumşaldılmasından sonra bəzi vətəndaşlarımız arasında arxayınlıq yarandı. İctimai nəqliyyatda, marketlərdə, digər qapalı məkanlarda insanlarımız tibbi maskadan istifadə etməyə lüzum görmədilər. Sanki pandemiya tamamilə aradan qalxmışdı. Halbuki dövlətimiz, hökumətimiz vətəndaşlarımıza tövsiyə edirdi ki, koronavirus hələ də mövcuddur və buna qarşı hər birimiz tədbirli olmalıyıq".
Partiya rəsmisi deyib ki, hazırda virusa yoluxma sayında artım tendensiyası yalnız Azərbaycan üçün xarakterik deyil. Eyni zamanda dünyanın bir sıra ölkələri, Avropa, qonşu Gürcüstan və Rusiyada da virusa yoluxma sayında artım qeydə alınır: "Ancaq bütün bunlara baxmayaraq biz daha tədbirli olmalıyıq. Çünki Azərbaycan dövləti, Azərbaycan vətəndaşları olaraq hazırda biz iki cəbhədə mübarizə aparır, müharibə edirik. Biri Qarabağ cəbhəsində əzəli düşmənimiz olan ermənilərə, digəri isə bütün dünyanı təhdid edən koronavirusa qarşı. Ona görə də bizlərin indi əvvəlkindən daha məsuliyyətli, ehtiyatlı olmağımız zəruridir, vacibdir".
Süleyman İsmayılbəylinin sözlərinə görə, əgər məsuliyyətli davranıb virusa qarşı ciddi mübarizə aparmasaq, tibbi maskadan istifadə edib, sosial məsafə saxlamasaq gündəlik yoluxma sayı bir qədər də arta bilər: "Bu isə düşmənlə vuruşaraq yaralanan igid əsgərlərimizin keşiyində dayanan tibb işçilərimiz üçün əlavə problemlər, çətinliklərə yol aça bilər. Ona görə də hər birimiz Azərbaycanımız, işal altında olan ərazilərimizin düşməndən təmizlənməsi üçün əvvəlkindən daha məsuliyyətli, daha ehtiyatlı davranış ortaya qoymalıyıq".
MVP rəsmisi Qarabağın işğaldan azad edilməsi uğrunda döyüşən Azərbaycan Ordusuna vətəndaşlarımızın dəstəyinə, cəbhə xəttinə yardımlar aparmasına da diqqət çəkib. Bildirib ki, indi uşaqdan böyüyə hər bir şəxs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən igir əsgərlərimizə öz bacardığı dəstəyi verməyə, yardımı göstərməyə çalışır: "Əslində həmin insanlarımızın bu addımı Ordumuza böyük ruh verir. Dünyaya Azərbaycan xalqının nə dərəcədə vətənpərvər olduğunu sübut edir. Ancaq bir məqamı unutmaq olmaz ki, hazırda biz pandemiya dövründə yaşayırıq. Bir virus daşıyıcısı olan vətəndaşımızın əsgərlərə yardım aparmaq üçün ön cəbhəyə getməsi ümumilikdə Ordumuz üçün ciddi təhlükə,, xəstəliyə gətirib çıxara bilər. Bu da düşmənlərimizin sevinməsinə gətirib çıxara. Ona görə də biz elə addım atmalıyıq ki, düşmənlərimizi sevinməyə imkan verməyək".
Füzuli
Olaylar.az