Hitlerin kabusu, Stalinin isə çəkindiyi adam: Messinq haqda araşdırma yazı
12:30 SosialSovet dövründə insanların fikirlərini öyrənməyi psixoloji eksperimentlər ilə nümayiş etdirən estrada artisti Volf Messinq məhz özünün əvvəlcədən proqnozlaşdırdığı tarixdə vəfat etdi. O, heç vaxt yanılmırdı. Ən azı, ölüm tarixlərini müəyyənləşdirmək məsələlərində. Messinq istənilən kəsə onun ömrünün nə qədər qaldığını deyə bilirdi. Deyilənə görə, o, ümumiyyətlə, hər şeyi əvvəlcədən bilirdi. Onun yanında olmaq insanda narahatlıq yaradırdı. Məsələn, Hitler o qədər təşvişə düşmüşdü ki, bu ağıllı adamı tutmağı əmrini vermişdi. Bəs nə səbəbə?
Messinqin şəxsiyyətində heç kimin aça bilmədiyi bir sirr vardı. O, sanki kənardan deyil, içəridən kilidlənmiş bir sandığa bənzəyirdi. Minlərlə insan onu anlamağa çalışır, diqqətlə izləyir, suallar verirdi. O isə istənilən suala istənilən cavabı verirdi. Üstəlik, onu necə anlaya bilərdin ki, özü də özünü dərk etmədən, "Mən kiməm və əşyalarım haradadır?" sualı ilə dünyadan köçmüşdü.
Volf Messinqin həyatı haqqında bir-birinə tamamilə zidd iki versiya mövcuddur. O, peyğəmbər idi, yoxsa hiyləgər? Mənim qənaətlərimə görə, Messinqin kim olması daha çox sənin özünün kim olmağından asılıdır. Yaradanın varlığına inanan biri onu nəinki peyğəmbər, hətta Məsih, göylərin elçisi kimi də qəbul edə bilərdi. Ezoterikaya marağı olanlar üçün o, şaman, hipnozçu, sehrbaz, yoqa ustası və ya telepat ola bilərdi. Skeptik isə onda, şübhəsiz, Kio və ya Akopyan kimi illüziya ustasını görərdi. Fərq yalnız onda idi ki, nə Akopyan, nə də Kio özlərini sehrbaz kimi təqdim edirdi. Messinq isə məhz bunu edirdi: "Mən Volf Messinqəm, telepatam, heç vaxt yanılmıram".
Bəs telepatiya həqiqətən mövcuddurmu? Bu barədə çox danışılır, lakin əməldə ortada yalnız elmi fantastika var. Yalnız bu telepat fırıldaqçısını ifşa etmək məqsədilə onun çıxışlarına gələn nə qədər insan vardı...İndi Messinq çoxdan vəfat etdiyi üçün onu şəxsən yoxlamaq mümkün deyil. Onun haqqında çap olunmuş iki versiya mövcuddur və hər ikisi özünü son dərəcə inandırıcı göstərir.
Birinci nikbin versiya 1960-cı illərin ortalarında SSRİ-də nəşr olunan "Volf Messinq. Özüm haqqında" kitabıdır. Düzdür, mətni Messinq özü yazmamışdı, çünki rus dilində danışmaqda belə çətinlik çəkirdi, ya da danışmaqda çətinlik çəkirmiş kimi davranırdı...Onun sözləri əsasında bioqrafiyanı mərhum sənətkarı şəxsən tanıyan sovet elmi təbliğatçısı Mixail Xvastunov yazmışdı. Əsər uşaqlıq illərindən başlayaraq möcüzələrlə dolu, ətraflı və təsirli bir həyat hekayəsini təqdim edir.
İkinci bədbin versiya isə 1980-ci illərin sonlarında Frankfurt-Maynda nəşr olunub. Onun müəllifi polşalı jurnalist İqnatsi Şenfeld idi. O da Messinqi şəxsən tanıyır, onunla birlikdə həbsdə olduğunu və gələcək peyğəmbərin həyat hekayəsini necə qurduğuna dair ətraflı etirafını ondan eşitdiyini iddia edirdi.
Şenfeldin sözlərinə görə, həbsxanada, ağır şəraitdə və ölümün astanasında olan Messinq həmyerlisi ilə söhbət zamanı ona bütün həqiqəti danışmış, ürəyini açmışdı. Skeptik düşüncəli Şenfeld "Kalvariya dağından olan ravvin" mifini yox edir və bütün ezoterik iddiaları təkzib edir. Onun versiyasına görə, heç bir öncəgörmə olmayıb, yalnız əl cəldliyi və lovğalıq olub.
Öncəgörənlər mövcuddur. Skeptiklərin bundan xoşlanıb-xoşlanmamasından asılı olmayaraq, onlar həmişə olublar, varlar və zaman insanla gələcək mənzərəsi arasında məsafə saxladığı müddətdə də olacaqlar. Messinqin özünün dediyi kimi: "İnsan aldadılmaq istəyir".
İnsanın ona deyilən xəbərdarlığa inanıb-inanmaması isə həmin xəbərdarlığın nə qədər məharətlə təqdim edilməsindən asılıdır. Gözlənilməzlik effekti də burada çox güclüdür. Bu, qaraçılarla münasibətə bənzəyir: heç kim onları çağırmır və gözləmir, onlar sadəcə, münasib anda ortaya çıxmağı bacarırlar.
Gözlənilmədən peyda olan görücü skeptik müdafiədən bir addım öndə olur. Yeri gəlmişkən, qəfil verilən bir öncəgörmə qarşısında ən qatı ateistlər belə titrəyir. Halbuki onlar nə cinlərə, nə marslılara, nə də diş pərisinə inanır. Bəs sən inanırsan? Hər kəs bu suala öz mənəvi inkişaf səviyyəsinə uyğun cavab verir. Üstəlik, insan tamamilə əks səbəblərə görə də inanmaya bilər. Ateist dünyagörüşünə görə inanmadığı kimi, sırf dini baxışlara görə də inanmaqdan imtina edə bilər.
Sovet ölkəsində mistik, sehrli, ezoterik və ya azacıq dini məzmun daşıyan mövzuların qadağan olunduğu halda, açıq şəkildə fəaliyyət göstərən qatı ezoterikin mövcudluğunu təsəvvür etmək belə çətin idi. Lakin Messinq vardı. Balacaboy, yəhudi əsilli bir qoca. Arı kimi balaca gözləri, Eynşteynə bənzəyən dağınıq saçları və dəhşətli aksenti vardı. Onu min dəfə peyğəmbər, görücü, telepat adlandırsalar da, rəsmi olaraq fокusçu, illüziya ustası və prestidijitator hesab edirdilər. O, lap Musanın özü olsaydı belə, SSRİ zamanı özünü filarmoniya artisti kimi təqdim etməyə məcbur idi.Kənd klublarını gəzərək hipnoz, psixoloji təcrübələr və guya elmi xarakter daşıyan nömrələrlə çıxışlar edirdi. Bir sözlə, bütün həyatı boyu elə bir zehni qarışıqlıq yaratmışdı ki, buna hamı, hətta dövlətin ən yüksək vəzifəli şəxsləri belə inanırdı. Ən yüksək vəzifəlilər, bir qayda olaraq, bu möcüzə ilə görüşə növbəsiz və xüsusi girişdən keçirdilər.
"Biri vardı, biri yoxdu..."
Quldurlar və tiranlar mövhumat qarşısında dəhşətə gəlirlər. Bunun sadə izahı var. Başqalarının yaşayıb-yaşamamasına qərar vermək hüququnu öz üzərinə götürən insan özü üçün də təhlükəsizlik təmin etmək istəyir. Çünki təhlükəni hər yerdə görür.
Fəlakəti əvvəlcədən xəbər verə bilən insanlara qarşı qarşısıalınmaz rəğbət duyur, onlarla tanış olmaq, möhkəm dostlaşmaq və hər səhər günün ulduz falını almaq istəyirlər. Buna görə də özünə hörmət edən hər tiranın yanında mütləq şəxsi peyğəmbəri, heç olmasa, rəsmi şamanı olur. Hitler ezoterikanı çox sevirdi. Məlum məsələdir ki, o, bu sahədə araşdırmalar aparılmasını təşviq edir, kütlələri idarə etməyin mexanizmini tapmaq ümidi ilə müxtəlif sehrbazları, görücüləri, hipnozçuları və okkultistləri ətrafına toplayırdı. O, kütləvi hipnozun sirrini açmaq istəyirdi ki, müharibə aparmaq üçün heç yerə getmədən, hamını uzaqdan sehrləyərək hipnotik sözün gücü ilə özünə tabe etmək arzusunda idi. Psixotron silah axtarışında idi, amma tapa bilmir. Bununla belə, müəyyən uğurlar əldə etdiyi də danılmazdır. Adolfun çıxışlarının çox insana maqnit kimi təsir etdiyinə dair birbaşa sübutlar var. Yoxsa dünənə qədər kolbasa-çörək yeyib öz işi ilə məşğul olan adi insanlar niyə birdən-birə dünyaya hökmranlıq etmək uğrunda mübarizəyə atılsınlar ki?
1930-cu illərin əvvəllərində Adolf Hitlerin, demək olar ki, rəsmi öncəgörücüsü vardı. O, yəhudi Erik Hanussen idi. Hitler öz astroloqunun milli kimliyindən xəbərdar idi, amma görünür, şəxsi təhlükəsizliyi qorumaq arzusu onun irqi qərəzlərindən daha güclü idi. Hanussen görücü kimi tanınırdı, halbuki bundan əvvəl sirkdə atçapma və kəndir üzərində gəzinti ilə məşğul olurdu. O, öncəgörmələr edirdi, Hitler isə onu dinləyirdi. Hanussenin aqibəti faciəli oldu. O, meşədə başının arxasından açılan güllə ilə öldürülür.
Volf Messinq isə Hanussenin yerini tutmaq, tiranın "ulduz falçısı" olmaq niyyətində deyildi. O, sehrbazlığını nümayiş etdirən heç bir atribut daşımırdı: nə əmmamə, nə mantiya, nə də adi bir büllur kürə. Buna baxmayaraq, XX əsrin ən uğurlu öncəgörənlərindən biri hesab olunurdu. Məhz buna görə də Varşavada çıxışlarından biri zamanı Almaniyanın Şərqdəki hərbi fəaliyyətinin necə nəticələnəcəyini tamaşaçılara söylədiyi barədə xəbər Adolf Hitlerə çatanda o, dərhal təşvişə düşdü. Messinqin tutulub müvafiq yerə gətirilməsini əmrini verir. Nasistlər görücünü axtarmağa başladı. Nəhayət, onu tutanda isə adi məhbuslarda olmayan qabiliyyətlərə malik olduğunu nəzərə almamışdılar. Adolf ona boş yerə inanmamışdı. Məhz Messinq ona insanlara necə təsir göstərməyi öyrədə bilərdi. O, həqiqətən nəyisə bacarırdı və həbsxanadan qaçıb qurtuldu.
Messinq bu qaçışı belə təsvir edirdi:
"...Sən Volf Messinqsən! Fürerin ölümünü əvvəlcədən xəbər verən sənsən..." - məni saxlayan patrul əməkdaşı belə dedi. O, sol əli ilə saçlarımdan tutmağa davam edərək bir addım geri çəkildi. Sonra sağ əlini qəfil yelləyib çənəmə elə güclü zərbə vurdu ki, altı dişim qanla birlikdə ağzımdan çıxdı. Bu, işgəncə verməyi yaxşı bacaran bir adamın zərbəsi idi. Polis bölməsinin cəza kamerasında oturarkən anladım: ya elə indi qaçacağam, ya da öləcəyəm. Bütün gücümü toplayıb həmin vaxt bölmədə olan polisləri, rəisdən tutmuş çıxışda növbə çəkənədək kamerama gəlməyə məcbur etdim. Onlar mənim iradəmə tabe olaraq kameraya toplaşanda, mən tamamilə hərəkətsiz, sanki ölü kimi uzandığım yerdən cəld qalxıb dəhlizə çıxdım. Onlar özlərinə gələnə qədər dəmir örtüklü qapının sürgüsünü çəkdim.Qəfəs möhkəm idi. Quşlar belə kənardan kömək olmadan oradan uça bilməzdi".
Bu necə ustalıqdır? Hipnozdan ayılan faşist əlaltıları özlərinin necə olub ki çöldən kilidlənmiş otaqda qaldıqlarını uzun müddət anlaya bilmədilər. Sehrbazın izinə düşmək üçün artıq gec idi. O, onların əlindən çoxdan birdəfəlik qaçmışdı.
İndi Messinqə çatmaq üçün SSRİ-yə hücum etmək lazım gəlirdi. Həm də məhz onun əvvəlcədən proqnoz verdiyi gündə. Əslində, Messinq Hitlerin aqibətini əvvəlcədən söyləmək qərarına gələndə Volf Qriqoryeviç artıq uşaqlıq və gənclik illərindəki aclıq və məhrumiyyətlərlə müqayisədə kifayət qədər yaxşı yaşayırdı. Əgər o, Hitlerin Şərqdə məğlub olacağını dilə gətirməsəydi, bəlkə də heç vaxt SSRİ-yə gəlməzdi. Çünki bunun üçün səbəb yox idi. Çox güman ki, bütün Qura-Kalvariya əhalisi ilə birlikdə Treblinkaya və ya Maydanekə düşərdi.
Polşanı tərk etməklə Messinq öz həyatını xilas etdi. Hitlerə şəxsi düşmən kimi yanaşmayan, sadəcə, kütləvi yəhudi qırğınları başlamazdan əvvəl ölkəni dəyişməyə macal tapan bir çox insan kimi.
Messinq 1939-cu ildə SSRİ-yə gəlir. Ümumiyyətlə, onun həyatı tez-tez bir sahildən digərinə keçməklə yadda qalmışdı. O, o dövrdə Rusiya imperiyasının tərkibində olan Polşada doğulmuş, sonra Almaniyada, Avstriyada, hətta Belarusda yaşamış biri olaraq ömrünü Moskvada başa vurur və Vostryakov qəbiristanlığında dəfn edilir.
Rəsmi versiyalara görə, Moskvanın ən amansız repressiyalar dövründə yaşamasına baxmayaraq, o, hətta həbsxana üzü belə görmədi. Avtobioqrafiyasında Stalinlə tanışlığı haqqında belə bir hekayəsi var. Guya Messinq Kremlin mühafizəsini aldadaraq sənədsiz şəkildə dəhlizlərdən keçə bilmiş, mühafizəçilər isə onu Beriya ilə səhv salmışdı. Buradan belə bir inanc yaranmışdı ki, Messinq istəsə, istənilən insana, hətta heyvana çevrilə bilər. Stalin bu hadisədən o qədər təsirlənmişdi ki, Beriyanın ona təklif etdiyi kimi, Messinqi Lubyankada öldürmək fikrindən birdəfəlik daşınmışdı.
"Əgər sizinlə mənim bilmədiyimiz şeyləri bacaran hər kəsi güllələməyə başlasaq, burada tezliklə ikimizdən başqa heç kim qalmaz, Lavrenti", - deyə Stalin söyləmişdi.
Ən məşhur görücünün həyatında bu qədər möcüzə baş versə də, o, sanki xüsusi xidmət orqanlarının diqqətindən kənarda qala bilmişdi. Bunu necə bacarmışdı?
Bütün bioqrafik mənbələrdə məxfi "iş №"nin yeddi qıfıl arxasında saxlanıldığı bildirilsə də, jurnalistlərin Lubyankaya göndərdiyi rəsmi sorğulara belə bir işin ümumiyyətlə mövcud olmadığı cavabı verilirdi. Möcüzə deyilmi?
Biz qəribəyik, amma bizdən də qəribələri var
Messinqin atasının adı Qriqori deyil, əslində, Xaim idi. O, SSRİ-də yaşayarkən ruslaşmış və Volf Qriqoryeviç adını almışdı. Əslində isə Volf Xaimoviç idi. Messinqin uşaqlığı Varşava yaxınlığındakı Qura-Kalvariya adlı kiçik şəhərcikdə keçmişdi. Bu fakt onun hər iki bioqrafiyasında təsdiqlənir.
Vasilyevin yazdığına görə, Messinq dörd yaşında yuxuda gəzməkdən əziyyət çəkirdi və onu quyu suyu ilə müalicə edirdilər. Bu, kənd camaatının sadə üsulu idi: gecə uşağın çarpayısının yanına su dolu ləyən qoyurdular ki, yuxuda ayağa qalxanda yalın ayaqları suya dəysin və oyanıb ayılsın. Volek hələ körpəlikdən paranormal qabiliyyətlər nümayiş etdirməyə başlamışdı. Yazılanlara görə, o, yanğınlar, məhsul qıtlığı, mal-qaranın tələf olması kimi gündəlik bədbəxtlikləri qabaqcadan xəbər verirdi.
Bir dəfə öz ailələrinin inəyinin öləcəyini söyləmişdi. Ertəsi gün heyvan tələf oldu. Atası isə səbəblə nəticəni qarışdıraraq oğlunu yaxşıca döyür. "Ayaqyalın Xaim" ləqəbi ilə tanınan atası sərt xasiyyətli, içki düşkünü və uşaqlarını bərk döyən biri idi. Ailə yoxsulluq içində yaşayırdı. Atasının ləqəbi belə onların maddi vəziyyətindən xəbər verirdi. Ailədə dörd uşaq vardı. Volfun anası Sara isə o, on üç yaşında olarkən vəfat etmişdi.
Yeri gəlmişkən, ənənəyə görə, həmin yaşda oğlan artıq yetkin sayılırdı və evlənə də bilərdi. Buna görə də uşağın öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək istəməsində qəribə heç nə yox idi. O, qatara minib Berlinə yola düşdü.
İqnatsi Şenfeld isə Messinqin mənşəyi məsələsinə başqa cür yanaşırdı. Onun fikrincə, Messinqin məhz Qura-Kalvariya adlı yaşayış məntəqəsindən çıxması çox şeyi izah edir. Qura-Kalvariya xasidizmin mənəvi mərkəzlərindən biri idi. Burada mistik, hətta sehrli əhəmiyyətə malik bir şəxs "maqid", yəni bir növ dini vaiz və möcüzə göstərən insan yaşayırdı. Şenfeld hesab edirdi ki, Messinq bu vəziyyətdən məharətlə istifadə edərək, özünü həmin maqidlə əlaqəli biri kimi göstərmişdi. Çünki fəaliyyətə başladığı ərazidə insanlar bu dini ənənələrdən yaxşı xəbərdar idilər.
Şenfeld yazır ki, hələ müharibədən əvvəl Varşava qəzetlərində belə bir elan dərc olunur:
"Qura-Kalvariyadan olan ravvin Volf Messinq, alim-kabbalist və görücü keçmişi açır, gələcəyi proqnozlaşdırır, insanın xarakterini müəyyən edir!" Ardınca xırda şriftlə qeyd olunurdu ki, bu kabbalistik sirlərin açarını əldə etmək üçün göstərilən ünvana pasport məlumatlarını göndərmək və məktuba iki zlotı əlavə etmək kifayətdir.
Messinqin uşaqlıq və yeniyetməlik illərini müşayiət edən möcüzələr isə onun özü haqqında danışdıqları nə qədər səmimi səslənirdisə, bir o qədər təsirli görünürdü.
Berlinə gedən qatarda baş vermiş bilet əhvalatı onun qabiliyyətlərinin ilk təzahürü kimi məşhurdur. On üç yaşlı Volfun bileti yox idi. O, yerdən götürdüyü qəzet parçasını nəzarətçiyə göstərmişdi. Guya təbii telepat olan uşaq nəzarətçidən qorxaraq, özü də necə etdiyini anlamadan, ona əlindəki kağızın bilet olduğuna inandırmışdı. Bu, əlbəttə, mistik bir hekayədir, amma o qədər də heyrətamiz deyil. Görəsən, həyatda belə vəziyyətlə qarşılaşmayan bir gənc varmı? Yəqin ki, yalnız heç vaxt biletsiz qatara minməyən və diqqətsiz, yaxud sadəcə, uşaqlarına görə mərhəmətli olan nəzarətçi ilə rastlaşmayan biri.
Berlində işlərini yoluna qoyan oğlan kuryer işləməyə başladı. Lakin bütün günü qaça-qovla, o qədər az yemək yeyirdi ki, bir gün aclıqdan küçənin ortasında huşunu itirib yıxılmışdı. Vəziyyəti o qədər ağır idi ki, yarım saat ərzində, hətta daha uzun müddət keçsə də, onu özünə gətirə bilmədilər. Onun hərəkətsiz bədəni morqa aparılır və artıq yarılmağa hazırlanırdı. Elə bu vaxt diqqətli bir təcrübəçi "meyitin" üzərində qeyri-adi həyat əlamətləri görür.
Dəhşətli dərəcədə üşümüş, oğlan dərhal morqdan müalicə palatasına köçürüldü və həmin vaxt psixologiya, fiziologiya və psixofiziologiya ilə məşğul olan, qəribə ölüm hallarına maraq göstərən doktor Abelin nəzarətinə verildi.
Abel öz qarşısında adi olmayan bir hadisə görmüşdü: letargik vəziyyətə düşmüş bir insan. O, "meyiti" həyata qaytardıqdan sonra bütün tibbi həvəsini bu işə yönəltdi və öz nəzəriyyələrini diqqətlə yoxlamağa başladı.
Özünə gələn Volf doktora yalvarmağa başladı:
"Təkcə məni uşaq evinə verməyin!"
"Amma mən belə bir şey deməmişəm!" - deyə Abel cavab verdi.
"Amma siz məhz bunu düşünürdünüz", - deyə yenicə dirilmiş uşaq cavab verdi.
Bu sözlər doktoru heyrətə saldı. Çünki o, həqiqətən də əlinə düşmüş yarıcan xəstənin gələcək taleyi haqda düşünürdü.
Volf ilk dəfə "medium" sözünü Abel həkimdən eşidir. Abel ona belə demişdi:
"Siz qeyri-adi mediumsunuz..."
Abel psixoloji təcrübələr aparmağa başladı və tanışlarını, o cümlədən psixiatriya professorunu və onun həyat yoldaşını assistent kimi dəvət etdi. Onlar Volfla birlikdə müxtəlif sınaqlar keçirirdi. Məsələn, ona fikirləri ilə əmrlər verir, sikkələri sobada gizlədir və onun bunları asanlıqla tapdığını şahidi olurdu. Bununla, təcrübəçilər çox şeyə nail oldular. Abel Messinqə iradəsini "Mən Volf Messinqəm" mantrası üzərində cəmləməyi öyrətdi. Volf sonralar bütün həyatı boyu bu ifadəni sehrli söz kimi təkrarlayacaqdı.
Məşq etmək üçün bazara gedirdi.
"Mən piştaxtaların yanından keçərək, sanki radionun düyməsini çevirib yeni stansiyalar axtarırmış kimi, alman kəndlilərinin sadə və tələsmədən düşündükləri fikirləri dinləyirdim. Evdə qoyub gəldikləri təsərrüfat, uğursuz ailə həyatı quran qızlarının taleyi, qiymətlərin inadla artmaması haqqında düşüncələr... Amma mən yalnız bu fikirləri "eşitmək" deyil, qavrayışımın nə qədər doğru olduğunu da yoxlamaq istəyirdim. Şübhələndiyim hallarda piştaxtaya yaxınlaşır və insanın gözlərinin içinə baxaraq inandırıcı səslə deyirdim: "Narahat olma... Qızın inəkləri sağmağı, donuzlara yem verməyi unutmayacaq...""
Yeri gəlmişkən, məhz Abel bu oğlanı sirkə satmışdı. Həm də psixiatr ola-ola! Digər tərəfdən, o, bu təcrübə mediumunu ömrünün sonuna qədər saxlaya bilməzdi. Onun gələcəyini də düşünmək lazım idi. Beləcə, Avropada ən orijinal sirk karyeralarından biri yaranmış oldu. Sirkdə Messinq ilk növbədə tabutda uzanmağa başladı. O, artıq bir neçə gün morqda qaldığı üçün buna yad deyildi. Öz istəyi ilə katalepsiya vəziyyətinə düşməyi öyrəndi: bədəni soyuyur, nəfəsi dayanır, temperaturu aşağı düşür və o, bir neçə gün yemək yemədən, çılpaq və hərəkətsiz uzanırdı. "Canlı meyit"i görmək üçün gələn tamaşaçılara hətta onun bədəninə toxunmağa icazə verilirdi.
Yeri gəlmişkən, Messinqin həyatını tənqidi şəkildə araşdıran müasir mütəxəssislər onun heç bir sağlamlıq zərəri görmədən üç gün tabutda uzanmasının mümkünlüyünə inanmayıblar.
O, qısa müddətdə truppanın hər bir üzvünün bacardığı işləri öyrəndi. Faydalı olmaq üçün əlindən gələni edir, atlara qulluq etməyi, onları qoşquya qoşmağı və digər heyvanlara baxmağı bacarırdı.Beləcə, yəhudi uşağının macəra axtaran birinə çevrilməsi başa çatdı. Tədricən səhnəyə də alışdı. Əlləri üstündə yeriməyi, təkər vurmağı, turnikdə fırlanmağı, salto etməyi öyrəndi. Arıq bədən quruluşunu nəzərə alsaq, bunları bacarmaq o qədər də asan deyildi.
Daha sonra o deyirdi: "Bir bacarıqlı sahibkar məni şüşə tabutda nümayiş etdirmək qərarına gəldi. Tamaşaçılara qırx gündür ac qaldığımı və yalnız qazlı su içdiyimi deyirdi. Bu rol mənə çox uyğun gəlirdi. Xüsusi arıqlamağa ehtiyac yox idi. Hərəkətsiz uzanır, mürgüləyirdim. Əmmamənin altından uzun burnum, çökmüş yanaqlarım görünürdü. Bu ac adam nömrəsi iki il ərzində məni yaxşı dolandırdı. Nəhayət, kökəldim və axmaqlıq etməyi dayandırmalı oldum".
"Ayaqyalın Xaim" in oğlundan alim-kabbalist Messinqə çevrilmək birdən-birə baş vermədi. Volf telepatik nömrələrə maraq göstərməyə başladı və işəgötürənindən telepatiyanın fəndlərini öyrətməsini xahiş etdi. Nəhayət, təsadüf onu Zalesski adlı bir adamla qarşılaşdırdı. Bu, özü də çox güclü olmayan telepat idi, üstəlik, içki düşkünü idi və bəzən sərxoşluqdan özünü itirirdi.
Messinq xatırlayırdı:
"O, uzun müddət tərəddüd etdi, amma axırda məni şagird kimi götürdü. Şərti bu idi ki, mənə nəinki pul verməyəcək, hətta dərs haqqı da alacaqdı. Cüzi yığımımın demək olar ki, hamısını ona verdim və yenidən şüşə tabutdakı fəqir kimi ac yaşamağa başladım". Ancaq qoca sərxoş Volfun telepatiya sənətini öyrənməsinə elə də kömək etmədi. Buna görə də o, biliyi özü axtarmağa başladı. Kitab dükanlarını gəzib telepatik təcrübələr haqqında kitablar tapırdı. Volf dili yaxşı bilmədiyindən, yad terminləri anlamaqda çətinlik çəkirdi. Mətnlər ona Çin yazısı kimi görünürdü. Buna baxmayaraq, kitablardan qoca telepatın öyrətdiyindən daha çox şey əldə etdi.
Bir müddət sonra Zalesskiyə kömək edə biləcək səviyyəyə çatdı. Bu, belə görünürdü:
"O, səhnədə gözləri möhkəm bağlanmış vəziyyətdə dayanırdı. Tamaşaçılardan hər kəs sarğının qeyri-şəffaf olduğuna və başını tam əhatə etdiyinə əmin ola bilərdi. Üstəlik, o, zalın qarşısında arxasını tamaşaçılara çevirirdi. Mən isə bu vaxt sıralar arasında gəzişirdim. Tamaşaçılardan birinə yaxınlaşıb hansısa əşyasını mənə verməsini xahiş edirdim. Belə şəraitdə insanın cibində nə ola bilərdi ki? Ən çox saat verirdilər. Əşyanı tamaşaçılara göstərdikdən sonra guya telepatik siqnal göndərirmiş kimi ustaya sual verirdim:
- Sağ əlimdə nə var?
Usta elektrik cərəyanı vurmuş kimi qıvrılır, sonra boğuq səslə cavab verirdi:
- Sa-at...
Alqışlar kəsiləndən sonra soruşurdum:
- Bəs sol əlimdə nə var?
Bu, eynək demək idi.
- İndi sol əlimdə nə var?
Bu dəfə daraq nəzərdə tutulurdu.
İnsanların üzərində gəzdirdikləri bütün əşyalar üçün ətraflı işarələr sistemi vardı. Sadəcə, uşaqlardan ehtiyatlı olmaq lazım idi. Mən də həmişə onlardan qorxurdum. Axı uşağın cibindən giliz, balıqqulağı və ya diri sərçə də çıxa bilərdi..."
Vasilyevin kitabında isə bütün sirk görücülərinin istifadə etdiyi üsul ətraflı izah olunur. Onun sözlərinə görə, Messinq hər şeyi açıq şəkildə edirdi və gizlətmirdi ki, gizlədilmiş əşyaları tapmaq üçün assistent telepata yalnız ikisinin başa düşdüyü kodla cavabı çatdırırdı. Bu kod üç qəpik qədər sadə idi. Beləliklə, həm Vasilyevin, həm də Şenfeldin versiyalarında Messinq oxucuya sirk fəndlərinin bütün çeşidindən məharətlə istifadə etməyi öyrəndiyini çatdırır. Bu fəndlər peşəkara telepatiya nümayiş etdirməklə pul qazanmağa imkan verirdi. Bütün bunlardan sonra da Messinqin öz sirrinin pərdəsini bir qədər aralamaq istədiyini görməyən yalnız ən inadkar adam ola bilər.
Müharibədən əvvəlki həyat
Messinqin müharibədən əvvəl Avropada necə yaşadığını onun Vasilyevə danışdığı hekayələrdən öyrənmək mümkündür. Həmin illərdə o, polisə və ayrı-ayrı şəxslərə müxtəlif istintaq sirlərini açmaqda kömək edirdi. Üstəlik, bunu təmənnasız edirdi! Şenfeldə belə şeylər danışmırdı. Görünür, onun kimi skeptiki bu cür hekayələrlə təsirləndirmək mümkün olmadığını başa düşürdü. Polşanın məşhur Çartoryski qraflarının qədim ailə qəsrində baş verən hadisə onun insanlara təmənnasız köməyinə gözəl nümunədir. Messinq danışırdı:
" Bu, Polşanın çox zəngin və tanınmış ailəsi idi. Onlara nəhəng torpaq sahələri məxsus idi, sərvətləri hədsiz böyük idi. Qrafın özü də ölkədə çox nüfuzlu adam idi. Bir gün ailənin nəsildən-nəslə ötürülən qədim bir sərvəti, brilyant broşu yoxa çıxdı. Onu görən zərgərlərin fikrincə, broşun dəyəri ən azı 800 min zlotı idi. Bu, həqiqətən də böyük məbləğ sayılırdı.Bütün axtarış cəhdləri nəticəsiz qaldı".
Messinq brilyantın sirrini açdı. Oğru isə on bir yaşlarında, əqli inkişafdan geri olan bir uşaq idi. O, ailənin son dərəcə dürüst xidmətçisinin oğlu idi. Messinq uşağı cəlb etmək üçün onun gözünün qabağına parlaq qızıl saat qoydu. Uşaq saatla oynadıqdan sonra böyüklərin gözü qarşısında onu otaqdakı ayı müqəvvasının ağzına saldı. Məlum oldu ki, müqəvva çoxdan yoxa çıxmış başqa əşyaların da gizlədildiyi yer imiş. Uşaq əşyaları mütəmadi olaraq oraya qoyurmuş.
Messinq deyirdi:
"Müqaviləyə əsasən, qraf tapılmış sərvətin dəyərinin 25 faizini mənə ödəməli idi. Bu, təxminən 250 min zlotı edirdi. Çünki bədbəxt "ayı"nın içindən çıxan əşyaların ümumi dəyəri bir milyon zlotıdan çox idi. Mən bu məbləğdən imtina etdim. Əvəzində qrafdan xahiş etdim ki, parlamentdəki nüfuzundan istifadə edərək Polşa hökumətinin az öncə qəbul etdiyi və yəhudilərin hüquqlarını məhdudlaşdıran qərarın ləğvinə nail olsun".
Bu hekayə o qədər maraqlı yazılıb ki, təsvir olunan hadisənin əslində görücülüklə heç bir əlaqəsinin olmadığını dərhal anlamırsan. Burada söhbət sadəcə həyat təcrübəsindən və "özəl detektiv"in fərasətindən gedir. İqnatsi Şenfeldin fikrincə, Messinqin bu məlum təmənnasızlığı nəzərə alınaraq sovet hakimiyyəti ondan qazandığı pulun bir hissəsini Qırmızı Ordu üçün faydalı bir şey almağa sərf etməsini istəmişdi.
Messinq razılaşmışdı, lakin ordu üçün ayaq sarğıları almağa ayırmaq istədiyi məbləğ NKVD nümayəndələrini qane etməmişdi. Onların fikrincə, onun təmənnasızlığı daha böyük miqyasda olmalı idi. Sənətkarı şəxsi söhbətə dəvət edirlər. Beləcə, Messinq şalvar kəməri olmadan, dişlərindən məhrum edilmiş və yaşamaq ümidini itirmiş halda Daşkənd həbsxanasına düşür.
Kolleksiyonerlərin fəxrlə danışdığı bir sənədli film də var. Bu, sağlığında çəkilmiş Messinqin yeganə görüntüsüdür. Müharibə zamanı döyüşçülərin və arxa cəbhədə çalışanların ruhunu yüksəltmək üçün nümayiş etdirilən kinoxronikadır.
Üç dəqiqəlik süjet belə adlanırdı:
"Professor Messinq Qırmızı Orduya "Volf Messinq" adlı fərdi qırıcı təyyarə hədiyyə edir. Təyyarənin adı belə faşistlərin canına qorxu salır". Buradan belə nəticə çıxarmaq olar ki, NKVD ustadın daha xırda işlərlə kifayətlənməməsinə nail olmuşdu. Şenfeldin danışdığına görə, Messinq Daşkənd həbsxanasından qısa müddət sonra yoxa çıxmışdı. Onu bir daha orada görən olmamışdı. Şenfeldin özü isə azadlığa daha gec qovuşmuş, xatirələrini yalnız təxminən qırx il sonra yazmışdı.
Messinq haqqında həqiqət varmı?
Volf Xaimoviçin sovet ölkəsində əslində necə yaşadığını onun özü haqqında yazılmış avtobioqrafiyadan başqa heç bir mənbə ilə dəqiq öyrənmək mümkün deyil. Üstəlik, həmin kitabı da özü yazmamışdı. Ondan heç kim heç vaxt səmimi etiraflar eşitməmişdi. O, müsahibələr vermirdi, təyyarə ilə bağlı yeganə istisnadan başqa kinoxronikada çəkilməmişdi və özünün təşkil etdiyi təcrübələrdən başqa heç bir psixoloji sınaqda iştirak etməmişdi. Buna əsaslanaraq belə düşünmək olar ki, Messinqin qeyri-adi, az qala şeytani bir varlıq kimi şöhrət qazanması onun bioqrafiyasının müəllifinin xidmətidir. Əgər Vasilyev olmasaydı, Messinq çoxdan unudulardı.
Lakin bir artist kimi onun misilsiz olduğunu demək az deyilmi? Bu gün də onun çıxışlarını görmüş, ruhən sarsılmış, valeh olmuş və heyran qalmış şahidlər var. Axı onun konsertlərinə minlərlə insan toplaşırdı.
Xruşşovun qadağası
Xruşşovun hakimiyyətə gəlməsi Volf Qriqoryeviç üçün böyük problemə çevrildi. Xruşşov görücünü sevmirdi. Görünür, dini və ezoterik hadisələr arasında böyük fərq görmürdü. O, keşişləri, telepatları və hipnozçuları eyni qrupa daxil edirdi.
Dövlət Konsertində kifayət qədər uğurlu fəaliyyət göstərən Messinqi Xruşşov qadağan etdi. Mövcud versiyaya görə, o, bununla Stalinə görə Messinqdən qisas almışdı. Stalin, əlbəttə, Messinqin taleyində mühüm rol oynamışdı. O, sanki nağıllardakı racalar kimi, Messinqin həyatını bağışlamışdı. Amma öləndən sonra da ona bəzi canlı insanlardan daha çox zərər vurmağa davam etmişdi. Tiran sağlığında sənətkarın taleyi ilə o qədər də maraqlanmırdı. Əgər Messinqin özünü Beriya kimi göstərməsi ilə bağlı hadisənin ümumiyyətlə baş vermədiyini qəbul etsək, belə çıxır ki, Stalin onu elə də maraqlandırmırmış. Ölümündən sonra isə bioqraflar və jurnalistlər onları bir-birinə yaxınlaşdırmağa çalışaraq Messinqi "Stalinin şəxsi görücüsü" kimi təqdim etdilər. Amma bu versiya geniş yayılmadı. Çünki Kremlin sənədlərində Messinqin orada heç olmasa bir dəfə olması barədə heç bir qeyd yox idi.
Bəlkə də bunu mistik olanı daha da mistik bir şeylə izah etmək olar: Messinq ümumiyyətlə heç yerdə qeydə alınmırdı. Ömrü boyu kitabxanalardan istifadə edən bir insan kimi kitabxana arxivlərində görünmürdü. Dövlət Konsertinin mühasibatlığından keçəndə iz qoymurdu. Hətta metroda turniket də ondan pul almırdı. Yalnız bir Xruşşov onu görcək "dişləmişdi". O, Messinqin şöhrətindən istifadə etmək, onu öz ruhuna zidd danışmağa məcbur etmək istəyirdi. Dövlət başçısı kimi o, Volf Qriqoryeviçdən "Pravda" qəzetinə müsahibə verərək Stalinin ruhu ilə ünsiyyətdə olduğunu və mərhum rəhbərin onun vasitəsilə xalqa bir mesaj çatdırmaq istədiyini söyləməyi tələb etmişdi. Guya Stalin yalvararaq bildirmişdi ki, onun cəsədini Lenin mavzoleyindən çıxarıb başqa yerdə dəfn etməyin vaxtıdır. Messinq buna qəti şəkildə imtina etdi. Xruşşov ümumiyyətlə incəsənət nümayəndələrinə, xüsusilə də belə qəribə janrın sənətkarlarına qarşı son dərəcə dözümsüz idi. O, Messinqə Moskvadan getməyi əmr etdi. Həm sözün birbaşa, həm də məcazi mənasında. Bundan sonra Volf Qriqoryeviç keçmiş peyğəmbər kimi acınacaqlı həyat sürməyə məcbur oldu. Kənd klublarında, sanki papaqdan dovşan çıxaran və çimərlik geyimində qadınları mişarlayan adi illüziya ustası kimi çıxış edirdi. Volf Messinqin əslində kim olduğu yalnız ölümündən sonra məlum oldu. Peyğəmbər! Stalinin şəxsi görücüsü! Bütün bunlar yalnız sonradan, jurnalistlərin araşdırmaları nəticəsində üzə çıxdı. Onun Böyük Vətən müharibəsinin başlanma və bitmə tarixlərini əvvəlcədən xəbər verməsi barədə məlumatlar sağlığında açıqlanmamışdı. Səbəbi aydındır: həmin hadisələr heç yerdə sənədləşdirilməmişdi.
Bəs o, həqiqətən fikirləri oxuyurdu?
Əlbəttə, oxuyurdu, amma tamaşaçıların təsəvvür etdiyi şəkildə yox. Messinq bunu belə izah edirdi:
"Bu, fikirləri oxumaq deyil, belə demək mümkündürsə, "əzələləri oxumaqdır". İnsan nəyisə gərgin şəkildə düşündükdə beyin hüceyrələri impulsları bədənin bütün əzələlərinə ötürür. Adi gözlə görünməyən bu hərəkətləri mən asanlıqla hiss edirəm. Mən tez-tez tapşırıqları fikirlə, induktorla birbaşa təmas olmadan da yerinə yetirirəm. Belə hallarda mənə onun nəfəsalma tezliyi, nəbzi, səsinin tembri, yerişi və sair göstəricilər istiqamət verə bilər".
Messinq 1974-cü ildə vəfat edir. Deyilənə görə, ölümünü də əvvəlcədən proqnozlaşdırmışdı. Məlumdur ki, xəstəxanaya əməliyyata getmək üçün mənzilindən çıxarkən qapının ağzında bir qədər tərəddüd etmiş və təxminən belə demişdi:
"Bura bir daha qayıtmayacaqsan, Volf".
Həkimlər onu qarşıda gözləyən əməliyyatın təhlükəsiz və zərərsiz olduğuna inandırırdı. Lakin nəticə başqa cür oldu. Messinq heç vaxt çörəkpulu qazanmaq üçün lazım olandan artıq şöhrət arzulamamışdı. Sadə yaşayır, kiçik mənzildə qalır, dəbdəbəli ziyafətlər təşkil etmir və ömrünün son illərində ağır xəstəliklərdən əziyyət çəkirdi. Əfsanəyə görə, ölümündən sonra əmanət hesabında düz bir milyon sovet rublu aşkar edilmişdi. Sonradan həmin pulun hara yoxa çıxdığı bilinmədi, çünki Messinqin varisləri yox idi. Mütəxəssislərə "Messinqin brilyantı" kimi tanış olan üzüyü də yoxa çıxmışdı. Ümumiyyətlə, azsaylı dostlarının şahidliyinə görə, onun mənzilindən Volf Messinqin XX əsrdə Moskvada yaşadığını təsdiqləyə biləcək bütün sənədlər, arxivlər, qeydlər və gündəliklər yox olmuşdu.
Amma bir sual qalır: onun həqiqətən gündəlikləri var idimi? Əgər vardısa, onları hansı dildə yazırdı? Axı o, yalnız idiş dilində çətinlik çəkmədən danışırdı. Şübhəli məqamlar o qədərdi ki...
Messinq Vostryakov qəbiristanlığında dəfn olunub. Ölümündən 52 il sonra onun məzarı, demək olar ki, unudulub. Yalnız televiziya əməkdaşları bəzən orada ezoterik mövzuda süjetlər çəkir. Həmin vaxt yeni bir okkultist gözlərini bağlayıb məzarın üstündə ayinlər icra edir, ruhu çağırmağa çalışırdı. Amma bütün bunlar həmişə əbəs yerə olurdu. Heç kim onu çağıra bilməmişdi. Niyə də gəlsin ki? Axı Messinq sağlığında da o biri dünya ilə əlaqə saxlamadığını bildirirdi...
Aysel Oğuz
P.S. Bir neçə ay öncə təsadüfən əlimə özünü Stalinin telepatı kimi təqdim edən Messinqin kitabı keçdi. Oxuduqca anladım ki, bu insan olduqca təzadlarla dolu biri olub. Amma təzadlı olmağı ona qarşı marağımı bir az da artırdı. Və bununla Messinq haqda kiçik araşdırma yazısını yazmaq qərarı aldım...