Uzadılan iş günü: müəllim üçün yük, yoxsa inkişaf imkanı?

Müəllimlik hər zaman bir peşədən çox, bir həyat yolu, cəmiyyətin gələcəyinin formalaşdığı ən incə sahə olub. Müəllimlik başqa peşələrdən fərqli olaraq, dəqiq ölçülə bilməyən, məhz təsiri illərlə sonra görünən bir əməyin adıdır. Düşünürəm ki, bu peşənin mahiyyətində insan yetişdirmək, yön vermək dayanır. Son zamanlar müəllimlərin iş vaxtının genişləndirilməsi, məktəbdə daha uzun müddət qalması, dərsdən savayı metodik işlərə və şagirdlərlə fərdi məşğələlərə zaman ayırması yönündə müzakirələr cəmiyyəti iki yerə bölüb. Bəziləri bunu təhsilin dünyada gedən modernləşmə dalğasına uyğun bir addım sayır, digərləri isə müəllimin artıq kifayət qədər yüklənmiş olduğunu düşünür. Bu məsələnin necə qarşılanması, əslində, bizim təhsilə necə baxdığımızla sıx bağlıdır. Çünki məktəb yalnız dərs dediyimiz sxemin işlədiyi texniki bir yer deyil. Məktəb insan xarakterinin, dünyagörüşünün, düşünmə tərzinin formalaşdığı ilk sosial məkandır. Dünyanın bir çox  ölkələrində müəllim dərs saatından daha çox hazırlıq, fərdi iş və məktəbdaxili fəaliyyətlərlə məşğul olur. Yeniliyin bizim reallıqda necə işləyəcəyi başqa bir sualdır. İş saatının artırılması, təbii ki, suallar doğurur. 
Bu modelin tərəfdarları deyirlər ki, müəllim günün yarısını məktəbdə keçirəndə məktəb canlı bir mərkəzə çevrilir: müəllimlər bir-biri ilə daha çox fikir mübadiləsi edir, şagirdlər əlavə dəstək alır, pedaqoji mühit dərinləşir.Qarşı çıxanlar isə başqa bir həqiqəti xatırladırlar ki, müəllim həm də insandır. Onun ailəsi var, sosial həyatı, şəxsi inkişaf ehtiyacı vardır. Uzadılan iş günü nəzəri olaraq inkişafdır, amma praktik olaraq yükün artmasına çevrilərsə, müəllimin yaratdığı enerjini də azalda bilər.

Yeni könüllü modelin müəllimlər və şagirdlər üçün potensial faydaları nələrdir? Dərs yükünün artırılması müəllimlərin iş motivasiyasına necə təsir edə bilər Mövzu ilə bağlı  "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev Olaylar.az-a açıqlama verib:

"Son günlərdə bu mövzunun həm cəmiyyətdə, həm müəllimlər arasında narahatlıq və təlaş yaratması təbiidir. İlk olaraq bu sistemin niyə tətbiq edildiyini açıqlayaq. Burada məqsəd, təbii ki, müəllimlərin maaşının artırılması və eyni zamanda tüğyan edən repetitorluğun qarşısını almaqdır.
Niyə bu sistemə keçmək məcburi olur? Çünki imtahan sistemini dəyişmək mümkün olmur və biz də dəfələrlə həm Dövlət İmtahan Mərkəzinə, həm də Elm və Təhsil Nazirliyinin nümayəndələrinə bunu bildirmişik. Məsələn, 9-cu sinfi bitirən şagirdlər imtahan verirlər, sonra 10-cu sinfə keçəndə şəhadətnamə alırlar, amma yenidən 10-11-ci sinifdə 5-ci sinifdən başlayaraq keçdikləri bütün mövzuları təkrar edirlər. Bu isə deməkdir ki, 5-ci sinifdən 11-ci sinfə qədər bütün dərsliklərdən test suallarını cavablandırmalıdırlar. 5-6 il əvvəl oxuduğu mövzunu təkrar görməyən bir şagirdin imtahanda yaxşı nəticə verməsi, əlbəttə ki, çətindir. Biz təklif etdik ki, 10-11-ci siniflərdə olan tək o mövzular düşsün ki, uşaqlar əlavə repetitor yanına getməyə ehtiyac duymasınlar. Təbii ki, bu mümkün deyil. Ona görə də Elm və Təhsil Nazirliyi bunun qarşısını almaq üçün məhz bu sistemə keçməyə təşəbbüs göstərir. 
Şagirdlər və müəllimlər üçün bu sistemin faydaları belədir: ilk olaraq şagirdlərin əlavə repetitor yanına getməyə o qədər də ehtiyacı qalmayacaq. Öz müəllimləri ilə testləri, əlavə tapşırıqları,  test banklarını işləməklə məktəbin daxilində hazırlaşa biləcəklər. Müəllimlər üçün müsbət və mənfi cəhətlər də var. Maaşın artırılması təbii ki, çox təqdirəlayiqdir. Ancaq uzun müddət formalaşmış sistemə uyğunlaşmaq - yəni axşam saat 5-ə, 6-ya, 4-ə qədər məktəbdə qalmaq o qədər də rahat olmayacaq. Çünki müəllim dövlət qulluqçusu deyil, eyni zamanda müəllimlik elə bir işdir ki, insan bütün günü danışsa, onun həm zehni, həm də fiziki enerjisi tükənər. Müəllimi digər vəzifələrlə yükləmək doğru deyil.
Bu baxımdan cəmiyyət düşünür ki, müəllimin bu qədər enerji sərf etməsi real deyil. 20-30 uşaqla gün ərzində 4-5 saat fasiləsiz çalışma insanı məhv edə bilər. Bu yükün öhdəsindən gəlmək çətin olacaq.  Təhsil keyfiyyətinə gəlincə, əlbəttə ki, yüksəliş olacaq. Eyni zamanda repetitorluq xeyli azalacaq, çünki şagirdlər öz müəllimləri ilə məşğul olacaqlar. Amma yenə də repetitor tam yox olmayacaq. Çünki elə müəllimlər var ki, şagirdlər onların dərs metodunu bəyənmir. Fənni yaxşı bilsə də, metodikası uyğun olmaya bilər. Buna görə də bir qisim şagird başqa müəllimlərə üz tutacaq. Amma ümumi say yenə də nəzərəçarpacaq dərəcədə azalacaq".

Təhsil sistemindəki bu yeniliklərin həm şagirdlər, həm müəllimlər üçün təsirləri aydın olsa da, iqtisadi tərəflərini də nəzərə almaq vacibdir. Bu baxımdan iqtisadçı ekspert Akif Nəsirli Olaylar.az-a açıqlama verib:

"Mən müşahidəçi kimi fikirlərimi deyə bilərəm ki, yeni təqdim olunan müəllim iş modeli həm gəlirlərə, həm də təhsilin keyfiyyətinə təsir edə biləcək bir sıra dəyişikliklər gətirir. Sertifikasiyada yüksək bal toplamış müəllimlərin dərs yükü 18-24 saata endiriləcək, günün qalan hissəsi isə metodik hazırlıq, şagirdlərlə fərdi məşğələlər, valideynlərlə iş və layihələrə sərf olunacaq. Bu modelə qoşulmaq məcburi deyil, lakin qoşulan müəllimlərin daha sabit və tam iş günü əsasında formalaşmış maaş sistemi ilə işləməsi gözlənilir.
Bu dəyişiklik müəllimlərin maaşına müxtəlif cür təsir edə bilər. Əvvəla, "saat yığma" metodu ilə müqayisədə tam iş günü prinsipi maaşın daha stabil olmasını təmin edə bilər. Yüksək sertifikasiya balı olan müəllimlər üçün daha yaxşı iş şərtləri və motivasiyaedici mexanizmlər formalaşır. Bu isə peşəkarlığı artıran bir sistem yarada bilər. Digər tərəfdən, müəllimlərin məktəbdə daha çox vaxt keçirməsi repetitorluq imkanlarını azalda bilər. Bu, bəzi müəllimlərin əlavə gəlirlərinə təsir etsə də, məktəbdaxili fərdi məşğələlər və layihələr gələcəkdə başqa motivasiya formaları yarada bilər. Ümumilikdə, yeni model müəllim maaşlarını artırmaq və iş yükünü nizamlılaşdırmaq üçün hüquqi-maliyyə bazası yaradır.
Yeni iş modelinin təhsilin keyfiyyətinə uzunmüddətli təsirləri də əhəmiyyətlidir. Dərs saatlarının azalması müəllimə metodik hazırlıq, refleksiya, sinif müşahidəsi və peşəkar inkişaf üçün daha çox vaxt ayırmağa imkan verir. Dünyanın inkişaf etmiş təhsil sistemləri də məhz bu yanaşmadan istifadə edir: müəllim yalnız dərs demir, həm də dərsə hazırlaşır, komanda ilə işləyir və şagirdlərlə fərdi məşğələlər aparır. Bu, daha güclü peşəkar icmaların formalaşmasına, şagird-müəllim əlaqələrinin dərinləşməsinə və fərdi ehtiyaclara daha yaxşı cavab verilməsinə səbəb ola bilər. Bu model uğurla tətbiq olunsa, repetitorluğa ehtiyac da zamanla azalacaq, çünki fərdi dəstək elə məktəbdə təmin ediləcək. Amma müəllimin buna müvafiq maaşı olmalıdı. Yəni belə müəllimlər repititordan daha çox qazanmalıdı.
Bununla yanaşı, müəyyən risklər də mövcuddur. Tam iş günü sistemi məktəblərin idarəetmə keyfiyyətindən asılı olacaq. Əgər məktəbdə metodik fəaliyyət üçün real şərait və dəstək mexanizmləri yaradılmasa, müəllimlər əlavə iclaslar, sənədləşmə və başqa öhdəliklər ucbatından tükənmə ilə üzləşə bilər. Həmçinin model könüllü olduğundan, məktəblərdə həm tam iş günü çalışan, həm də saat hesabı ilə işləyən müəllimlərin paralel mövcudluğu "ikili sistem" yarada bilər. Bu da tədrisdə bərabərliyi və komanda işini çətinləşdirə bilər. Nəticə olaraq, yeni model həm maaşların daha sabit və şəffaf şəkildə formalaşmasına, həm də təhsilin keyfiyyətinin yüksəlməsinə imkan yarada bilər. Ancaq bunun uğurlu olması məktəblərdə idarəetmə bacarığından, müəllimlərin peşəkar inkişafının davamlı dəstəklənməsindən və həyata keçirilmə mexanizmlərinin düzgün planlaşdırılmasından asılıdır".
Nəticə etibarilə, uzadılmış iş günü modeli həm müəllim, həm də şagird üçün yeni imkanlar və çağırışlar gətirir. Bu, müəllimlərin peşəkarlığını artırmaq, şagirdlərin əlavə repetitor ehtiyacını azaltmaq və təhsilin keyfiyyətini yüksəltmək potensialına malikdir. Lakin hər bir yenilik kimi, bunun da uğuru yalnız planlaşdırılmış strategiya, səmərəli idarəetmə və müəllimlərin motivasiyasının qorunması ilə mümkün olacaq. Əsas məsələ müəllimlərin yükünün tükənməyə çevrilməməsi və peşəkar inkişaf üçün real şəraitin yaradılmasıdır. Yalnız bu balans qorunduqda, məktəb həm öyrənənlərin, həm də öyrədənlərin inkişaf etdiyi canlı bir mərkəzə çevrilə bilər.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31