Şəhərin gözəgörünməyən sakinləri: Bakıdakı heykəllərin danışdığı tarix
20:30 MədəniyyətBöyük şəhərlərin öz ritmi, öz səsi, öz nəfəsi olur. Bakı isə bu mənzərədə təkcə təzə tikililəri və əzəmətli binları ilə deyil, küçələrinin müxtəlif nöqtələrində olan heykəlləri ilə də danışan, hekayə danışdıran bir məkandır. Biz gündəlik qayğımızla bir yerdən başqa yerə tələsərkən çox vaxt fərqinə varmırıq, yol kənarında dayanan bir heykəl təkcə bəzək elementi deyil, o, şəhərin görünməyən sakinidir. Uzun illərin, talelərin və yaddaşın daşıyıcısıdır. Hər dəfə gözümüzə dəyən bu daş və bürünc fiqurlar Bakının həyatına səssizcə qarışır, amma öz mövcudluqları ilə bizə şəhərin necə dəyişdiyini, necə böyüdüyünü xatırladırlar.
Bakıya gələn hər kəs bu heykəllərlə rastlaşır. Biz bəzən küçədə yolumuzu bir heykəllə müəyyən edirik: "Filankəsin heykəlini keçəndən sonra sağa dön", "Bu binanın yanında Üzeyir bəyin abidəsi var, yol o tərəfə gedir" və.s Heykəllər beləliklə həm nəzərə çarpmayan yol göstəricilərinə, həm də şüuraltı yaddaş nişanələrimizə çevrilir. Düşünürəm ki, bu baxımdan heykəllər şəhərdə təkcə sənət əsəri yox, həm də gündəlik naviqasiyamızın bir hissəsidir. Amma heykəllərin funksiyası bununla bitmir. Onlar həm də tanımaq və tanıtmaq üçündür. Bir heykələ yaxınlaşıb üzərində yazılan adı oxuyanda illər öncə oxuduğumuz bir kitab, eşitdiyimiz bir musiqi, yaxud tarixin hansısa səhifəsi gözümüzün önündə canlanır. Bir çoxumuz o şəxslərin həyatı, yaradıcılığı, cəmiyyətə təsiri barədə məhz bu heykəlin önündə dayananda düşünməyə başlayırıq. Beləcə, şəhərdəki hər abidə həm öz dövrünü, həm də onu yaradan və ucaldan insanların sosial yaddaşını gələcək nəsillərə ötürür. Yəni, heykəllər həm yaddaş saxlayır, həm yaddaş yaradır.
Məncə paytaxtımızın illər ərzində necə dəyişdiyini ən yaxşı heykəllər göstərir. Onların bəziləri öz əvvəlki yerlərindən götürülüb yeni məkana köçürülür, bəziləri isə yenidən ucaldılır. Bu dəyişikliklər təkcə şəhərsalma qərarı deyil-həm də ideoloji, mədəni, estetik dəyişimin göstəricisidir. Nəyi harada görmək istəyirik? Hansı şəxsiyyəti şəhərin hansı nöqtəsində yaşatmaq istəyirik? Hansı dövrün ruhu bu küçədə daha çox görünməlidir? Bütün bu suallara verilən cavablar heykəllərin taleyində oxunur. Heykəllər həm də xarici qonaqlar üçün də şəhərin ilk danışan bələdçiləridir. Onlar Bakını bəzəyən abidələri görüb ölkənin kimləri yad etdiyini, hansı dəyərləri ön plana çəkdiyini, hansı sənət və elm xadimlərini ucaltdığını anlayırlar. Bir turistin gözündə şəhərin mədəni səviyyəsi çox vaxt muzeylərdə yox, məhz küçədə, açıq havada görünür. Heykəllər isə bu açıq hava muzeyinin ən diqqətçəkən eksponatlarıdır. Elə buna görə də Bakının xarici qonaqlar tərəfindən sevilən mədəni məkan kimi formalaşmasına töhfə verir. Bu gün Bakı küçələrində rast gəldiyimiz hər heykəl bir dövrün izini daşıyır, müharibədən çıxmış bir xalqın yaddaşı, yaradıcılığın gücünə inanan bir cəmiyyətin ruhu, azadlıq arzularının heykəllərdə ifadə olunan səsi. Onlar şəhərin daş yaddaşıdır. İnsan dəyişir, nəsillər dəyişir, küçələr dəyişir, amma heykəllər həm keçmişi qoruyur, həm də bu dəyişikliyin içində sabit bir xatırlatma kimi qalır.
Düşünürəm ki, Bakının heykəlləri, əslində, bir şəhərin tarixini danışan görünməyən sakinlərdir. Onlar səs salmır, söz demir, amma varlıqları ilə şəhərin həyatını doldurur, biz fərqinə varmadan hər gün yanlarından keçərək öz tariximizin içindən yol alırıq. Bakıdakı heykəllərin qoyulması şəhərin tarixi yaddaşının qorunmasında necə rol oynadığı, şəhərin tarixini və mədəniyyətini əks etdirməsində hansı rolu olduğunu daha dərindən anlamaq üçün mütəxəssislə danışdıq. Mövzu ilə bağlı tarixçi alim Elnur Nəciyev ilə söhbət etdik:

-Bakıdakı heykəllərin qoyulması şəhərin tarixi yaddaşının qorunmasında necə rol oynayıb?
-Bakıdakı müxtəlif heykəltəraşlıq nümunələri tarixi yaddaşımızın qorunması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki bu heykəllər ilk növbədə tarixi şəxsiyyətlərin obrazı vasitəsilə kollektiv yaddaşın bərpası və qorunmasına xidmət edir. Məsələn, Mirzə Ələkbər Sabir, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Zivər bəy Əhmədbəyov kimi şəxsiyyətlərin heykəllərinin ucaldılması yalnız onların xatirəsinin yad edilməsinə deyil, həm də Azərbaycan ədəbiyyatı, memarlığı və siyasi tarixinin ardıcıllığının ictimai məkanda görünən simvollaşdırılmasına xidmət edir. Sabirin 1922-ci ildə ucaldılmış ilk heykəli və sonradan onun Cəlal Qaryağdı tərəfindən yenidən hazırlanması heykəlin tarixi yaddaşın dəyişən ideoloji kontekstlərə uyğun şəkildə yenilənməsini göstərir. Bu heykəllər həm də müasir dövrün mədəni yaddaşının yaradılmasına xidmət edir.
Fəvvarələr meydanı, İçərişəhər və Bulvarda qoyulan "Gənc qız", "Balıqçı", "Gənc rəssam" kimi ümumiləşdirilmiş heykəllər tanınmış şəxsiyyətlərə aid olmasa da, şəhərin gündəlik sosial həyatını, sakinlərin peşələrini və davranış modellərini simvolizə etməklə yaşayış mühitinin müasir tarixi qatını formalaşdırır. Bu mənada Bakıdakı heykəltəraşlıq nümunələri həm klassik, həm də müasir yaddaşın paralel şəkildə yaşamasına şərait yaradır.
-Heykəllərin şəhərin tarixini və mədəniyyətini əks etdirməsində hansı rolu var?
-Bakı heykəlləri şəhərin tarixi inkişafının müxtəlif mərhələlərini ardıcıl şəkildə əks etdirən "açıq səma altında muzey" funksiyası daşıyır. İlk növbədə mədəni-intellektual irsin nümayişinə xidmət edir. Nizami Gəncəvi, Füzuli və Sabir heykəlləri Azərbaycan intibahının və klassik Şərq poeziyasının tanınmış obrazları kimi şəhər məkanda milli-mədəni kimliyi gücləndirməyə və təbliğ etməyə xidmət edir. İkinci tərəfdən də bu abidələr bizim memarlıq-tarixi irsimizi təqdim edir. Məsələn Zivər bəy Əhmədbəyovun heykəli şəhərin memarlıq tarixinin XX əsrin əvvəllərindəki modernləşmə mərhələsini xatırladır və eyni zamanda şəhərin konkret bir binası ilə vizual bağ yaradır. Üçüncü tərəfdən isə bu əsərlər multikultural dəyərlərin vurğulanması baxımdan çox mühüm əhəmiyyət daşıyır. Məsələn, Puşkin, Corce Enesku, Taras Şevçenko, Əlişir Nəvai, Atatürk, Volfqanq Amadey Motsart, Nikola Tesla kimi dünya mədəniyyəti və tarixinə aid şəxslərin heykəlləri Bakının multikultural, beynəlxalq münasibətlərə açıq şəhər simasını formalaşdırır. Bu nümunələr həm də ölkənin siyasi-diplomatik əlaqələrini, müxtəlif xalqlarla mədəni inteqrasiyasını əks etdirir. Beləliklə, heykəllər şəhərin mədəni, siyasi, memarlıq və bədii inkişaf mərhələlərini ardıcıllıqla göstərən vizual sənəd funksiyasını yerinə yetirir.
-Tarixi şəxsiyyətləri əks etdirən heykəllərin seçimi zamanı hansı kriteriyalar önəmli olub və bu seçimlər şəhərin tarixini gələcək nəsillərə necə çatdırır?
-Milli-mədəni əhəmiyyətlilik baxımdan Nizami, Füzuli, Sabir kimi şəxsiyyətlər Azərbaycan ədəbiyyatı və düşüncə tarixinin sütunları olduğuna görə onların heykəllərinin şəhərdə ucaldılması dövlət-mədəniyyət siyasətinin əsas xəttini təşkil edir. Tarixi-siyasi roluna görə Zivər bəy Əhmədbəyovun heykəli kimi nümunələr onun şəhərin memarlıq inkişafında oynadığı rolu göstərir. Bu seçimlər şəxsiyyətin fəaliyyətinin şəhər identikliyi ilə bağlılığına əsaslanır. Beynəlxalq əlaqələr və mədəni diplomatiya baxımdan Puşkin, Şevçenko, Enesku, Motsart, Tesla və Atatürk heykəlləri qarşılıqlı mədəni hörmət və beynəlxalq əməkdaşlıq nişanəsi kimi seçilmişdir. Estetik və simvolik məzmun baxımdan Nizami heykəli kimi nümunələrdə geyim, duruş, atribut vasitəsilə şəxsiyyətin dünyagörüşü və intellektual portreti daha dərindən açılır. Bu da seçimin yalnız tarixi deyil, bədii-estetik meyarlar əsasında aparıldığını göstərir.
Bu kriteriyalar əsasında qoyulan heykəllər gələcək nəsillərə tarixi şəxsiyyətlərin həyatına dair sistemli vizual informasiya ötürür və tarix şüurunun formalaşmasına xidmət edir.
-Bakıdakı heykəllərin yerləşdiyi məkanlar şəhərin mədəni və ictimai həyatına necə təsir göstərir
Heykəllər urbanistik baxımdan şəhərin ictimai məkanlarını aktivləşdirən əsas komponentlərdən biridir:
- Fəvvarələr meydanında və İçərişəhərdə yerləşdirilən heykəllər turist axınını artırır, ərazini mədəni cazibə mərkəzinə çevirir.
- Bulvar ərazisindəki heykəllər dənizkənarı məkanda estetikanı gücləndirir, istirahət alanları üçün vizual harmoniya yaradır.
- Mədəniyyət ocaqları və dövlət binalarının yaxınlığında qoyulan heykəllər həmin məkanların tarixi və ideoloji funksiyasını daha aydın göstərir (məsələn, Nizami heykəlinin Ədəbiyyat Muzeyi ilə vizual əlaqəsi).
- Mikrorayon və parklardakı heykəllər mədəniyyətin yalnız mərkəzdə deyil, yaşayış məhəllələrində də əlçatan olmasını təmin edir. Bu baxımdan heykəllər şəhər sakinlərinin mədəni təcrübəsini artırır, ictimai məkanın semantik məzmununu gücləndirir.
-Heykəllər vasitəsilə şəhərin tarixi hekayələrini gənc nəsillərə çatdırmaq üçün əlavə hansı tədbirlər və ya layihələr həyata keçirilə bilər?
- Bu istiqamətdə "Açıq səma altında heykəl dərsləri" layihəsi keçirilə bilər. Məktəblər və universitetlər üçün heykəllər ətrafında keçirilən dərslər - heykəlin tarixi, dövrün mədəni konteksti, müəllifi və ideoloji məzmunu haqqında interaktiv proqramlar hazırlanmalıdır. Rəqəmsal heykəl atlası hazırlana bilər. Hər heykəlin qarşısına QR kod qoyularaq: heykəlin müəllifi, qoyulma tarixi, şəxsiyyətin bioqrafiyası, tarixi kontekst haqqında məlumatın mobil formatda əldə edilməsi mümkün olmalıdır. Virtual turlar etmək olar. Gənclərə Bakı heykəllərinin tarixini interaktiv şəkildə təqdim edən 3D turlar hazırlanmalıdır.
Şəhər hekayəçiliyi festivalları keçirilə bilər. Heykəllər ətrafında gənclərin hazırladığı qısa esse, video, hekayə və sənədli filmlərin müsabiqəsi keçirilə bilər. Heykəltəraşlıq seminarları və master-klaslar təşkil edilə bilər. Gənclərin heykəl sənətini daha yaxından tanıması, tarixi mövzuda öz bədii əsərlərini yaratması üçün yaradıcı platformalar təşkil edilə bilər.
Bakıdakı heykəllər şəhərin tarixi yaddaşının qorunmasında, mədəni kimliyinin nümayişində və nəsillərarası mədəni əlaqələrin qurulmasında mühüm rol oynayır. Bu heykəllər həm klassik irsin, həm də müasir şəhər həyatının vizual salnaməsini yaradır. Onların yerləşdirildiyi məkanlar isə şəhəri mədəni cəhətdən daha zəngin, çoxqatlı və yaddaqalan edir.
Zeynəb Mustafazadə