Sankt-Peterburqda “Yaşıl iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib- ÖZƏL

2026-cı il mayın 21-də Sankt-Peterburq Dövlət İqtisad Universiteti-də III Beynəlxalq elmi-praktik konfrans - "Yaşıl iqtisadiyyat: elm, təhsil, sahibkarlıq" mövzusunda mötəbər beynəlxalq tədbir keçirilib.Olaylar xəbər verir ki, Konfransda Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Belarus, Tacikistan və digər ölkələrdən alimlər, sahibkarlar, dövlət qurumlarının nümayəndələri, gənc tədqiqatçılar iştirak ediblər.
Tədbirin açılışında universitetin rektoru, professor İqor Maksimtsev çıxış edərək yaşıl iqtisadiyyatın formalaşması prosesində elm, təhsil və sahibkarlığın birgə fəaliyyətinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Konfransın ən yaddaqalan çıxışlarından biri isə Zahid Məmmədov-a məxsus olub. UNEC-in Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, "İqtisadi Araşdırmalar" ETİ-nin direktor müavini, professor Zahid Məmmədov öz çıxışında qlobal "yaşıl transformasiya" prosesində beynəlxalq əməkdaşlığın, elmi diplomatiyanın və ortaq tədqiqat platformalarının mühüm rol oynadığını bildirib.
Professor Zahid Məmmədov çıxışında xüsusilə Azərbaycanın son illərdə yaşıl inkişaf, ekoloji təhlükəsizlik və dayanıqlı iqtisadiyyat istiqamətində həyata keçirdiyi siyasətə diqqət çəkib. O, Bakıda keçirilmiş və dünya miqyasında böyük rezonans doğurmuş beynəlxalq forumların - xüsusilə Ümumdünya Bakı Forumunun qlobal dialoq və yeni inkişaf çağırışlarının müzakirəsində mühüm platformaya çevrildiyini qeyd edib. Professor vurğulayıb ki, Bakı artıq yalnız enerji mərkəzi deyil, həm də "yaşıl iqtisadiyyat", süni intellekt, innovasiya və beynəlxalq əməkdaşlıq ideyalarının müzakirə olunduğu mühüm intellektual mərkəzə çevrilir.
Onun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, xüsusilə Azərbaycan modelinin regional əməkdaşlıq və dayanıqlı inkişaf baxımından nümunə kimi təqdim olunması yüksək qiymətləndirilib.
Plenar iclasda həmçinin Arktika zonasında "yaşıl gündəlik" və sahibkarlığın rolu, Özbəkistan iqtisadiyyatının ekoloji aspektləri, biznesdə tərəfdaşlıq və kollaborasiya modelləri, eləcə də "yaşıl" innovasiyalar və liderlik məsələləri geniş müzakirə olunub. Türkiyənin Yıldız Teknik Üniversitesi universitetinin professoru Cemal Zehir yaşıl innovasiyalar sahəsində müasir yanaşmalar barədə məruzə ilə çıxış edib.
Konfrans öz işini üç bölmə üzrə davam etdirib. Sessiyalarda innovativ ekosistemlərin inkişafı, ekoloji təşəbbüslərin dövlət dəstəyi, biznes proseslərinin rəqəmsallaşdırılması və ekolojiləşdirilməsi, gənclərin dayanıqlı inkişafda rolu kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə süni intellekt texnologiyalarının "yaşıl iqtisadiyyat"a tətbiqi, ESG prinsipləri və gənclər sahibkarlığının inkişafı mövzuları iştirakçıların böyük marağına səbəb olub.
Konfrans iştirakçıları tədbirin yüksək səviyyədə təşkil olunduğunu, təqdim olunan elmi məruzələrin aktuallığını və praktik əhəmiyyətini xüsusi vurğulayıblar. Tədbir bir daha göstərib ki, yaşıl iqtisadiyyat artıq yalnız ekoloji məsələ deyil, həm də müasir dünyanın iqtisadi, texnoloji və geosiyasi inkişafının əsas istiqamətlərindən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31