Baltik dənizində gərginlik artır: Avropa müharibənin genişlənməsindən narahatdır - ÖZƏL
16:13 Siyasət"Finlandiya və Norveçin Rusiya ilə diplomatik təmaslar qurması sirr deyil. Nəzərə alaq ki, Finlandiya və Norveç hazırda gərginliyin ən yüksək olduğu bölgələrdən biri hesab edilən Baltik dənizi hövzəsində yerləşirlər. Baltik dənizində Rusiya ilə NATO arasında riskli insidentlər tez-tez baş verir. Hətta Ukrayna müharibəsi fonunda mümkün hərbi qarşıdurmanın genişlənə biləcəyi coğrafiyalardan biri kimi Baltik dənizi də nəzərdən keçirilir."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Bu günlərdə Rusiyanın "Sparta" gəmisi Baltik dənizində hücuma məruz qalıb. Düzdür, hücumun Ukrayna dronları tərəfindən həyata keçirildiyi iddia olunur. Lakin ümumilikdə Baltik dənizində vəziyyət getdikcə gərginləşir və bu bölgə mümkün müharibə ocaqlarından birinə çevrilə bilər.
Bir neçə ay əvvəl Norveç və Finlandiya Baltik dənizindəki gərginliyin azaldılması məqsədilə Rusiya ilə təmaslar qurmağa cəhd göstərdilər. Hətta hər iki ölkənin prezidentləri Rusiya prezidenti ilə telefon danışığı apardılar. Lakin bu təmaslar gizli və separat danışıqlar xarakteri daşımırdı. Çünki Finlandiya və Norveç prezidentləri həmin təmaslardan əvvəl bununla bağlı rəsmi məlumat yaymış, eyni zamanda danışıqların Avropa İttifaqının adından aparılmadığını açıq şəkildə vurğulamışdılar.
Bu isə o deməkdir ki, onlar Avropa İttifaqı adından Rusiya-Ukrayna müharibəsində vasitəçilik etmək niyyətində olmadıqlarını nümayiş etdirirdilər. Sadəcə, Baltik dənizində gərginliyin eskalasiyasının ciddi toqquşmalara gətirib çıxarmasının qarşısını almağa çalışırdılar.
Ona görə də hazırda Baltik dənizi ətrafındakı müəyyən ölkələrin bu cür təmaslara getməsi separatçılıq əlaməti kimi qiymətləndirilməməlidir. Bu, sadəcə, Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsinin qarşısını almaq cəhdidir. Avropanın digər ölkələri də buna çalışırlar. Çünki onlar görürlər ki, Ukrayna-Rusiya müharibəsinin həlli hələ yaxın perspektivdə görünmür və tərəflərin ümumi razılığa gəlməsi olduqca mürəkkəbdir.
Belə bir şəraitdə dövlətlər səylərini Rusiya-Ukrayna müharibəsi çərçivəsində döyüşlərin coğrafiyasının genişlənməsinin qarşısını almağa yönəldirlər. Son vaxtlar Aralıq dənizində də oxşar toqquşmaların baş verdiyini nəzərə alsaq, Rusiya-Ukrayna müharibəsinin genişlənməsi ehtimalı kifayət qədər realdır və bu, olduqca təhlükəlidir. Buna görə də Avropa ölkələri müxtəlif diplomatik təşəbbüslərlə müharibənin coğrafiyasının genişlənməsinin qarşısını almağa çalışırlar.
Hətta bu günlərdə ABŞ prezidenti və NATO-nun baş katibi birgə bəyanat yayaraq Rusiyanı müharibənin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıblar. Bu isə onu göstərir ki, bir tərəfdən Ukrayna müharibəni davam etdirməyə təşviq olunur, silahlandırılır və maliyyələşdirilir, digər tərəfdən isə müharibənin coğrafiyasının genişlənməməsi üçün səylər göstərilir.
Bütün bunlar onu deməyə əsas verir ki, Ukrayna-Rusiya müharibəsi hələ uzun müddət davam edə bilər."
İbrahim Məmmədli