“Ada prinsipi” ilə enerji birləşməsi: Bakı üçün nə vəd edir? – ÖZƏL
16:26 SiyasətErmənistan Azərbaycan, Türkiyə, Gürcüstan və İranla enerji əməkdaşlığını genişləndirməklə enerji sisteminin dayanıqlılığını artırmağı planlaşdırır. Bu barədə xarici işlər nazirinin müavini Vahan Kostanyan İctimai Televiziyanın efirində bildirib. İlkin mərhələdə Azərbaycan və Türkiyə ilə enerji sistemlərinin "ada prinsipi" ilə birləşdirilməsi, perspektivdə isə tam sinxronlaşdırılması nəzərdə tutulur. Kostanyan bildirib ki, Türkiyə ilə sinxronlaşma eyni zamanda Avropa enerji məkanına qoşulmaq demək olacaq.
Bəs "Ada prinsipi" nə deməkdir, Bakı üçün hansı riski var? Bu birləşmə ölkə üçün nə vəd edir?
Sözügedən mövzu ilə bağlı suallarımızı iqtisadçı ekspert Allahverdi Aydın cavablayıb. İqtisadçı bildirib ki, "Ada prinsipi" enerji sistemlərinin birləşdirilməsində belə bir mexanizmdir ki, iki ölkənin şəbəkəsi bir-biri ilə sinxron işləmir. Yəni bu şəbəkədə xətlər ümumi sistemə bağlanmır. Məsələn, bir neçə yarımstansiya və elektrik stansiyası şəbəkədən ayrılır, qarşı tərəfin sisteminə qoşulur və ayrıca "ada" kimi işləyir. Sistemlər tam şəkildə qovuşmur, yalnız məhdud bir hissə üzərindən elektrik enerjisi ötürülür. Bu, texniki baxımdan ən sadə və ən az riskli variantdır, çünki tam sinxronlaşma ciddi standartlar, tezlik nəzarəti və ortaq idarəetmə tələb edir.
Bakı üçün risklərə gəldikdə isə qeyd edim ki, birinci risk texniki xarakter daşıyır. Azərbaycan enerji sistemi postsovet standartlarına əsaslanır, Türkiyə isə Avropa sistemi ilə sinxron işləyir. Ermənistanı bu 2 fərqli sistemə qoşulmaq üçün Azərbaycanın da şəbəkəyə dəyişikliklər etməsi lazımdır və bu müəyyən xərclər tələb edir. İkinci risk təhlükəsizlik baxımındandır. Enerji sistemi strateji infrastrukturdur və hər bir əlaqə nöqtəsi həm də zəiflik nöqtəsi ola bilər. Ermənistanla sülh müqaviləsi imzalanmadan və sərhədlər tam müəyyən olunmadan bu qədər həssas sahədə qarşılıqlı asılılıq yaratmaq hesab edirəm ki, doğru addım olmaz. Üçüncü risk isə Ermənistanın Avropa enerji məkanına çıxış kimi təqdim etdiyi şeyin real olub-olmamasıdır. Ermənistan bunu Türkiyə vasitəsilə mümkün sayır, lakin Avropa şəbəkəsinə qoşulmaq çoxlu texniki və hüquqi tələblərin yerinə yetirilməsini nəzərdə tutur.
İqtisadçı qeyd edib ki, burada risklərlə bərabər iqtisadi imkanlar da az deyil. Azərbaycan regionun əsas enerji ixrac edən ölkələrindən biridir və bərpa olunan enerji mənbələrinə, xüsusilə son illər Qarabağ və Şərqi Zəngəzurda günəş və külək potensialına böyük sərmayə yatırır. Bu enerjini ixrac etmək üçün genişlənmiş bazar lazımdır. Ermənistan bazarı kiçik olsa da, onun üzərindən Gürcüstan, Türkiyə və hətta İran istiqamətində tranzit marşrutları formalaşa bilər. Bundan başqa, regional şəbəkə birləşməsi Azərbaycana pik yüklənmə dövrlərində ehtiyat gücdən istifadə imkanı verir, yəni elektrik enerjisinin balanslaşdırılması baxımından üstünlük yaradır. Eyni zamanda, bu, Azərbaycanın Cənubi Qafqazda enerji mərkəzi kimi rolunu gücləndirir. Çünki enerjinin axını Bakının nəzarətində olan infrastruktur üzərindən keçəcək.
Ekspertin fikrincə, bu təklif iqtisadi cəhətdən faydalı ola bilər, amma yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra. Birincisi, sülh müqaviləsi imzalanmalı və hüquqi çərçivə aydın olmalıdır. İkincisi, əlaqə nöqtələri məhdud və idarə olunan şəkildə, yəni məhz "ada prinsipi" ilə tədricən qurulmalıdır, tam sinxronlaşma isə yalnız dövlətlər və xalqlar arasında etimad yarandıqdan sonra müzakirə edilməlidir.
Səidə Ramazanova