Ermənistan Rusiyadan qopa bilmir: Paşinyan-Putin görüşündən nə gözlənilir? – ÖZƏL

Ermənistan Rusiya ilə münasibətləri kəsməyi planlaşdırmır. Xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, İrəvan yığılmış problemlərə yenidən baxaraq əlaqələri sağlamlaşdırmaq istəyir. Dekabrın 3-də Baş nazir Nikol Paşinyanın Moskvaya səfəri gözlənilir. Paşinyan dekabrda Rusiyaya ümumilikdə 3 dəfə səfər edəcək.

Maraqlıdır, Paşinyan-Putin görüşündən nələr gözləmək olar?

Sözügedən mövzu ilə bağlı siyasi təhlilçi Zeynal Əmrəliyev Olaylar.az-a danışıb. Ekspertin fikrincə, Nikol Paşinyan hazırda çalışır ki, Rusiya ilə münasibətləri normal məcraya qaytarsın. Çünki Ermənistan Rusiyadan tamamilə qopa bilməz. Ölkədə iqtisadi vəziyyət o qədər mürəkkəbdir ki, Rusiya ilə münasibətlərin tamamilə pozulması istər-istəməz Ermənistan iqtisadiyyatında mənfi dəyişikliklərə səbəb ola bilər. Nəzərə alaq ki, Ermənistan Qərbə doğru inteqrasiya prosesinə start versə belə, ölkə iqtisadiyyatının, demək olar ki, böyük əksəriyyəti Rusiyadan asılıdır. Düzdür, Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra müəyyən dərəcədə Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını azaltmağa çalışır. Ancaq bu, əlbəttə ki, birdən-birə baş verə biləcək proses deyil. Eyni zamanda, Qərbin də Ermənistana marağı o qədər yüksək deyil və ölkə iqtisadiyyatına ciddi investisiyalar yatırılmır. Buna görə də hələlik Rusiyanın Ermənistan iqtisadiyyatındakı payı kifayət qədər böyükdür. Ermənistan da, təbii ki, hazırkı mərhələdə Rusiyadan imtina etməyəcək və münasibətlərin normallaşmasına çalışacaq. Paşinyanın böyük ümidi var idi ki, Avropa İttifaqı Ermənistanı dərhal üzvlüyə qəbul edəcək. Ancaq gördük ki, Avropa İttifaqı Ermənistana münasibətdə fərqli yanaşma sərgiləyir və bu məsələdə İrəvanın gözləntiləri özünü doğrultmur. Bu baxımdan, rəsmi İrəvanın hazırda ehtiyat etdiyi əsas variant Ukrayna və Gürcüstanın düşdüyü vəziyyətə düşməkdir. Maksimum çalışacaqlar ki, mövcud mərhələdə Rusiya ilə münasibətləri daha da gərginləşdirməsinlər, indiki xətti qoruyub saxlasınlar və prosesi bu istiqamətdə inkişaf etdirsinlər.

"Paşinyan hazırda Rusiya qarşısında müəyyən öhdəliklər götürə və Rusiyanın Ermənistan iqtisadiyyatındakı mövqelərinin qorunub saxlanılmasına çalışa bilər. Yəni Ermənistan bundan sonra Moskvanı həddindən artıq qıcıqlandırmamaq siyasəti yürüdəcək", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00