Sülhün kəsişməsi” ideyası: Ermənistan regional əməkdaşlığa yönəlir -ÖZƏL
16:01 SiyasətErənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin gələcək inkişafı Azərbaycanla sülh münasibətlərinin qurulmasından asılıdır. O, yaxın 10-15 ildə Azərbaycanla sülh sazişinin imzalanacağını, sərhədlərin demarkasiya olunacağını və nəqliyyat yollarının açılacağını gözlədiyini deyib. Paşinyanın fikrincə, bu halda Ermənistanın ÜDM-i iki dəfə arta və ölkə regionun "sülhün kəsişməsi"nə çevrilə bilər.
Paşinyanın bu açıqlamaları Ermənistanın regionla bağlı siyasi kursunda real dönüş hesab oluna bilərmi?
Azərbaycanla sülh müqaviləsinin imzalanması Cənubi Qafqazın iqtisadi və geosiyasi mənzərəsini necə dəyişə bilər? Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
"Məlumdur ki, Azərbaycan və Ermənistan arasındakı keçmiş münaqişə dövründə regional iqtisadi və geosiyasi vəziyyətə mənfi təsir göstərirdi. Xarici investorların belə cəlbinə maneə yaradırdı. Lakin Qarabağın azad edilməsi və Ermənistanla sülh məsələsindən sonra bir çox bağlı qapılar açıldı və sülh prosesindən doğan reallıqlar yeni inkişaf mərhələsinin başlamasına səbəb oldu. Baş nazir Paşinyanın hakimiyyəti Azərbaycanın yaratdığı regional gerçəkliklə ayaqlaşmağa məcbur oldu, əslində bu istiqamətin, Ermənistanın da inkişafına aparan reallıq olduğunu qəbul etməli oldu. Ermənistan hakimiyyəti əslində ermənilərin xarici güclər vasitəsi ilə bölgədə öz maraqları naminə istifadə olduqlarını etiraf etməli oldular. Odur ki, regionla bağlı siyasi kursda dönüş etdilər. Seçki təbliğatı zamanı Nikol Paşinyanın Qarabağ erməniləri və separatçılarla bağlı açıqlamaları, fikirləri də göstərir ki, Ermənistanda ciddi siyasi dəyişikliklər baş verir. Sülh mərhələsinin rəsmi hissəsinin təsdiqi üçün sərhədlərin delimitasiya və demarkasiyası, konstitusiyaya dəyişikliklər və digər öhdəliklər var ki, Ermənistan bunları həll etməlidir. Təbii ki, bütün bunlar Cənubi Qafqazın iqtisadi və geosiyasi mənzərərəsini dəyişəcək. Siyasi sabitlik və təhlükəsizlik zəminində iqtisadi, ticari əlaqələrin inkişafı, Türkiyə və digər ölkələrlə Ermənistan vasitəsi ilə yeni layihələr həyata keçiriləcək ki, bu da ümumiyyətlə regionun inkişafı deməkdir. Hər bir halda Ermənistan və Azərbaycan arasındakı sülhün bəhrəsi müsbət nəticələri bu ölkələrlə yanaşı bütün regionu əhatə edəcək. Nəqliyyat yollarının açılması zəminində ticari, iqtisadi əlaqələr genişlənəcək ki, bu da bölgənin inkişafı deməkdir".
Zeynəb Mustafazadə