İran niyə Ermənistandakı ABŞ rezidenturasını yox, Azərbaycanı hədəf alır? – ÖZƏL
14:02 Siyasətİranın, xüsusən də SEPAH-ın himayə etdiyi media resursları Bakıda Zəfər Günü paradında nümayiş olunan silahları mütəmadi olaraq təftiş edir. "Mashregh News" kimi saytlar nümayiş etdirilən demək olar ki, bütün silahları İsrail istehsalı adlandıraraq, hətta Çin və Rusiya məhsullarını da bu ölkənin adına çıxarır.
İran mediasının, xüsusən də SEPAH-a yaxın resursların 8 Noyabr Paradına qarşı bu isterik reaksiyasının arxasında duran əsas siyasi motivlər nələrdir?
"Hər bir dövlət öz təhlükəsizliyini qorumaq və müdafiə sahəsini gücləndirmək üçün istədiyi dövlətdən silah almaq haqqına malikdir".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib. Ekspert bildirib ki, Azərbaycan uzun illər işğala məruz qalan bir dövlət olub. Özünü işğaldan azad etmək, işğalçını torpaqlarından çıxarmaq üçün ordusunu gücləndirmək zəruri idi. Azərbaycan müdafiə sektorunu müxtəlif ölkələrin istehsalı olan silahlarla - Türkiyə, Rusiya, Pakistan və İsrail istehsalı olan müasir texnologiyalı hərbi vasitələrlə təchiz edirdi. Bunun nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində qalib dövlətə çevrildi. Yəni hər bir ölkə kimi, Azərbaycan da özünü müdafiə etmək üçün istədiyi dövlətdən silah ala bilər.
Azərbaycanla İsrail arasındakı əməkdaşlıq heç bir üçüncü dövlətə qarşı yönəlməyib. Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən üçüncü ölkələrə qarşı istifadə olunmasına imkan verməyəcək. Buna baxmayaraq, İranda bəzi dairələr Azərbaycanın müstəqil və uğurlu siyasətini qəbul etmək istəmirlər.
Bir məqama da diqqət yetirmək lazımdır: İran niyə qonşuluğundakı Ermənistanı görmür?
Ermənistanda 3 minə yaxın diplomatik korpus fəaliyyət göstərir və onların təxminən 50 faizi ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli strukturlarda çalışır. ABŞ-nin Ermənistanda geniş rezidentura şəbəkəsi mövcuddur və bu şəbəkə həm Ermənistan, həm də İran daxilində pozucu fəaliyyətlərlə məşğuldur. Amma buna baxmayaraq, İran daxilində Azərbaycana qarşı bəyanatlar səsləndirən dairələr həmin rezidentura şəbəkəsi barədə bir kəlmə də danışmırlar. Azərbaycan isə dəfələrlə bəyan edib ki, xarici siyasət konsepsiyası qonşularla dinc yanaşı yaşama prinsipinə əsaslanır. Son vaxtlar Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında yaranmış dostluq münasibəti də məhz siyasi və iqtisadi əməkdaşlığın genişlənməsinə hesablanıb. Lakin İran daxilində bəzi qüvvələr bu əməkdaşlığa qısqanclıqla yanaşır.
Amerikanın İran daxilində mövcud olan casus şəbəkəsi qonşular arasında nifaq yaratmaq üçün fəaliyyət göstərir. Bu şəbəkə həm də Azərbaycan əleyhinə bəyanatlar səsləndirir. Bu bəyanatlar İran dövlətinin maraqlarına uyğun deyil və Azərbaycan-İran münasibətlərini korlamağa yönəlib.
"Azərbaycan 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistan kimi dövlətlərdən mənəvi və siyasi dəstək aldı. Bunun nəticəsi olaraq qalib dövlət oldu. Həmçinin 8 noyabr Zəfər günü həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfəri bizim üçün qürurverici haldır. Bir daha qeyd edirəm ki, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə və Azərbaycan-İsrail əməkdaşlığı üçüncü dövlətin, o cümlədən İranın əleyhinə deyil. Əksinə, biz qonşularla dinc yanaşı yaşama prinsipini əsas tuturuq və bu münasibətləri inkişaf etdiririk. İran Prezidentinin Azərbaycana səfəri və iki ölkə rəhbərləri arasında yaranmış dostluq münasibəti bunun bariz nümunəsidir. Təəssüf ki, İran daxilində bəzi pozucu qüvvələr bu münasibətləri kölgəyə salmağa çalışırlar," - deyə siyasi ekspert əlavə edib.
A. Məsiyev qeyd edib ki, İran dövləti də öz müdafiəsini təmin etmək üçün Çin, Rusiya və digər ölkələrdən silah alır. Bu, onların öz təhlükəsizliyi üçündür. Azərbaycan da hərbi gücünü artırarkən heç bir üçüncü dövlətə qarşı addım atmır.
Səsləndirilən bəyanatların məqsədi Azərbaycan-İran dostluq münasibətlərinə xələl gətirməkdir. Amma buna baxmayaraq, Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında davamlı, həm ikitərəfli, həm də çoxtərəfli görüşlər keçirilir. Bu görüşlər ölkələr arasında iqtisadi və siyasi münasibətlərin genişlənməsinə xidmət edir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə formalaşdırılan "3+3 platforması"nda İranın maraqlı olması da bu əməkdaşlığın inkişafına dəlalət edir. Fikrimcə, hər hansı problem yaranarsa, iki dövlət arasında dialoq yolu ilə müzakirə ediləcək və aradan qaldırılacaq. Pozucu qüvvələrin fəaliyyəti isə Azərbaycan-İran münasibətlərinə zərər yetirə bilməz.
Sevda Dəniz