Dünya 4 günlük iş həftəsinə keçir – Azərbaycan bu dalğaya qoşula biləcəkmi?

Son illər dünya əmək bazarında əvvəllər təsəvvür belə edilməyən struktur dəyişiklikləri baş verir. Qlobal texnoloji inqilab, pandemiyadan sonra sürətlə yayılan uzaqdan iş modeli, insan resurslarının idarə olunmasında yeni prioritetlər və əməkdaş rifahı anlayışının dəyişməsi şirkətləri ənənəvi iş rejimlərini yenidən düşünməyə məcbur edir. Bu çərçivədə 4 günlük iş həftəsi modeli artıq bir sıra inkişaf etmiş ölkələrdə pilot mərhələdən çıxaraq real praktikaya çevrilməkdədir. Xüsusilə də Yaponiyanın bu modelə keçid istiqamətində atdığı addımlar dünyanın diqqətini daha da artırıb. İş yükünün çox, intizamın sərt, rəqabətin yüksək olduğu Yaponiya kimi bir ölkədə belə 4 günlük sistemə keçidin təşviq edilməsi göstərir ki, qısa iş həftəsi təkcə bir "trendlər mövzusu" deyil, həm də milli səviyyədə stressin azaldılması, insanların psixoloji sağlamlığının qorunması və uzunmüddətli məhsuldarlığın artırılması üçün strateji qərardır.
Bu tendensiya təkcə Qərb cəmiyyətlərində deyil, idarəetmə standartları tədricən modernləşən Asiya ölkələrində də geniş müzakirə olunur. Çünki artıq aydın olur ki, "çox işləmək" həmişə "yaxşı işləmək" anlamına gəlmir. Əmək mühiti və işçilərin psixoloji vəziyyəti məhsuldarlığın ən az texnologiya qədər müəyyənedici amilinə çevrilib. İşçi gün ərzində ofisdə neçə saat oturduğu ilə yox, hansı nəticə ortaya qoyduğu ilə ölçülməlidir. Bu səbəbdən 4 günlük iş həftəsi qlobal rəqabətlilik üçün yeni bir mərhələ hesab edilir.
Bəs Azərbaycan bu proseslərin harasındadır? Ölkəmiz sürətlə rəqəmsallaşan iqtisadiyyat, gənclərin iş mühitinə yeni yanaşması, insan resurslarında müasir standartlara keçilən dövr yaşasa da, korporativ mədəniyyət baxımından hələ də ənənəvi düşüncə tərzinin güclü olduğu bir reallıq mövcuddur. Bir çox şirkətlər üçün hələ də işçinin ofisdə keçirdiyi vaxt onun səmərəliliyinin əsas göstəricisi sayılır. Nəticə-əsaslı idarəetmə sisteminə keçid tam olaraq formalaşmayıb, bəzi müəssisələrdə "iş günü nə qədər uzun olsa, nəticə də bir o qədər yaxşı olar" yanaşması hələ də dominantdır. Halbuki beynəlxalq təcrübə əksini sübut edir: daha az iş günü daha dincəlmiş beyin, daha az emosional tükənmişlik və daha yüksək yaradıcılıq deməkdir.
Azərbaycan şirkətlərinin böyük bir qismi yeni iş modellərinə keçidin nəinki texniki, hətta mədəni tərəflərinə hazır olmalıdır. İş yeri poetikasının dəyişməsi, yəni işçinin yalnız icraçı deyil, həm də yaradıcılıq və təşəbbüskarlıq mənbəyi kimi görülməsi 4 günlük iş həftəsinin uğuru üçün əsas şərtdir. Bundan əlavə, rəhbərliyin işə yanaşmasının yenilənməsi, KPI sistemlərinin optimallaşdırılması, lazımsız iclasların azaldılması, proseslərin avtomatlaşdırılması, işçilərin psixoloji rifahının prioritetləşdirilməsi kimi amillər olmadan bu modelin tətbiqi çətin görünür.
Bu məqamda əsas sual yaranır: Azərbaycanın hazırkı iş mühiti, idarəetmə fəlsəfəsi və korporativ mədəniyyəti 4 günlük iş həftəsinin tələblərinə nə dərəcədə uyğundur? Bizim şirkətlər bu modeli tətbiq etməyə başlasa, bu keçid daha çox uğur gətirəcək, yoxsa əlavə çətinliklər yaradacaq? Hansı sahələr ən tez uyğunlaşa bilər, hansı sektorlar daha gec addım ata bilər?

Mövzu ilə bağlı İnsan resursları üzrə mütəxəssis və təlimçi Nigar Təmrazova Olaylar.az-a danışıb. Mütəxəssis bildirib ki, Azərbaycanda 4 günlük iş həftəsi modeli hələ geniş miqyasda tətbiq edilməsə də, müəyyən sahələrdə bu sistemin real şəkildə həyata keçirilməsi mümkündür: Bunun üçün əsas maneələrdən biri ölkədə uzun illərdir formalaşmış bir düşüncə tərzidir: "uzun saat işləmək = çox işləmək". Bu yanaşma hələ də bir çox şirkət və rəhbərlik səviyyəsində hökm sürür. Halbuki müasir iş mədəniyyəti göstərir ki, əmək saatlarının uzunluğu hər zaman məhsuldarlığın yüksək olması anlamına gəlmir. Buna görə də 4 günlük iş rejiminin geniş şəkildə qəbul olunması üçün həm rəhbər heyətində, həm də əməkdaşlar arasında düşüncə tərzinin və işə münasibətin köklü dəyişməsi vacibdir.
Əgər bu model düzgün planlaşdırma ilə tətbiq olunarsa, məhsuldarlığın artması tamamilə mümkündür. Çünki qısa iş həftəsi daha çox fokuslanma, daha az yorğunluq və daha yüksək motivasiya yaradır. Dünyanın müxtəlif ölkələrində aparılan testlər də göstərir ki, işçilər dincəlmək üçün daha çox vaxta sahib olduqda həm yaradıcılıq, həm də qərarvermə qabiliyyəti yüksəlir. Lakin proses düzgün idarə olunmazsa, əksinə, beş günün işini dörd günə sığdırmaq təzyiqi yarana bilər. Bu isə əməkdaşlarda stressi artıraraq məhsuldarlığın düşməsinə gətirib çıxara bilər. Yəni nəticə birbaşa idarəetmənin peşəkarlığından və planlamanın keyfiyyətindən asılıdır.
"Azərbaycanın müxtəlif sektorlarına nəzər saldıqda 4 günlük iş modelinə ən sürətli uyğunlaşma IT, rəqəmsal xidmətlər, dizayn, media, konsaltinq və digər nəticə-əsaslı sahələrdə mümkündür. Bu sahələrdə iş əsasən konkret tapşırıqlarla, layihələr və nəticələrlə ölçüldüyü üçün əməkdaşlar daha çevik işləyə bilir. Bu da daha qısa iş həftəsini praktik cəhətdən mümkün edir. Bununla yanaşı, özəl sektorun bir çox ofis yönümlü sahələrində də mərhələli şəkildə bu modelə keçidin reallaşdırılması mümkündür. Şirkətlər ilk mərhələdə aylıq və ya illik eksperimentlər keçirməklə real nəticələri ölçə, daha sonra qərar verə bilərlər," - deyə ekspert əlavə edib.
HR mütəxəssis qeyd edib ki, lakin dövlət sektoru, pərakəndə satış, xidmət və sənaye kimi 24/7 fəaliyyət tələb edən sahələrdə tətbiq nisbətən daha çətindir. Bu sahələrdə fasiləsiz iş rejimi vacib olduğundan ya növbəli iş sistemi yenidən qurulmalı, ya da əlavə işçi qüvvəsi cəlb edilməlidir. Sənaye müəssisələri, xəstəxanalar, ticarət mərkəzləri, hava limanları və digər kritik sahələrdə insanların fasiləsiz xidmət ehtiyacı olduğundan, bu sahələrdə 4 günlük model yalnız geniş kadr planlaması və struktur dəyişikliyi həyata keçirildikdə mümkün ola bilər.
N. Təmrazovanın sözlərinə görə, bu modelə keçid üçün şirkətlər idarəetmə səviyyəsində bir sıra vacib addımlar atmalıdır. İlk növbədə, nəticə-əsaslı KPI-lar müəyyənləşdirilməli, yəni əməkdaşların işinin dəyəri saatlara görə deyil, nəticəyə əsasən qiymətləndirilməlidir. Bu, əməkdaşlara həm azadlıq verir, həm də daha məsuliyyətli çalışmaları üçün stimul yaradır. Eyni zamanda, şirkətlər lazımsız iclaslar, formal prosedurlar və iş axınında əlavə yük yaradan prosesləri ixtisar etməlidir. Bu addım dörd günlük modelin uğurla tətbiq olunması üçün vacibdir. Bundan başqa, avtomatlaşdırma və rəqəmsal alətlərdən istifadə artırılmalı, təkrarlanan işlər mümkün qədər texnologiyalara həvalə edilməlidir.
Əməkdaşların bu sistemə uyğunlaşması da xüsusi diqqət tələb edir. Yeni iş modelinin mahiyyəti, məqsədi və qaydaları barədə geniş təlimlər keçirilməli, komanda daxilində səmərəli kommunikasiya qurulmalıdır. Çünki bütün komanda üzvlərinin eyni anlayış və qaydalar əsasında işləməsi işi asanlaşdıracaq və potensial problemlərin qarşısını alacaq.
"Bu modelin tətbiqi yalnız təşkilati və mədəni deyil, həm də hüquqi uyğunlaşma tələb edir. Buna görə də əmək qanunvericiliyi, əmək müqavilələri və əməkhaqqı qaydaları yeni sistemə uyğunlaşdırılmalıdır. Məsələn, 4 günlük iş həftəsinə keçən zaman əməkhaqqının necə hesablanacağı, məzuniyyət günlərinin və iş vaxtının normativlərinin necə tənzimlənəcəyi öncədən aydın şəkildə müəyyən edilməlidir. Bu baxımdan hüquqi çərçivənin yenilənməsi vacibdir," - deyə ekspert əlavə edib.
Mütəxəssis sonda vurğulayıb ki, Azərbaycanda 4 günlük iş həftəsi tam şəkildə hazır olmasa da, mərhələli keçid, düzgün idarəetmə, şəffaf nəticə ölçüləri və iş mədəniyyətində dəyişikliklər sayəsində uğurla tətbiq oluna bilər. Bu model əməkdaşların rifahının yüksəlməsinə, onların daha sağlam və balanslı iş-həyat münasibəti qurmasına şərait yarada bilər. Uzunmüddətli perspektivdə isə şirkətlərin məhsuldarlığının artmasına, istedadlı əməkdaşların işdə qalmasına və ümumi iş mühitinin müasirləşməsinə töhfə verə bilər.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31