Fransanın Qarabağla bağlı ritorikası: siyasi maraqlar və geosiyasi hesablar- ÖZƏL
17:38 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Fransanın xarici işlər naziri Jean-Noel Barrotnun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri qətiyyətlə rədd edib. XİN rəsmisi bildirib ki, Qarabağa münasibətdə "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi qəbuledilməzdir və Azərbaycanın suverenliyinə qarşı yönəlmiş yanaşmadır.
Açıqlamada vurğulanıb ki, Azərbaycanın öz ərazilərində həyata keçirdiyi tədbirlər beynəlxalq hüquqa uyğundur və ölkə bütün tarixi-dini abidələrin qorunmasını təmin edir. Həmçinin Fransanın YUNESKO missiyası ilə bağlı iddialarının reallığı əks etdirmədiyi qeyd olunub. XİN bəyan edib ki, vaxtilə qiymətləndirmə missiyalarına mane olan tərəflərdən biri məhz Ermənistan və Fransa olub.
Fransa rəsmilərinin son dövrlərdə Azərbaycanla bağlı səsləndirdiyi açıqlamaların arxasında hansı siyasi maraqlar dayanır?Bu cür bəyanatlar Azərbaycan-Fransa münasibətlərinə və regionda sülh prosesinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
"Fransa Xarici İşlər Nazirliyinin Azərbaycana qarşı sərgilədiyi sərt və qərəzli mövqe, xüsusilə ölkəmizin suveren ərazilərində həyata keçirdiyi qanuni addımlarla bağlı verdiyi bəyanatlar bir neçə amillə əlaqələndirilə bilər. Bu yanaşmanın əsas səbəblərindən biri Fransadakı güclü erməni diasporunun ölkənin siyasi həyatına təsiridir. Fransada yüz minlərlə erməni əsilli vətəndaş yaşayır və onlar seçkilər zamanı müəyyən siyasi təsir gücünə malikdirlər. Bu səbəbdən bir çox fransız siyasətçilər erməni dairələrinin maraqlarını nəzərə almağa çalışırlar.
Bununla yanaşı, məsələ yalnız diaspora faktoru ilə məhdudlaşmır. Fransanın Cənubi Qafqazda geosiyasi maraqları da bu siyasətdə mühüm rol oynayır. Fransa özünü Avropanın aparıcı dövlətlərindən biri kimi təqdim edir və regionda nüfuzunu artırmağa çalışır. Son səfər zamanı da Emmanuel Makronun Ermənistana münasibətdə nümayiş etdirdiyi xüsusi diqqət və dəstək də bunu açıq şəkildə göstərir. Fransa, xüsusilə Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışdığı bir dövrdə, regionda yaranan boşluğu doldurmağa çalışan əsas Avropa ölkələrindən biri kimi çıxış edir.
Bundan əlavə, Fransa Ermənistana tarixi və dini yaxınlıq prizmasından da yanaşır. Avropa dövlətlərinin tarix boyu xristian həmrəyliyi çərçivəsində bir-birinə verdiyi dəstək müəyyən mənada bu münasibətlərdə də özünü göstərir. Bu səbəbdən Fransa tez-tez Ermənistanın yanında olduğunu nümayiş etdirməyə çalışır.
Lakin burada diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistan özü son dövrlərdə Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh prosesinin davam etdirilməsi barədə mesajlar verir. Azərbaycan da kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və müxtəlif humanitar addımlar istiqamətində təşəbbüslər nümayiş etdirir. Belə bir şəraitdə Fransanın sərt və qızışdırıcı bəyanatları bəzən Ermənistanın öz mövqeyindən daha radikal təsir bağışlayır. Bu isə Ermənistandakı revanşist dairələrin daha da fəallaşmasına stimul verə bilər.
44 günlük Vətən müharibəsindən sonra Fransanın Azərbaycana münasibətdə daha sərt xətt götürdüyü açıq görünür. Ermənistanın silahlandırılması, Azərbaycana qarşı davamlı ittihamlar və qərəzli bəyanatlar regionda yeni geosiyasi qarşıdurma mühiti formalaşdırır. Bu siyasət eyni zamanda, Türkiyə-Azərbaycan strateji ittifaqının güclənməsinə qarşı yönəlmiş geosiyasi yanaşma kimi də qiymətləndirilə bilər.
Fransanın bəzi rəsmilərinin Azərbaycan ərazilərini hələ də "Dağlıq Qarabağ" kimi təqdim etməsi isə, xüsusilə qəbuledilməzdir. Çünki Azərbaycanın suveren ərazisində bu adda inzibati ərazi vahidi mövcud deyil. Bu cür ifadələr Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə zidd yanaşmadır və iki ölkə arasında diplomatik gərginliyi daha da artırır.
Fransa, ilk növbədə, özünün neokolonial siyasətinə və müstəmləkə keçmişinə nəzər salmalıdır. Azərbaycanın beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə atdığı addımları təhrif etmək əvəzinə, öz tarixindəki müstəmləkəçilik siyasətini və müxtəlif regionlarda yaratdığı ağır nəticələri obyektiv şəkildə dəyərləndirməlidir".
Zeynəb Mustafazadə