Qaqauziya İcraiyyə Komitəsi seçkilərlə bağlı iclasda iştirakdan imtina edib- ÖZƏL

Qaqauziya Muxtar Vilayətinin İcraiyyə Komitəsinin nümayəndələri qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək Xalq Toplantısının (parlamentinin) iclasında iştirakdan imtina ediblər. Nəticədə muxtariyyət deputatlarının seçkilərinin keçirilməsi şərtlərinin müzakirəsi baş tutmayıb.
Olaylar.az xəbər verir ki, Qaqauziya rəhbərinin birinci müavini İlya Uzun bildirib ki, İcraiyyə Komitəsinə hüquqi ekspertiza və ictimai dinləmələr tələb edən qərar layihələri ilə bağlı sənədlər təqdim olunmayıb.
"Bizdə heç bir material yoxdur, söhbətin nədən getdiyini bilmirik. Bu, Qaqauziya üçün taleyüklü və normativ xarakter daşıyan qərardır. Siz İcraiyyə Komitəsinə rəy almaq üçün sənədləri göndərməli idiniz. Eyni zamanda Ədliyyə İdarəsinin rəyini almalı və ictimai dinləmələr keçirməli idiniz. Məni bu gün bura qanunsuzluğu leqallaşdırmağa çağırmısınızsa, mən buna qatılmayacağam", -deyə Uzun bildirib və iclas zalını tərk edib.
Bundan sonra Xalq Toplantısının sədri vəzifəsini icra edən Nikolay Ormanji kvorumun olmaması səbəbindən iclasa fasilə verildiyini elan edib. Məlumata görə, 33 deputatdan yalnız 13-ü iclasda iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31