Köçəryan: Ermənistan hakimiyyəti əsirlərin qaytarılmasında maraqlı deyil – ÖZƏL
14:32 DünyaOlaylar.az xəbər verir ki, "Ermənistan" blokunun baş nazirliyə namizədi, sabiq prezident Robert Köçəryan Noyemberyan sakinləri ilə görüşündə bildirib ki, Ermənistanın hazırkı hakimiyyəti Azərbaycanda saxlanılan şəxslərin qaytarılmasında maraqlı deyil.
Siyasətçinin sözlərinə görə, hakimiyyət bu məsələ ilə məqsədli şəkildə məşğul olmur, çünki nüfuzlu şəxslərin, xüsusilə seçkilər ərəfəsində geri dönməsi onların siyasi maraqlarına ziddir. Köçəryan qeyd edib ki, rəsmi İrəvanın Dağlıq Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyini qaytarmaq üçün ciddi imkanları olub.
O, baş nazir Nikol Paşinyanın "Tramp marşrutu" sənədini paraflamaq üçün Vaşinqtona səfəri zamanı bu mövzunu gündəmə gətirə biləcəyini, lakin bu fürsətdən istifadə etməməsini cinayət adlandırıb. Birinci Qarabağ müharibəsindən sonra əsirlərin "hamının hamıya" prinsipi ilə dəyişdirildiyini xatırladan Köçəryan, hakimiyyətin Ruben Vardanyan, Bako Saakyan və Arkadi Qukasyan kimi şəxslərin ölkədəki siyasi proseslərə təsir göstərə biləcəyindən qorxduğu üçün onların qayıdışını qəsdən ləngitdiyini vurğulayıb.