“Balaca qara balıq” okeanda
17:00 ƏdəbiyyatEluca Atalının məşhur kitabı haqqında qeydlər
Əvvəli ötən sayımızda
Eluca Atalının qəhrəmanı (qəhrəmaları) - milli kimliyini, vicdanını, azadlıq duyğusunu qorumağa çalışan bir insandır (insanlardır). "İnqilabın travması" onun (onların) daxili sarsıntısını, mənəvi parçalanmasını göstərir. İnqilabdan azadlıq gözləyən insan (insanlar), onun zülmünün qurbanına çevrilir (lər).
Burada müəllif oxucuya bir sual ünvanlayır: İnqilab kimin üçün və nəyə görə idi?
Əgər inqilab azadlıq gətirmirsə, əgər xalqın övladlarını zindana salırsa, o zaman bu, inqilab deyil - travmadır, illərlə sağalmayan yaradır.
Eluca Atalının dili bu bölümdə pubisistik tonda olsa da, bədii dərinliyini itirmir. Onun cümlələrində zindan divarlarından çox, sükutun içində qışqıran insan ruhu eşidilir. Yazıçının bu bölümdə oxucuya catdırmaq istədiyi budur ki, həbsxanalar bədəni bağlaya bilər, amma düşüncəni, sözün gücünü boğa bilməz.
Bu bölümdə söz həm silah, həm xilas, həm də müqavimət formasıdır. Müəllifin üslubunda Mirzə Cəlilin satirik təfəkkürü ilə, Cəfər Cabbarlının ideoloji qətiyyəti birləşir.
Eluca Atalı imzası sadəcə yazıçı adı deyil, milli məsuliyyətin ifadəsidir. O, "İnqilabın travması" bölümü ilə göstərir ki, yazıçı təkcə şahid deyil - həm də sorğulayan, mühakimə edən və xalqın ağrısını dilləndirən şəxsiyyətdir.
Bu bölümdəki ideya ümumilikdə bir çağırış kimi səslənir: Zülmə qarşı susmaq inqilabın ruhuna xəyanətdir.
Eluca Atalının "İran hizbullah zindanında" romanının "İnqilabın travması" bölümü sadəcə tarixi faktların bədii ifadəsi deyil, həm də mənəvi oyanışa səsləyən bir əsərdir. Yazıçı inqilabın travmasını göstərməklə oxucunu azadlığın dəyəri, insan ləyaqətinin müqəddəsliyi haqqında düşünməyə vadar edir.
"Üç vəd, üç tələb" - mülahizə
Eluca Atalının "İran hizbullah zindanında" romanı yalnız bir əsirlik hekayəsi deyil, həm də bir millətin, bir inancın və bir insanın mənəvi dirəniş salnaməsidir. Bu əsərin hər bölümü bir vicdan aynası kimi oxucunu düşündürür, silkələyir və sorğuya çəkir. "Üç vəd, üç tələb" bölümü isə romanın ideya fəlsəfəsində mərkəzi yer tutur - burada insanın daxili azadlığının fiziki zəncirlərdən daha güclü olduğu, iman və milli kimliyin heç bir divar arasında boğula bilmədiyi gerçək bədii dillə ifadə olunur. Məsələn, ikinci kitabda (bölümdə - hissədə) 92-ci səhifədə "İtaət təlimi" yarımbaşlıqlı (sərlövhəli) parçada maraqlı müzakirə səhnəsi təqdim olunur: " ... - itaət o demək deyil ki, səni gördükdə səcdəndə baş əysinlər, əgər sən belə düşünsən köklü səhv etmiş olarsan. Kütləni idarə etməyi bacaran liderin səriştəsi ölkənin ən ucqar nöqtəsində belə özünü nişan verməlidir. Sənin adın gələndə salavat çevirib, zikr etsinlər və sənsiz yaşayışın varlığına inanmasınlar..."
Ancaq, necə deyərlər: "Sən saydığını say, gör zaman nə sayır," və burada ikinci məşhur bir kəlam yada düşür: "Sonunu düşünən qəhrəman olmaz!" Bizim qəhrəman da ilk gündən heç sonunu düşünmədi. Onun (yuxarıdakıların - idarə edənlərin nə planlaşdırmasından asılı olmayaraq) özü-özünə verdiyi üç vədi, və özündən gözlədiyi üç tələbi var idi.
"Üç vəd, üç tələb" - adında sadə görünən bu rəmzlər, əslində, bir xalqın taleyinin, bir insanın əqidəsinin və bir yazıçının missiyasının simvoludur.
Zindan mühitində insanın ümidini, iradəsini və imanını sınayan bütün amansız qüvvələrə qarşı qəhrəman öz içində müqavilə bağlayır - üç vəd verir: Allaha, Vətənə və vicdanına. O, bu vədlərlə öz mənəvi bütövlüyünü qoruyur, düşmənin fiziki zoruna qarşı mənəvi müqavimət cəbhəsi yaradır.
"Üç tələb" isə zindanın divarları arxasında qaranlığa qarşı bir çağırışdır. Bu tələblər azadlıq istəyinin, ədalət arzusunun, millətinə xidmət əzminin ifadəsidir. Eluca Atalı burada sadəcə qəhrəmanın deyil, bütün əsir xalqların nümayəndələrinin ruhunu danışdırır. O tələblər sanki illərlə susdurulmuş, təhqir edilmiş bir xalqın qəlbindən qopan səsdir:
- Mən azad yaşamaq istəyirəm,
- Mən öz dilimdə danışmaq istəyirəm,
- Mən öz xalqıma xidmət etmək istəyirəm.
Bu sətirlərdə təkcə fərdi azadlıq istəyi deyil, həm də bir millətin öz kimliyinə dönüş çağırışı duyulur.
Eluca Atalı publisist düşüncəsini romanın bədii mətninə elə incə bir ustalıqla hopdurur ki, "Üç vəd, üç tələb" həm bədii, həm fəlsəfi, həm də ideoloji manifestə çevrilir. O, qəhrəmanının dili ilə deyir ki, zindan bədəni sıxar, amma ruhu sındıra bilməz. Yazıçı burada milli oyanışın əsasını qoyan ideyanı səsləndirir: "Zülm qarşısında susmaq günahdır, haqq üçün danışmaq borcdur."
Bu bölümdəki publisistik enerjinin qaynağı təkcə siyasi düşüncə deyil, həm də mənəvi ağrı, milli yaddaş və ədalət hissidir. Eluca Atalı oxucusunu təkcə hadisəyə şahid etmir, onu düşünməyə, mövqe tutmağa çağırır.
Zindan burada təkcə bir fiziki məkan deyil - o, cəmiyyətin, sistemin, ideoloji təzyiqlərin rəmzidir. "Üç vəd, üç tələb" bölümü göstərir ki, zülm və qorxu mühitində insanın içindəki azadlıq işığı sönmür, əksinə, daha da parlayır. Eluca Atalının qəhrəmanı həmin işığın daşıyıcısına çevrilir - o, zindandan çıxmasa da, ruhən azad olur.
"Üç vəd, üç tələb" bölümü Eluca Atalının yazıçı-vətəndaş mövqeyini, onun publisist qələminin gücünü açıq şəkildə nümayiş etdirir. Burada müəllif bir daha sübut edir ki, azadlıq - kənardan verilən nemət deyil, içəridə doğulan həqiqətdir. Bu həqiqət uğrunda savaşmaq isə hər bir vicdan sahibinin vəzifəsidir.
Eluca Atalı bu bölümdə həm bir ideologiyanın, həm bir nəsil düşüncəsinin, həm də bir millətin təmiz mənəviyyatının simvolik manifestini yaradır. "Üç vəd, üç tələb" - insanın Allahla, Vətənlə və öz vicdanı ilə bağladığı müqəddəs and kimi qalır.
"Qanlı orkestr" - fəryad
Eluca Atalının "İran hizbullah zindanında" əsərinin "Qanlı orkestr" bölümü yazıçının həm sənətkarlıq ustalığını, həm də milli və insani ağrılara qarşı içdən gələn etirazını ifadə edən dərin publisistik çalarlarla doludur. Bu bölümdə müəllif təkcə bir məhbusun və ya bir xalqın ağrısını deyil, bütöv bir insanlığın sarsıntısını - zülmün, zorakılığın, mənəvi işgəncənin səsini eşitdirir. "Qanlı orkestr" - adından da göründüyü kimi, zülm səltənətinin qurduğu bir səsli sükutdur: qanla çalınan, acı ilə səslənən bir "musiqi".
Eluca Atalı bu bölümdə zindanı bir orkestrə bənzədir. Hər bir məhbusun naləsi, hər bir qamçı zərbəsi, hər bir sükut anı - bu "orkestrin" fərqli notlarıdır. Lakin bu notlar harmoniyadan deyil, işgəncədən və qorxudan yaranır. Yazıçı göstərir ki, diktatura yalnız bədənləri deyil, ruhları da əsir götürmək, insanın içindəki səsi - düşüncəni, etirazı, azadlıq istəyini boğmaq istəyir.
Bu mənada "Qanlı orkestr" sadəcə bir hadisə deyil, siyasi və mənəvi metaforadır. Atalı burada cəza sisteminin mahiyyətini ifşa edir: məhbusun qırılan sümükləri, səssiz fəryadı - zalım rejimin "bəstələdiyi" qanlı simfoniyadır.
Eluca Atalının qəhrəmanı - idealları uğrunda mübarizə aparan bir insan - bu "orkestrdə" səssiz qalsa da, onun sükutu bir mənəvi üsyan kimi səslənir. Zindanda səslərin boğulduğu yerdə ruh danışmağa başlayır. Yazıçı məhz bu məqamda oxucunu dərin bir fəlsəfi düşüncəyə çəkir: "İnsan səsi susa bilər, amma ruhun çağırışı heç vaxt susmur."
Bu, Eluca Atalının bədii ideyasının əsas nüvəsidir. "Qanlı orkestr"dəki hər səhnə, hər təsvir insan ruhunun ölməzliyinə, azadlıq eşqinin məğlubedilməzliyinə işarədir. Zülm - nə qədər güclü olsa da - düşüncəni və inancı əsir edə bilmir. 178-ci səhifədən başlayan "Zindan nədir?" yarımbaşlıqlı (sərlövhəli) parçada - 179-cu səhifədə belə bir məqam var: "...canavar rola girməz, yəni mütrüflüyü bacarmaz. "İşgəncə ilə sağalmayanlar"a canavar adı verilməli, onların üzərinə çox əmək verməyə dəyməz, çünki onlar tərbiyə edilməzdilər."
"Qanlı orkestr" bölümü təkcə zindan gerçəkliyini əks etdirmir; bu, ədəbiyyatın vicdan səsi kimi səslənən bir manifestdir. Eluca Atalı öz qələmi ilə rejimlərin yalançı "harmoniyasını" dağıdır, onların "sükut musiqisini" gerçək səslərlə - insanın ağrısı, üsyanı və inamı ilə əvəzləyir.
Publisistik ruh burada həm siyasi, həm də mənəvi dəyərlərin müdafiəsinə çevrilir. Yazıçı qəhrəmanlarının başına gələn müsibətlərlə göstərir ki, hər bir zindan, əslində, rejimin öz iç dünyasının qaranlıq aynasıdır. Orada çalınan "qanlı orkestr" - zalımın öz vicdanının səsi, öz günahının əks-sədasıdır.
Eluca Atalının "Qanlı orkestr" bölümü, zülmün estetikasını deyil, həqiqətin faciəsini göstərən bir bədii etirafdır. Bu bölümdə yazıçı oxucunu təkcə düşünməyə deyil, duymağa çağırır - ağrını, səssiz etirazı, içdə yanan azadlıq tonlarını.
Üçüncü bölümdən danışarkən yazımın tam və bitərəf olması üçün bu məqamı mütləq vurğulamaq istəyirəm. "Qanlı orkestr" bölümü özü də çoxlu yarımbaşlıqlardan (sərlövhələrdən) ibarətdir. Bu sərlövhələr ya hansısa anlayış, ya də növbəti "tərbiyələndirmə" səfərləri (çıxışları) haqqındadır. Ya təsadüfən ya da müəllif bilərəkdən bu səfərlərin sayını 114 müəyyənləşdirib ("Quran" 114 surədən ibarətdir). Məhbusların dindirilməyə aparılıb, geri qaytarılması səhnələrinin təsviri olduqca yeknəsəq təsir bağışlayır (bu əslində həyatın boz üzünün göstəricisidir).
Ümumilikdə isə "Qanlı orkestr" - zindanın divarlarında əks-səda tapan milli və mənəvi dirənişin simfoniyasıdır. Bu orkestrin ifası bəzən hüzünlü ney, bəzən yanıqlı ud, bəzən də odlu -olovlu saz səs-sadasından ibarət olur. Bəzənsə iki ayrı hissədən ibarət olan zərb alətinin (Zil, Sinc, Cymbal) bir-birinə zərblə dəydikdən sonra eşidilən cingiltili səsinin sonsuzluğa qədər eşidilib, intəhasız sükutda əriməsinin şahidi oluruq. Eluca Atalı bu əsərlə göstərir ki, sükut bəzən qışqırıqdan daha ucadır, çünki bu sükut - haqqın, vicdanın və azadlıq istəyinin səsidir.
Həyatı tabutda axtaranlar - zülmün kölgəsində insanın mənəvi dirənişi
Eluca Atalının "İran hizbullah zindanında" romanı çağdaş Azərbaycan publisistikasının ən ağrılı, eyni zamanda ən ibrətli mətnlərindən biridir. Bu əsərdə müəllif zindanın daş divarları arasında əzilən deyil, məhz orada dirilən, mənəvi qələbə qazanan insan obrazlarını yaradır. "Həyatı tabutda axtaranlar" bölümü romanın ən dramatik, lakin ən fəlsəfi hissələrindən biridir. Bu bölümdə müəllif ölüm və həyatın sərhədini, zülm və dirənişin toqquşduğu məqamı publisistik dillə təqdim edir.

Ardı növbəti sayımızda
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.