Sərhəd kəndləri üzərində müzakirələr: Regionu nə gözləyir?- ÖZƏL
16:23 SiyasətZəngəzur dəhlizinin açılması məsələsi sərhədin bu istiqamətdə delimitasiyasını aktuallaşdırıb və bu da Qazaxın üç anklav kəndinin- Sofulu, Bərxudarlı, Yuxarı Əskiparan və Naxçıvanın Kərki kəndinin geri qaytarılması mövzusunu yenidən gündəmə gətirib. Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, Ermənistan hazırda təxminən 110 kv.km Azərbaycan ərazisini nəzarətdə saxlayır və bu mövzunun əsas hissəsi 1990-cı illərdən qalan qeyri-dəqiq sərhəd xəttidir.
Erməni politoloq Suren Surenyants bildirir ki, anklavların qaytarılması Azərbaycan üçün prioritetdir və Bakı bunu sülh müqaviləsinin şərtlərindən biri kimi görür. Müxalifət isə hesab edir ki, hökumət ardıcıl güzəştlərə gedir və anklavların qaytarılması Ermənistan üçün ciddi logistika və təhlükəsizlik problemləri yarada bilər. Hakim fraksiyadan Sarkis Xandanyan isə bildirir ki, anklav məsələsi delimitasiya prosesinin tərkib hissəsidir və bütün addımlar 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən aparılmalıdır.
Anklavların geri qaytarılması Ermənistan-Azərbaycan münasibətlərində real sülhə yol açan addım sayıla bilər, yoxsa tərəflər arasında yeni təhlükəsizlik riskləri yaradacaq?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
"Öncə onu qeyd etmək lazımdır ki, erməni politoloqlarının məsələyə baxışı bir çox hallarda hissi və prosesin real tərəflərini özündə əks etdirməyən yanaşmalar olur. Misal üçün, Surenyantsın açıqlamasında qeyd etdiyi Azərbaycanın anklavların qaytarılmasını prioritet görməsi və bunu sülh müqaviləsinin şərtlərindən biri kimi təqdim etməsi məsələyə aydın baxışın olmadığını göstərir. Təbii olaraq, Azərbaycan torpaqlarını geri qaytarmaq istəyir, amma nəzərə almaq lazımdır ki, artıq yeni reallıqlar əsasında yaşayırıq və sülhün davamlılığı Azərbaycan üçün birinci növbəli prioritetdir. Bu, çox mühüm məsələdir. Diqqət etsəniz, bu gün Azərbaycan və Ermənistan arasında kifayət qədər konstruktiv bir dialoq var və bu dialoq vasitəçi olmadan gerçəkləşir. Hərçənd Əbu-Dabidə və sonra Vaşinqtonda keçirilən görüşlərdə Amerika vasitəçiliyi oldu, amma o vaxtdan bu günə qədər Şarm əl-Şeyxdən tutmuş Kopenhagendəki görüşlərədək Azərbaycanın vasitəçi olmadan dialoqa getdiyinin şahidi olduq. Buradan çıxan nəticə budur ki, həm Azərbaycan, həm də Ermənistan daha çox sülhün əldə edilməsinə istiqamətlənib. Yəni danışıqların əsas prioriteti "bu ərazi qaytarılsın, bu ərazi verilsin" məsələsi deyil. Hansı məsələlər birinci növbədə həll edilə bilər, hansılar gələcəyə buraxıla bilər məsələ budur. Çünki əgər bu gün problemli məsələlərə fokuslansaq, sülh əldə edə bilməyəcəyik. Zaten 30 illik danışıqlara baxanda ən böyük problem də bu idi: dırnağarası vasitəçilər sülhü əldə etməyə deyil, daha çox problemli məsələləri qabartmağa çalışırdılar. Halbuki uzlaşıla bilən məsələlər həll edildikdən sonra çətin məsələlərə keçmək lazım idi. O baxımdan mən düşünürəm ki, indiki məqamda uzlaşıla biləcək məsələlər müzakirə olunur. Məsələn, bu görüşlərdən əvvəl Qazaxın 4 kəndinin qaytarılması məsələsini gördük. Bu, uzlaşıla biləcək məsələ idi. Əgər bu gün Sofulu, Bərxudarlı, Yuxarı Əskiparan və Naxçıvanın Kərki kəndi, eləcə də Ermənistanın iddia etdiyi Gədəbəy ətrafındakı ərazilər və Başkənd məsələsi müzakirəyə çıxarılacaqsa, lakin tərəflər hələ bunda uzlaşmırsa, bu mövzular müvəqqəti olaraq saxlanacaq. Çünki bizim üçün prioritet sülhə mane olacaq məsələlərdən maksimum uzaq durmaqdır. Bu o demək deyil ki, Azərbaycan problemlərdən qaçır. Sadəcə, indiki məqamda bu məsələlər sülh prosesinə zərər vuracağı üçün növbəti mərhələyə saxlanılır. Birinci növbədə etimad mühiti lazımdır. Etimad mühiti nələrlə yaranır? Məsələn, Ermənistan 4 kəndi qaytardı - etimad bir qədər bərpa olundu. Ermənistan hava məkanını Azərbaycan üçün açdı etimad bərpa olundu. Azərbaycan Qazaxıstana gedən taxıl yüklərini və Ermənistan tırlarının ölkəmizdən keçməsini asanlaşdırdı - bu da müsbətdir. Azərbaycan eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da dəstək verir. Bunlar hamısı etimad quruculuğudur. Belə bir məqamda birdən-birə Başkənddən, Kərkidən danışmaq prosesi pozmaq istəyən qüvvələrin işinə yaraya bilər. Ona görə də daha təmkinli olmaq lazımdır.
Cənab Prezidentin çıxışlarında da Ermənistan-Azərbaycan konstruktiv dialoqu vurğulanır və Azərbaycan gündəliyinin nədən ibarət olduğu açıq şəkildə görünür.
Mən Ermənistan tərəfinin, xüsusilə də Paşinyanın, indiki məqamda bu məsələləri aktuallaşdırdığını düşünmürəm. Daha çox müxalifət tərəfindən səsləndirilir. Yəni bu fikirlər müxalifətin mövqeyidir. Azərbaycan tərəfi prosesə maksimum dərəcədə pragmatik yanaşır. Qarşılıqlı güzəşt prinsiplərində də maraqlıyıq. Amma burada yeni reallıqlar var.
Düşünürəm ki, burada nələrin olacağını zaman göstərəcək və reallıqların diktə etdiyi həll variantları ortaya çıxacaq. Məsələn, Fərqanə vadisində də çox ciddi problemlər var idi və həmin problemlər tərəflər arasında müxtəlif formatlarda həll olundu. Bəzən qarşılıqlı torpaq mübadiləsi aparılır, bəzən tərəflərdən biri müəyyən ərazidən imtina edir, bəzən isə heç kim imtina etmir, əraziyə gediş-gəliş üçün dəhliz açılır. Yəni fərqli variantlar var. Ona görə də indiki məqamda hansı variantın seçiləcəyini demək mümkün deyil. Tamamilə yeni bir model də ortaya çıxa bilər. Yəni bu mövzuda tələskənliyə ehtiyac yoxdur. Hesab edirəm ki, təmkinli olmaq və müxalifətin səsini səsləndirən politoloqların fikirlərinə diqqət yetirməmək lazımdır. Əgər bunu Ermənistanın baş naziri və ya rəsmi şəxslərdən biri desəydi, o zaman ciddi müzakirə mövzusu ola bilərdi. Amma bu şəxs politoloqdur, o öz şəxsi fikrini bildirir və onun mövqeyi dövlətin mövqeyini əks etdirmir.
Ermənistan -Azərbaycan sərhəd xəttinin qeyri-dəqiq olması aydındır. Amma o da aydındır ki, uzun müddətdir sərhəd komissiyalarının fəaliyyəti var. Yəni sərhəd komissiyaları işləyir və bu işlə bağlı müəyyən vaxtlarda hesabatlar təqdim edilir. Bu günə qədər mən hələlik tərəflər arasında mübahisəli və ya həlli dalana dirənən bir məsələ olduğunu düşünmürəm. Tutaq ki, sərhədin şimalından cənuba doğru delimitasiya aparılacaqsa, şimalda dörd kənd qaytarılıbsa, deməli, əgər qayıtarılmayan yerlər varsa, bu, hələlik həll edilə bilməyən məsələdir. Həll edilən məsələlərə fokuslanmaq, yoxsa həll olunmayan məsələlərə qayıtmaq lazımdır. Bu, məncə, konstruktiv nəticələr üçün bizə ən optimal variantı verəcək.
Məsələyə belə baxmaq lazımdır: bu anklavların qaytarılması Ermənistan-Azərbaycan münasibətlərində real sülhə addım sayıla bilərmi? Sual yaranır ki, misal üçün, Azərbaycan Kərkini qaytar biz Kərkiyə necə gedib-gələcəyik? Kərki konkret anklavdır. Ora gediş-gəliş necə olacaq? Yaxud Başkənd qaytarılsa, Ermənistana gediş-gəliş necə təşkil olunacaq? Adətən bu situasiyalarda tərəflər qarşılıqlı güzəştə gedirlər. Yəni sual yaranır: biz Kərkini alıb Başkəndi verəcəyikmi? Başkənd daha strateji ərazidir. Təbii ki, torpaqlar arasında dəyər-dəyərsiz bölgüsü etmirik, amma anklavların sadəcə "hamının hamıya" prinsipi ilə qaytarılması yeni problemlər yarada bilər. Mənə görə daha optimal variant qarşılıqlı güzəşt modelidir. Amma bu, subyektiv fikrimdir və bir mənalı düşüncəm deyil. Azərbaycanın da belə bir yanaşması olduğunu hələlik düşünmürəm. Bunu zaman göstərəcək. Anklavların klassik qaydada yəni sadəcə geri qaytarılması - yeni problemlər doğuracaq. O ərazidə kim yaşayacaq? O əraziyə necə səfərlər ediləcək? Sabah dövlət rəsmilərinin ora səfəri zamanı hansı təhlükəsizlik mexanizmləri olacaq? Bu kimi məsələlər problemi daha da böyüdə bilər".
Zeynəb Mustafazadə