“D-8 Forumu Bakının siyasi iradə mərkəzinə çevrildiyini göstərir” – Elçin Xalidbəyli – ÖZƏL
16:42 Siyasət"İqtisadi Əməkdaşlıq Təşkilatının media forumunun məhz Bakıda keçirilməsi Azərbaycanın qlobal məkanda, eləcə də regionda artan nüfuzunu və siyasi iradə mərkəzinə çevrilməsini göstərir".
.jpg)
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan son illərdə çoxvektorlu xarici siyasət yürütməklə həm öz nüfuzunu, həm də təsir gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan ölkəmiz son dövrlər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir.
"D-8 forumunun da Bakıda keçirilməsi onu göstərir ki, Azərbaycan artıq dünyada həm siyasi, həm də intellektual mərkəz kimi qəbul olunur. Bunun həm iqtisadi sahədə, həm də qlobal informasiya məkanında ciddi təsirləri olacaq və bu da Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsinə səbəb ola bilər," - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub və dünyada avangard dövlət kimi tanınır. D-8 Media Mərkəzinin Azərbaycanda yaradılması təşəbbüsü də ölkəmizin bu cür böyük layihələrdə ön sırada yer almağa qadir olduğunu göstərir.
"Bu, Azərbaycanın potensialı, resursları, iqtisadi inkişaf səviyyəsi və qlobal siyasi təsir imkanları ilə əlaqədardır. Belə nəticə çıxarmaq olar ki, Azərbaycan növbəti mərhələdə öz siyasi və intellektual potensialını dünyaya daha geniş şəkildə təqdim edəcək," - deyə E. Xalidbəyli sonda vurğulayıb.
Sevda Dəniz