Taleh Əliyev: "Bakı-İrəvan sülhünün imzalanmasında etimad quruculuğu əsas amildir" – ÖZƏL
16:09 Siyasətİrəvan Bakıya xüsusi heyət göndərir. Ermənistan hökuməti 5 nəfərlik ekspert qrupunun 21-25 noyabr tarixlərində Bakıda keçiriləcək "dəyirmi masa"da iştirakını təmin etmək üçün 17,5 milyon dram (təxminən 43 min ABŞ dolları) vəsait ayırıb. Rəsmi İrəvan çarter reysi ilə baş tutacaq bu səfəri iki ölkənin vətəndaş cəmiyyətləri arasında təmasların asanlaşdırılması və etimad mühitinin yaradılması zərurəti ilə əsaslandırıb.
Maraqlıdır, səfər gözlənilən etimad mühitini yarada biləcəkmi? Belə səfərlər iki ölkə arasında münasibətlərə, sülhün imzalanmasına necə təsir edəcək?
"Erməni ekspertlərinin Bakıya beş günlük səfəri, əslində, Azərbaycanla Ermənistan arasında aparılan sülh quruculuğu prosesinin inkişafı baxımından təqdirolunası bir addımdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, ilk səfər azərbaycanlı ekspertlərin İrəvana səfəri ilə baş tutmuşdu və hazırkı səfər qarşılıqlı addım kimi daha böyük əhəmiyyət daşıyır. Azərbaycan və Ermənistan arasında sülhün paraflanması və birgə bəyanatın qəbuluna qədər 8 avqust Vaşinqton görüşündə tərəflərin razılaşdığı məsələlərdən biri vətəndaş cəmiyyətinin sülh və etimad quruculuğu prosesinə cəlb olunması idi.
"Düşünürəm ki, bundan sonra da bu istiqamətdə addımlar davam edəcək. Yəqin ki, azərbaycanlı ekspertlərin İrəvan səfəri zamanı müəyyən məsələlər razılaşdırılıb və tərəflər üzərlərinə götürdükləri öhdəlikləri daha dəqiq müəyyənləşdirmək üçün Bakı səfərindən istifadə edəcəklər. Sərhəd boyunca əhalilər arasında etimad quruculuğu, gənclər arasında əlaqələrin inkişafı və digər sahələrdə etimadın artırılması üçün vətəndaş cəmiyyətinin prosesə aktiv şəkildə cəlb olunmasının qarşıdakı dövrdə də şahidi olacağıq. Çünki tərəflərin Vaşinqton görüşündə razılaşdırdığı əsas məqamlardan biri məhz hər iki ölkənin vətəndaş cəmiyyətlərinin sülh quruculuğu prosesinə töhfə verməsi idi," - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, hazırda Ermənistanda hələ də faşist ideologiyası elementləri və daşnak düşüncə tərzi mövcuddur. Bu kimi ideoloji baxışların aradan qaldırılması və cəmiyyətdə sülhü, birgə yaşayışı təşviq edən ideyaların gücləndirilməsi üçün hər iki tərəfdən vətəndaş cəmiyyətinin aktiv iştirakı zəruridir. Keçirilən bu görüş də həmin istiqamətdə atılmış növbəti müsbət addımdır.