Çoxvektorlu siyasət və informasiya gücü: D-8 Media Bakıda- ÖZƏL

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Media Forumu öz işinə başlayıb. Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriyanı birləşdirən D-8 təşkilatı 2 milyard insanın yaşadığı nəhəng bir coğrafiyanı və qlobal iqtisadiyyatın mühüm hissəsini əhatə edir.
Forum Azərbaycanın son aylarda nümayiş etdirdiyi uğurlu çoxvektorlu xarici siyasətinin davamı kimi qiymətləndirilir. Prezident İlham Əliyevin BMT, Danimarka və Orta Asiya ölkələri çərçivəsindəki son təmaslarından sonra belə bir qlobal platformaya ev sahibliyi etməsi rəsmi Bakının həm regional, həm də trans-regional müstəvidə artan nüfuzundan xəbər verir. Forumun əsas gündəliyi üzv ölkələrin informasiya potensialının birləşdirilməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə D-8 Media Mərkəzinin məhz Bakıda yaradılması təklifi isə Azərbaycanın bu nəhəng blokun informasiya siyasətində koordinasiyaedici mərkəz rolunu üzərinə götürməsi deməkdir. 
D-8 Media Mərkəzinin məhz Bakıda yaradılması təşəbbüsü Azərbaycana iqtisadi və siyasi dividentlər baxımından nə vəd edir?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib: 
"  Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda öz fəaliyyətini genişləndirir, yeni-yeni təşkilatların üzvü olmağa çalışır və bununla da çoxvektorlu siyasətini inkişaf etdirməkdədir. O cümlədən, Bakının məhz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasından sonra bu təşkilatın media forumunun ölkəmizdə keçirilməsi mühüm hadisədir. Çünki informasiya müharibəsi kontekstində dezinformasiya və feyk məlumatlarla mübarizə mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda düşünürəm ki, D-8 Media Mərkəzinin Bakıda yaradılması təşəbbüsü Azərbaycana iqtisadi və siyasi dividendlər qazandıracaqdır. Media strategiyalarının formalaşdırılması, media platformalarının işə başlaması ölkəmizin informasiya siyasətini də gücləndirən amildir. Çünki beynəlxalq müstəvidə ölkəmiz əleyhinə olan məlumatların ifşa edilməsi və təkzib olunması üçün əlavə alət və mexanizmlərə ehtiyac vardır.
Azərbaycan media siyasəti müstəvisində də bir sıra praktiki, əlverişli addımlar atır və Azərbaycan reallıqlarının beynəlxalq mediada təqdim olunması işi genişləndirilir. Hesab edirəm ki, bunun yaxşı nəticələri olacaqdır. Biz Vətən müharibəsində qardaş Türkiyə ilə birlikdə yaradılan media platformasının nə qədər uğurlu olduğunu gördük. Postmüharibə reallıqlarında da bu qardaşlıq davam etdirilir.
İndi isə sevindirici haldır ki, qardaş Türkiyə ilə yanaşı İran, Pakistan, Banqladeş, Malayziya, Misir, İndoneziya və Nigeriya nümayəndələri də media siyasəti üzərində çalışırlar. Bu dost və tərəfdaş dövlətlərlə birlikdə media siyasəti müstəvisində əməkdaşlıq ölkəmizə əlavə üstünlüklər qazandıracaqdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31