“Virtual cəngəllikdə” sağlam düşüncə çətinləşir: Yeniyetmələrdə aqressiya niyə artır?

Son illər məktəblərdə baş verən aqressiya, zorakılıq və hətta qətl hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəzən adi mübahisə ilə başlayan konfliktlər ağır nəticələrə gətirib çıxarır, məktəb divarları arasında təhlükə hissi artır, valideynlər isə övladlarının psixoloji durumundan narahat olmağa başlayır. Bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur. Lakin yerli sosial şərait, ailə faktorları və məktəb mühitinin problemləri bu prosesin daha kəskin yaşanmasına səbəb olur.
Psixoloqların fikrincə, aqressiv davranışın formalaşmasında ən mühüm faktor ailə mühitidir. Son illər sosial-iqtisadi gərginliklər, ailədaxili münaqişələr, boşanmaların artması, valideyn nəzarətinin zəifləməsi və emosional soyuqluq uşaqların davranışına birbaşa təsir edir. Valideynlərin uşaqla ünsiyyətinin azalması, ailədaxili şiddətin şahidi olmaq, həddindən artıq sərt və ya tamamilə laqeyd tərbiyə, atanın yoxluğu və ya ailədaxili rolların pozulması və s. Bu hallar uşağın özündə güvənsizlik, aqressiya, emosional stabillik pozuntusu yaradır və sosial mühitə zərər verən davranışlarla nəticələnir. Uşaq ailədə zorakılıq görürsə, məktəbdə zorakılıq törətməyə daha meylli olur. Çünki onun üçün zorakılıq "normal ünsiyyət forması"na çevrilir. Sosial şəbəkələr yeniyetmələrə həm özünüifadə imkanı yaradır, həm də aqressiv nümunələri sürətlə yayır. TikTok, YouTube və sosial platformalarda yayılan zorakılıq səhnələri, dava videoları və "qəhrəmanlaşdırılan" aqressiv davranışlar uşaqların psixikasına ciddi təsir göstərir.  Bir çox ekspertlərin fikrincə, artıq məktəb zorakılığının əhəmiyyətli hissəsi sosial şəbəkələrdə başlayır və daha sonra real həyatda davam edir:

Mövzu ilə bağlı Olaylar.az-a danışan Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu bildirib ki, son dövrlərdə məktəbli və yeniyetmələr arasında zorakılıq hallarının artması artaq heç kimi təəccübləndirmir. Özü də bu təkcə Azərbaycanın deyil, dünyanın probleminə çevrilib. Gündə bir yeni termin meydana çıxır. Bulinq, kiberbulinq, şutinq kimi zorakılıq formaları cəmiyyətin daim müzakirə obyektinə çevrilib. Həm mətbuatın, həm də sosial medianın bu kimi hallarının yayılmasında, aqressiyanın çoxalmasında təsiri danılmazdır. Zorakılıq adiləşib, insanlar artıq baş verənləri norma kimi qəbul edirlər. Cəmiyyətin reaksiyası ya azalıb, ya da yoxa enib. Tiktok kimi platformalar artıq çox böyük güc sahibinə çevriliblər. Məsələn, Böyük Britaniyada bu şəbəkə vasitəsilə yayılan videoların təsiri nəticəsində yeniyetmələrin kütləvi zorakılığı əl atmasını, dükan və kafeləri yerlə-yeksan etməsini də müşahidə etmişik. Elə bil ümumi mərkəzdən komanda alan dəstə kimi gənclər küçələrə axaraq Britaniya şəhərlərini darmadağın ediblər. Belə hallar Avropanın bir çox ölkələrində də baş verib. 
Ekspertin sözlərinə görə, zorakılıq edərək bunu videoya çəkmək də bir "qəhrəmanlıq" elementi kimi yeniyetmələrin arasında qiymətləndirilir. Özünü digərindən fərqləndirmək istəyən gənc hər işi görməyə, kimisə döyməyə, nəyisə qırmağa hazırdır. Təki populyarlıq qazana bilsin. Bu günün gənci həm də virtual zorakılığa qarşı böyük immunitetə malikdir. Oyunlarda, filmlərdə, qısa videolarda gördüyü səhnələr onu narahat etmir. O, bunun bəzən bir oyun olduğunu düşünür. Hətta real həyatda törədilən zorakılıq da oyun elementi kimi qəbul edilir. Bunu telefona çəkib paylaşmaqda kimsə bir problem duymur. 
"Jurnalist komandasının çalışdığı redaksiyalarda etik normalar pis-yaxşı gözlənilir. Mediada qaydalar tam gözlənilməsə də, hər halda məlumatın verilməsində bilinən bir istiqamət olur. Sosial şəbəkədə daha çox xaos hökm sürür, feysbuk, quql, yutub kimi nəhəng platformalarda yayılan hər şərhi nəzarət etmək olmur. Uyğunsuz kontent bir tərəfdən silinir, digər tərəfdən isə yenə yerləşdirilir. 
Media savadlılığının artırılmasından nə qədər danışsaq da, bu yöndə kifayət qədər iş görülmür. Məktəb proqramında və ali təhsildə bu proses getmirsə, deməli elə vəziyyət ciddi olaraq dəyişməyəcək. Yeniyetmənin bu "virtual cəngəllikdə" sağlam düşüncədə qalması olduqca çətindir. Ciddi mexanizmlərin hazırlanmasına ehtiyac var. İlk növbədə orta məktəblərə tərəf getməliyik. Media savadlılığına oradan başlamaq lazımdır," - deyə İ. Rafiqoğlu sonda vurğulayıb.

"Məktəblərdə və yeniyetmələr arasında zorakılığın, hətta qətlin artmasının psixoloji kökləri çoxşaxəlidir - fərdi risklər, ailə və məktəb mühiti, sosial-mədəni faktorlar və genişmiqyaslı təsirlər (məsələn, media, silah və ictimai stres)".

Bu fikirləri mövzu ilə bağlı açıqlamasında psixoloq Aygül Məlikova söyləyib: Daha konkret: Əlaqəsiz- pozitiv bağlılığın olmaması (attachment problemləri): erkən uşaqlıqda təhlükəsiz bağlanma formalaşmayanda uşaq emosiyalarını regulyasiya etməkdə, cəmiyyət qaydalarını daxildə mənimsəməkdə çətinlik çəkir.
Model göstərilən aqressiya: evdə və ya ətraf mühitdə şiddət, qəzəb göstəriciləri normal hesab edilərsə, uşaq bunu öyrənir.
Ruhi sağlamlıq problemləri və nəzarətsiz impulsivlik: bəzi yeniyetmələrdə depressiya, PTSS, diqqət/orqanizasiya problemləri, ya da tənzimləmə funksiyalarının pozulması aqressiv reaksiya riskini artırır.
Qruplaşma dinamikası (peer contagion): kənarlaşma, qrup təzyiqi, "status qazanmaq" məqsədi ilə riskli davranışlara meyl.
İcma və sosioiqtisadi stres: yoxsulluq, təhlükəsizlik hissinin olmaması, məhdud resurslar, gərginlik və zorakılıq daha çox görülür.
Asan əlçatanlıq və normallaşma (internet, oyunlar, yollar): qorxunc, desensitizasiyaedici məzmunlar impulsları gücləndirə bilər (amma bu tək səbəb deyil).
"Ailə faktorları çox mühüm və proqnozlaşdırıcıdır, lakin onlar tək deyil:
Erkən mərhələlərdə (0-6 yaş): təhlükəsiz bağlanma formalaşmırsa, emosiyaların tanınması və idarəsi zəifləyir, bu uzunmüddətli risk yaradır. Bu mərhələdə çatışmazlıq kritik hesab olunur.
Orta uşaqlıq (6-12): valideyn nəzarəti, qaydaların ardıcıllığı və valideyn-uşaq danışıqları aqressiyanın formalaşmasında böyük rol oynayır. Nəzarətin tam olmaması və eyni zamanda soyuqluq (uyğun qayğı olmaması) təhlükəlidir.
Yeniyetməlik (12-18): valideyn münasibətləri hələ də əhəmiyyətlidir; lakin peer qruplar və məktəb təsiri artır. Ailə dəstəyinin çatışmazlığı bu mərhələdə riskləri sürətlə gücləndirə bilər, xüsusilə qurbanlaşma, intiqam və ya sədaqət məsələlərində.
Kritik hədd: davamlı emosional laqeydlik + fiziki və ya psixoloji zorakılıq + ictimai izolyasiya bir araya gəldikdə, bu, krizin ən yüksək riski kimi qəbul edilə bilər. Bu üçlük varsa mütləq müdaxilə lazımdır," - deyə psixoloq əlavə edib.
A. Məlikovanın sözlərinə görə, empatiya öyrənilən bacarıqdır. Uşaqlar başqalarının hisslərini valideyn və müəllim modellərindən, sosial qarşılıqlı əlaqədən öyrənirlər. Əgər empatiya praktikası, refleksiya və əks-əlaqə yoxdursa, o zəifləyir.
Emosional regulyasiya sinir sisteminin, erkən təcrübələrin və təlimin kəsişməsidir. Stressli mühit, daimi həyəcan vəziyyəti bu sistemi "qısaldır" - nəticədə impulslar daha tez və sərt çıxır.
Məktəblərdə emosional savadlılıq proqramlarının çatışmazlığı: Uşaqlar duyğuları adlandırmağı, nəfəs-texnikalarını, konflikt həllini və empatiya məşqlərini sistemli öyrənmirlər. Bu da konfliktlərin eskalasiyasına, zorakı davranışların qaynaqlanmasının erkən mərhələdə tutulmamasına gətirir.
Effektiv proqramlar (social-emotional learning - SEL) həm davranışı, həm akademik performansı yaxşılaşdırır; onların olmaması isə ziddiyyətli nəticələr yaradır.

Bu günün uşaqları niyə daha həssas və eyni zamanda daha aqressivdir?

Bioloji faktorlar: yeniyetməlik beyin inkişafı (prefrontal korteksin tam yetişməməsi) impulsidə artım və risk qəbulunu artırır. Bu, hər dövrdə var, amma müasir şərait onu daha görünən edir.
İnformasiya yükü və sensor desensitizasiya: sosial media, 24/7 xəbər və dramatik məzmunlar duyğuları həm artırır, həm də qarışdırır, nəticədə həssaslıqla yanaşı duyğuların idarəsində çətinlik yaranır.
Sosial müqayisə: daim "əsas anların" idealizasiyası (social media) özünü dəyərsiz hiss etməyə gətirir, bu da daxili gərginliyi və qəzəbi artırır.
Müasir həyat tərzi: daha çox təcrid, ekran vaxtı, seçməli təcrübələrin azalması (real sosial bacarıqların azalması) - bunlar həm həssaslığı artıra, həm də aqressiyanı təşviq edə bilər.
Güvən və stabil məkanın azalması: ailə strukturunda dəyişikliklər, iqtisadi qeyri-müəyyənlik və icma bağlılığının zəifləməsi gərginliyi yüksəldir.
Psixoloq həmçinin valideynlər, məktəblər üçün praktik tövsiyələr verib. Valideynlər üçün: Sabitlik və ardıcıllıq - gündəlik rutin, məhdudiyyət və qayda qoyma, ancaq sevgi və duyğu paylaşımı ilə birlikdə.
Duyğu adlandırma - uşağın hisslərini adlandırın - "görürəm ki, çox əsəbisən" və empatiya göstərin.
Emosional məşqlər - nəfəs, "10 saniyə dayanma", hiss kitabçası, roll play ilə konflikt həlli.
Ekran monitorinqi və məzmun seçimi - sərhədlər və birlikdə izləmə/şərh etmə vərdişi.
Peşəkar yardım - davamlı aqressiya, cəmiyyətə təhlükə və ya intihar ideyası varsa, dərhal psixoloq/psixiatr ilə əlaqə.
Məktəblər üçün: SEL proqramları (weeklik/intensiv) - empatiya, problem həll, özünü tənzimləmə dərsləri.
Müəllimlərə təlim - sinif idarəsi, travma-yönümlü yanaşma, erkən siqnalları görə bilmək.
Nəzarət mexanizmləri və müdaxilə komandası - məktəbdə psixoloq, nərdəri və təhlükəsizlik planı.
Məktəb-ailə əməkdaşlığı - davamlı görüşlər, valideyn təlimləri, resurs yönləndirmələri.
Ekspert bildirib ki, bəzi hallarda dərhal müdaxilə və peşəkar yardım tələb olunur: Uşaq ya da yeniyetmə başqalarına və ya özünə qarşı konkret zərər planı ifadə edirsə; Evdə davamlı fiziki və ya emosional zorakılıq varsa; Sosial funksiya qəfil və kəskin pisləşibsə (sinifdən təcrid, dərslərin kəskin düşməsi, dost itkisi); Aqressiya məhz impulsiv deyil, planlı və məqsədyönlü şəkildə digərinə zərər vermək üçündirsə.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31