“Təzəpir”də ehsan qiymətlərinə etiraz - Şeyxə çağırış
11:03 SosialEkspert deyir ki, maarifləndirmə yolu ilə bu problemi aradan qaldırmaq mümkün olmursa, o zaman...
"Təzəpir" məscidində ehsan qiymətləri Bakıdakı mərasim evlərindəkindən bahadır. Sual verirəm: niyə?" Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib ("Report"). Onun sözlərinə görə, Azərbaycanın bəzi bölgələrində, xüsusilə Naxçıvan və Qarabağda bu kimi israf halları yox dərəcəsindədir. "Ən böyük problem Bakı şəhərindədir. Bakıda son beş ildə mərasim evlərinin sayına baxın, sürətlə artır. Hesab edirəm ki, Dini Komitə bununla bağlı daha kəskin çıxışlar etməlidir".
Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və sədri Sevda Tahirli isə toylardakı israfçılıq halları ilə boşanmaların artması arasındakı əlaqəyə diqqət çəkib: "Çünki dəbdəbəli toylar, nə bilim, "love story"lər artıq xərcə yol açır. Sonra ailələr borcun-xərcin altından çıxa bilmir, nəticədə ailələrdə problemlər yaranır".
Qeyd edək ki, son vaxtlar rayonlarda ehsan verilməsi sadələşdirilir. Amma Bakıda mərasim zallarında israfçılıq davam edir. Şəhərin ən böyük mərasim zalları isə "Təzəpir" məscidində yerləşir. Burada restoranlarda olduğu kimi menyu, standart qiymətlər var. Amma israfçılıq İslamda bəyənilmir. Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə tövsiyə xarakterli bəyanatla çıxış edə bilər. Şeyx əhaliyə də, mərasim evlərinə də çağırış edərək bu dəbdəbədən, lüzumsuz xərclərdən çəkinməyi məsləhət görə bilər. A.Paşazadənin İslamdan sitat gətirərək müsəlman əhalisinə yol göstərməsi ictimai rəyə təsir edəcək.
Hazırda QMİ-nin inzibati idarəsinin də yerləşdiyi "Təzəpir" məscid kompleksində təklif olunan xidmət və qiymətlər isə göründüyü kimi, narazılıq doğurub. "Təzəpir" məscid kompleksində ümumilikdə 6 mərasim zalı var. Zallardan hər birində eyni vaxtda 250 nəfərə xidmət göstərilə bilər. Burada 300 nəfərlik zal da var.
Rəsul Mirhəşimli
Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı fikirlərini belə ifadə edib:"Rayonlarda son zamanlar sadə və israfdan uzaq yas məclislərinin təşviqi müsbət qarşılanırsa da, şəhərlərdə, xüsusilə də paytaxtda israfçılıq və dəbdəbə hələ də aktual problem olaraq qalır. "Təzəpir" məscid kompleksi yalnız dini mərkəz deyil, həm də ölkənin ən iri yas mərasimlərinin keçirildiyi məkanlardan biridir. Buradakı mərasim zallarında xidmətlər restoran standartlarına uyğun təqdim olunur. Lakin burada verilən ehsan süfrələri və təmtəraqlı məclislər İslamın sadəlik və israfdan uzaq durmaq çağırışlarına uyğun gəlmir. Məhz buna görə də ictimaiyyət arasında narazılıq artır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bu məsələ ilə bağlı ictimaiyyətə tövsiyə xarakterli çıxışı mühüm addım ola bilər. İslam dini israfı açıq şəkildə qadağan edir. Bu ölkədə çoxları bilir ki, paytaxtda günü-gündən çoxalan mərasim evləri isə QMİ-nin nəzarətində deyil. Bu problemin yaranmasında həmin mərasim salonlarının tikintisinə icazə verən qurumlar, bu məkanlarda israfçılığa meydan yaradılmasında əsas rol oynayan obyekt sahibləri məsuliyyət daşıyır. Bir çox hallarda isə israfçılığın böyüməsinə vətəndaşlar özləri də rəvac verir. Elə bu yaxınlarda rayonlarımızın birində yemək verilməyən, yalnız çay süfrəsi təşkil edilən yas mərasiminə əhalinin getmədiyi ilə bağlı yayılan videogörüntülər bunun bariz nümunəsidir".
Rəsul Mirhəşimli qeyd edir ki, dəbdəbəli mərasim evləri, bahalı mərmər məzar daşları, yüksək qiymətə qəbir yerləri bir yandan insanları ağır xərclərə salır, digər yandan da dini mahiyyətin itirilməsinə gətirib çıxarır: "İslam isə sadəlik, təmkin və ehtiyac sahibinə dəstək üzərində qurulub. Yas mərasimində xərclənəcək külli miqdarda vəsaitin bir hissəsi mərhumun savabı üçün sədəqə olaraq verilə bilərdi. Bu, həm dinə, həm də cəmiyyətə daha çox xeyir gətirərdi. Burada təkcə dini rəhbərlərin çağırışları deyil, dövlət qurumlarının da üzərinə vəzifələr düşür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi ilə birgə müntəzəm şəkildə maarifləndirici tədbirlər təşkil edə bilər. Bundan əlavə, yas mərasimlərinin ticarət obyektinə çevrilməsinin qarşısını alan qanunlar və normativ aktlar qəbul edilə bilər. Yas mərasimlərinin sadəliyini təmin etmək üçün məscidlərin nəzarətində olan mərasim salonlarında sadə yas məclisləri üçün pulsuz və ya minimal ödənişli məkanlar ayrılmalıdır. Eyni zamanda tanınmış ziyalılar, ölkənin nüfuzlu insanları da bu çağırışa qoşularsa, ictimai rəyə təsiri daha güclü olar. Bu problem dinin deyil, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin səlahiyyətindədir. Lakin din xadimləri bu sahədə də səsini ucalda bilər. Qəbir yerləri pullu ticarət obyektinə çevrilməməli, dövlət bu sahəyə ciddi nəzarət mexanizmi tətbiq etməlidir. Əks halda, bu vəziyyət sosial bərabərsizlikləri daha da dərinləşdirəcək".
Kənan Rövşənoğlu
Dini mövzular üzrə mütəxəssis, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu da mövzu ilə bağlı "Yeni Müsavat"a fikrini bölüşüb: "Bəzi bölgələrdə artıq 20 ildən çoxdur ki, yas məclislərində ehsan verilmir. Məsələn, Şamaxı, Qazaxda artıq 20 ildir ehsan verilmir. Bir müddət öncə, 2014-cü ildə hökumət bu mərasimlərin qarşısını inzibati yolla almağa çalışdı. Lakin bunun mümkün olmadığını görüb geri çəkildi. Hazırda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu sahədə elə bir səlahiyyəti yoxdur. QMİ, sadəcə, Ramazan ayının başlanğıcı və sonu, eləcə də Məhərrəm ayı ilə bağlı fətvalar verir. Bütün səlahiyyətlər isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindədir. Komitə bu istiqamətdə tapşırıq verə bilər. Dövlət isə bu məsələni yalnız inzibati yolla həll edə bilər. Maarifləndirmə yolu ilə bu problemi aradan qaldırmaq mümkün olmur. Görünür, bəzi rayonlarda da məsələ inzibati qaydada həll olunur - tapşırıq verilir və nəticədə insanlar dəbdəbəli ehsan mərasimlərindən imtina edirlər".
Mütəxəssis vurğulayır ki, toy mərasimləri fərqli xarakter daşıyır, burada kifayət qədər lazımsız adətlər mövcuddur: "Fikrimcə, yas mərasimlərinin təşkili formalarında da dəyişikliklər olmalıdır. Müəyyən günlərdə mərasim zalına toplaşmağa ehtiyac yoxdur. Türkiyə və digər müsəlman ölkələrində bu məsələ fərqli formada həyata keçirilir - məsciddə bir gün təyin olunur, mərhumun ailə üzvlərinə başsağlığı verilir, dualar oxunur. Və ya insanlar mərhumun evinə gedirlər. İslamda müsəlmanlara tövsiyə olunur ki, dəfn mərasimində iştirak etsinlər, ailə üzvlərinin kədərinə şərik olsunlar, onları tək qoymasınlar. Lakin 3 və ya 7 gün sonra 500 nəfərin hansısa zala yığışmasının dini baxımdan heç bir mənası yoxdur. Şeyxülislam da bildirir ki, bu, sovet dövründə formalaşmış bir adətdir. Həmin dövrdə dinin təbliği qadağan olunduğu üçün yas mərasimləri həm də dini təbliğat vasitəsinə çevrilmişdi. Molla çıxış edirdi. Hazırda isə mollalar belə çıxış etmir. İnsanlar dəbdəbəli xeyir-şər evlərində oturur, yemək yeyib gedirlər. Bəzi yerlərdə isə heç Quran da oxunmur. Bu adətlərdə dəyişiklik olmalıdır. Bəs bu dəyişikliyi kim etməlidir? Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin hazırda, sadəcə, adı var, inzibati baxımdan onun ruhanilərə təsiri yoxdur, onlar Dini Komitəyə tabedir. Dini Komitə din xadimlərinə tapşırıq verə bilər ki, bu adətlərin dini əsaslara uyğun olmadığını insanlara izah etsinlər. Ölüsü üçün yemək vermək və ya 10-50 min manata başdaşı qoydurmaq dini baxımdan heç bir əhəmiyyət kəsb etmir. Onlar bunu deməlidirlər ki, İslamda belə bir göstəriş yoxdur".