Vaşinqton razılaşmaları: Güney Qafqaz üçün yeni mərhələ – ÖZƏL
16:24 Siyasət"Prezident İlham Əliyevin Vaşinqton səfərinin sıradan bir diplomatik təqvim hadisəsi olmadığı hamıya bəllidir; o da bəllidir ki, bu, regionun gələcək taleyinə yön verən tarixi bir dönüş nöqtəsidir".
Bu sözləri araşdırmaçı-yazar Əkbər Qoşalı Olaylar.az-a açıqlamasında deyib. Ə. Qoşalı bildirib ki, bu gün Milli Məclisdə "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının vı müdrik liderliyin təntənəsi" adlı iclasın keçirilməsi də bunun bariz göstəricisidir. Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın da vurğuladığı kimi, əldə olunan razılaşmalar Ümummilli liderin siyasi kursunun davamı olaraq Azərbaycanın strateji mövqelərini möhkəmləndirdi, ölkəmizin regional güc statusunu qüvvətli şəkildə təsdiqlədi.
Yazar qeyd edib ki, Vaşinqton razılaşmaları Güney Qafqazda sabitlik və təhlükəsizlik gündəliyini önə çəkir. Bu, bir tərəfdən, keçmiş işğalçı Ermənistanı konstruktiv yol seçməyə vadar edir, digər tərəfdən isə regionda Rusiya-Qərb qarşıdurmasının yeni dəngəsini müəyyənləşdirir. Azərbaycan diplomatiyası öz milli maraqlarını üstün tutaraq həm Avropa, həm ABŞ, əlbəttə həm də, doğma Türk dünyası ilə paralel körpülər qurdu. Bu, Güney Qafqazı "təhlükə zonası"ndan "işbirliyi məkanı"na çevirməyin gerçək mexanizmlərini ortaya qoyur.
Əkbər Qoşalının sözlərinə görə, bu razılaşmaların ən önəmli sonucu Azərbaycanın çoxvektorlu diplomatiyasının legitimləşməsi olacaq. Yəni:
-Enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolu daha da artır; Xəzərdən Avropaya gedən yolların açarı Bakının əlindədir;
- Savaşsonrası sürəclərin davamı olaraq, Ermənistanla münasibətlərin nizama düşməsi beynəlxalq təminat qazanır. Bu, sülh gündəliyini zənginləşdirir;
-Türk dünyası-Qərb-İslam aləmi üçbucağı içində Azərbaycanın mərkəz mövqeyi güclənir;
- Vaşinqton anlaşmaları Azərbaycanın qarşıdakı onilliklərdə də müstəqil və dəngəli siyasət yürütməsi üçün zamin yaradır. Bu, geosiyasi imuniteti gücləndirir.
"Vaşinqton razılaşmaları yalnız bu günün siyasi qazancı deyil; onlar Azərbaycanın suverenliklə bağlı yol xəritəsinin bir parçasıdır. Prezident İlham Əliyevin xarici siyasətdə atdığı bu addımlar, həm ölkəmizin, həm də bütövlükdə Güney Qafqazın gələcək nəsillərinə yönəlmiş strateji iradənin ifadəsi, təntənəsidir.
Bəli, Bakı Vaşinqtonda öz sözünü dedi və regionda yeni oyunun qaydalarını yazdı", - deyə araşdırmaçı-yazar əlavə edib.
Dövlətimiz zaval görməsin!
Sevda Dəniz