İran bu həftə çətin seçim etməlidir – dağıdıcı müharibə və ya alçaldıcı kompromis

Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının iclası davam etdiyi bir vaxtda İranın xarici işlər naziri Abbas Əraqçi Qahirəyə səfər edib. İran XİN-in sözçüsü İsmayıl Bəqayi bildirib ki, səfərin məqsədi "İran və Agentliyin yeni davranış kodeksi haqqında danışıqları yekunlaşdırmaq"dır. Misir Xarici İşlər Nazirliyi də təsdiqləyib ki, görüş sentyabrın 9-da, Misirin XİN başçısı Bədr Əbdül Atinin iştirakı ilə keçiriləcək. Əraqçi burada MAQATE-nin baş direktoru Rafael Qrossi ilə danışıqlar aparacaq.

İRNA-nın məlumatına görə, İsmayıl Bəqayi bildirib ki, İranın parlament qanunları və Ali Təhlükəsizlik Şurasının qərarları nəzərə alınmaqla hazırlanan qarşılıqlı fəaliyyət prosedurlarının mətni artıq yekunlaşma ərəfəsindədir.

Qrossi isə dünənki açıqlamasında "yaxın bir neçə gün ərzində" İranla yoxlamaların aparılması qaydaları üzrə razılığa gələcəyinə ümid etdiyini deyib. Onun sözlərinə görə, yüksək zənginləşdirilmiş uranın hər 30 gündən bir yoxlanılması barədə razılıq əldə olunub. Xatırladaq ki, bu, İsraillə 12 günlük müharibədən sonra İranın Agentliklə əməkdaşlığı dayandırmasından bəri ilk rəsmi görüşdür. Müharibədən sonra Tehran qanunvericiliklə MAQATE ilə bütün əməkdaşlığı Ali Təhlükəsizlik Şurasının təsdiqinə bağlamışdı. Əraqçi Qahirədən əvvəl Dohada Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasla da görüşüb. Görüşdə İranın nüvə proqramı ilə bağlı mübahisənin diplomatik yolla həlli, eləcə də müfəttişlərin nüvə obyektlərinə giriş məsələsi müzakirə olunub. İran rəsmisi bildirib ki, Tehran diplomatiya yoluna sadiqdir və mövqeyində sabit qalacaq. Bütün bu proseslər isə Britaniya, Fransa və Almaniyanın avqustun 28-də JCPOA üzrə "tətik mexanizmini" işə salmasından sonra baş verir. Onlar İranı saziş öhdəliklərini pozmaqda ittiham edir və BMT Təhlükəsizlik Şurasında sanksiyaların bərpası prosesini işə salıblar. Oktyabrın 27-də Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların birdəfəlik ləğvinə dair qətnaməyə səs verməlidir. Lakin müşahidəçilərə görə, belə bir qətnamənin qəbul edilməsi real görünmür.

İsrailin hücumundan bir gün sonra ABŞ-ın da qoşulması İranın nüvə proqramına ağır zərbə vurub. Bunun ardınca MAQATE müfəttişləri ölkəni tərk ediblər. Müfəttişlər bu gün yalnız texniki səfərlər çərçivəsində İrana qayıda bilirlər, lakin hücuma məruz qalan obyektlərə buraxılmırlar. Xüsusi diqqətçəkən məqam isə odur ki, İran yalnız rusiyalı müfəttişlərin fəaliyyətinə icazə verib. Halbuki MAQATE dəfələrlə vurğulayıb ki, qurumun müfəttişləri milliyyətindən asılı olmayaraq neytraldır və bütün ölkələrdə eyni statusa malikdir. İyulda İstanbulda keçirilən danışıqlarda Avropa üçlüyü İrana konkret təklif irəli sürmüşdü. İrana ABŞ-la masa arxasına qayıtmaq, MAQATE ilə əməkdaşlığı bərpa etmək, xüsusilə də 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarının taleyini aydınlaşdırmaq tələb olunurdu. Bunun müqabilində Avropa tətik mexanizmini 6 ay gecikdirməyi vəd etmişdi. Lakin Tehran bu təklifi ədalətsiz və maksimalist adlandıraraq rədd etmişdi. İndi isə vəziyyət fərqlidir. İsrail və ABŞ hücumlarla İranın nüvə proqramını böyük ölçüdə zədələyib, ölkə ağır sanksiyaların qayıdışı təhlükəsi ilə üz-üzə qalıb. Moskva son həftələr Tehrana dəstək məqsədilə alternativ qətnamə layihəsi üzərində işləyir. Bu sənəd tətik mexanizminin aktivləşdirilməsini təxirə salmaq üçün nəzərdə tutulub və İran üçün demək olar ki, heç bir ilkin şərt qoymur. Lakin Ukrayna müharibəsindən sonra Qərblə münasibətləri pisləşən Rusiya layihənin geniş dəstək qazanmayacağını yaxşı anlayır. Pekin də Tehranla yaxın koordinasiya aparsa da, Avropanın və ABŞ-ın sərt etirazı fonunda qətnamənin qəbul şansı azdır. Avropalı diplomatlar açıq deyirlər ki, İran barmaqları tətikdən çıxarmaq üçün minimal addımlar atmalıdır. Bu addımların sırasında MAQATE ilə əməkdaşlığın tam bərpası, müfəttişlərin ölkəyə qaytarılması, yüksək zənginləşdirilmiş uran ehtiyatlarının şəffaf hesabatı, ABŞ-la birbaşa dialoqa qayıdış var. Lakin sanksiyaların geri qayıtmasına cəmi günlər qaldığı halda, Tehran bu şərtləri qəbul etməyə tələsmir.

2015-ci ildə sazişi imzalayan P5+1 ölkələri arasında artıq əvvəlki birliyin qalmadığı aydın görünür. Rusiya və İran yaxınlaşıb, Çin dəstəkləyir, ABŞ isə sərt mövqeyindən dönmür. Avropa isə həm İsrailin hücumlarının yaratdığı reallığı, həm də İranın öhdəliklərdən yayınmasını nəzərə alaraq ikili təzyiq siyasətini davam etdirir. Bütün bunların fonunda JCPOA-nı diriltmək ehtimalı çox zəif görünür. Diplomatik mənbələr açıq şəkildə etiraf edirlər ki, əgər bu 30 günlük müddət ərzində real həll tapılmasa, sanksiyalar geri qayıdacaq və vəziyyət daha da mürəkkəbləşəcək. İran ağır iqtisadi təzyiqlər, sanksiyaların kölgəsi, müharibənin dağıntıları fonunda çıxış yolu axtarır. Avropa isə diplomatik masada qalmaqla yanaşı, təzyiq mexanizmini də işlətməyə məcbur olur. Rusiya və Çin də öz maraqlarını qorumaq üçün oyundadır. Beynəlxalq münasibətlərdə yeni xətt aydın görünür. Tərəflər bir-birinə güvənməsə də, hər kəsin ehtiyacı olan yeganə yol kompromisdir.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, İran-MAQATE ətrafında baş verən prosesləri dəyərləndirəndə aydın görünür ki, məsələ sadəcə texniki yoxlamalardan ibarət deyil, burada böyük geosiyasi oyun gedir:

"Hazırda cərəyan edən hadisələrin mərkəzində 2 strateji xətt var. Avropa üçlüyü (Britaniya, Fransa, Almaniya) "tətik mexanizmini" işə salmaqla göstərir ki, İranın JCPOA öhdəliklərindən yayınması artıq siyasi deyil, hüquqi məsələdir. Bu addım BMT Təhlükəsizlik Şurasında sanksiyaların geri qayıdışını labüd edir. Tehran isə vaxt qazanmaq, hücumlardan sonra zədələnmiş nüvə proqramını qismən bərpa etmək və Rusiya-Çin dəstəyini arxasında saxlamaq istəyir". 
Bəs kompromis olmasa İranı nələr gözləyir?

Siyasi şərhçi deyir ki, oktyabrın 27-də keçiriləcək səsvermə əslində formal prosedur olacaq: "Qərb veto hüququ olan dövlətlərin dəstəyini itirsə belə, tətik mexanizmi işə düşür və İrana qarşı əvvəlki bütün sanksiyalar bərpa olunur. Bu, İran iqtisadiyyatına ağır zərbədir. İranda inflyasiya, valyuta böhranı və işsizlik dalğası güclənəcək. Əhalinin narazılığı artdıqca rejim daha sərt repressiv tədbirlərə əl atmağa məcbur olacaq. İsrailin hücumları fonunda ərəb ölkələrinin əksəriyyəti susqun dəstək göstərir. İran isə yalnız Moskva və Pekinə arxalana bilir".

Siyasi şərhçi deyib ki, tətik mexanizmi İranın bombalanması ilə davam edib-etməyəcəyi məsələsi hələlik sual altındadır: "Burada incə məqam var. Tətik mexanizmi hüquqi-diplomatik mexanizmdir, yəni BMT çərçivəsində sanksiyaların bərpasını nəzərdə tutur. Amma praktiki planda bu mexanizmlə paralel hərbi təzyiq də gündəmə gələ bilər. İsrailin hücumları göstərdi ki, İranın nüvə infrastrukturu həssasdır. Tətik mexanizminin işə düşməsi Tehranı daha da küncə sıxışdıracaq və yeni hərbi zərbələr üçün zəmin yaradacaq. ABŞ-ın İsrailin hücumnlarına qoşulması ehtimalı realdır. Çünki Vaşinqton artıq açıq deyir ki, İran 60 faizlik zənginləşdirməni davam etdirərsə, bu, nüvə silahı hazırlığı kimi qəbul ediləcək. Yəni, sanksiyaların bərpası ilə yanaşı, İranı lokal bombardmanlar da gözləyə bilər".

Siyasi şərhçi deyir ki, əgər kompromis tapılmasa, İranı 2 cəbhədə təzyiq gözləyir:

"Beynəlxalq hüquqi sanksiyalar İranın iqtisadi çöküşünə, siyasi təcridnə hesablanıb. Hərbi təzyiq göstərməklə, İranın nüvə obyektlərini növbəti dəfə bombalamaqla təhlükəsizlik böhranı yaratmaq hədəflənir. İran diplomatiya ilə vaxt qazanmağa çalışsa da, oyunun qaydaları dəyişib. Artıq kompromis olmadan mövcud vəziyyəti saxlamaq mümkün deyil. Tehranın manevr sahəsi daralıb və reallıq budur ki, ya güzəştə gedəcək, ya da İran üçün yeni dağıdıcı mərhələ başlayacaq.

Hazırda ABŞ "təzyiq altında dialoq" siyasəti aparır, sanksiyaların tam bərpasını dayandırır, amma güzəşt vermir. Avropa üçlüyü tətik mexanizmini "dondurur", İranın atdığı addımları yaxından izləyir. İsrail səbrli gözləmə mövqeyi tutur, amma kəşfiyyatla İranın hər addımını izləyir. Rusiya İranı kompromisə təşviq edir, özünü vasitəçi göstərir, əvəzində Qərbə qarşı siyasi dividendlər toplayır. Çin İranla enerji və iqtisadi əməkdaşlığı dərinləşdirir, "sabitləşdirici" oyunçu kimi çıxış edir.

Əks təqdirdə ABŞ sanksiyaların sərtləşdirilməsinə liderlik edir, İranla maliyyə və ticarət kanallarını tam bağlamağa çalışır. Avropa üçlüyü ABŞ-la koordinasiyalı şəkildə hərəkət edir, İranı diplomatik təcridə məruz qoyur. İsrail lobbi gücü ilə Vaşinqtonda və Avropada təzyiqi artırır, hərbi hücum variantını gündəmdə saxlayır. Rusiya qətnaməyə qarşı çıxır, amma veto imkanı bu mexanizmdə işləmir. Yalnız Tehranla texniki əməkdaşlığı artırır. Çin siyasi dəstək verir, amma iqtisadiyyatını riskə atmamaq üçün ABŞ sanksiyalarını tam pozmur, gizli kanallardan neft alır. Ən son ssenarini isə bombardman ssenarisi adlandıra bilərik. ABŞ İsraili dəstəkləyir, zərbələrin koordinasiyasında iştirak edə bilər. Körfəz ölkələrindəki bazalar vasitəsilə logistik dəstək verir. Avropa üçlüyü açıq hərbi əməliyyata qoşulmur, amma diplomatik cəbhədə İsraili müdafiə edir. İsrail birbaşa zərbələrin əsas icraçısıdır. Məqsəd isə İranın nüvə proqramını illərlə geri atmaqdır. Rusiya sərt bəyanatlar verir, amma Ukrayna müharibəsi fonunda hərbi qarşıdurmaya girmir. Yalnız diplomatik manevrlərlə Tehrana dəstək göstərir. Çin sabitlik pozulmasın çağırışları edir, enerji böhranından qorxur. İranı diplomatik kanallarla təmkinə çağırır, amma hərbi dəstək vermir. Hazırda durum İranın kompromisə getməsini diqtə edir. Əgər bu baş verməyəcəksə, ilk olaraq sanksiyalarla təcrid mərhələsinə salınacaq, daha sonra isə bombardman ssenarisi işə düşə bilər. Rusiya və Çin siyasi cəhətdən Tehranın yanında görünür, amma hərbi riskə girmirlər. İsrail isə bu oyunda əsas hərəkətverici qüvvədir, ABŞ-ın açıq dəstəyi ilə İrana qarşı təzyiq mexanizmini hərbi fazaya keçirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31