Çin TƏLƏB ETDİ - “Reuters” Putinlə Si Cinpinin bu videosunu SİLDİ

"Reuters" agentliyi Çin Dövlət Televiziyasının (CCTV) tələbi ilə prezident Vladimir Putinlə Çin sədri Si Cinpin arasında ömrün uzadılması və orqan transplantasiyası mövzusunda danışığın videosunu silib. Səsyazma CCTV tərəfindən lisenziyalaşdırılıb, lakin yayım icazəsi ləğv edilib.

Musavat.com xəbər verir ki, sözügedən görüntülər sentyabrın 3-də Pekində, Putin və Çin rəhbərinin İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak edərkən çəkilib.

Həmin gün Putin də Çin lideri ilə ömrün uzadılması məsələsini müzakirə etdiyini təsdiqləyib:

"Müasir müalicə və tibbi vasitələr, hətta orqan dəyişdirilməsi ilə bağlı əməliyyatlar bəşəriyyətə ümid verir və gözlənilən ömür uzunluğunu əhəmiyyətli dərəcədə artırır".

"Reuters" bildirir ki, agentlik videonu dörd dəqiqəlik klipə çevirərək dünya üzrə 1000-dən çox  müştərisinə paylayıb. Onların da videonu silməsi tələb olunur.

CCTV məktubunda müqavilə şərtlərinin pozulduğu vurğulanıb:

"Bu materiala tətbiq edilən redaksiya dəyişiklikləri lisenziyalı yayımda olan faktların və ifadələrin açıq şəkildə təhrif edilməsinə səbəb olub".

Agentlik isə dərc edilən məlumatların düzgünlüyünə əmin olduğunu, dəqiq və qərəzsiz jurnalistika ilə bağlı uzunmüddətli öhdəliklərini pozduğuna inanmadığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31