Dəhliz siyasəti və Vaşinqton razılaşmaları: Regional maraqlar və təhlükəsizlik - ÖZƏL
15:32 Siyasət" Vaşinqton razılaşmaları regionun loqistik və tranzit imkanlarının yüksəlməsinə, yükdaşınmalarda intensivliyin və rentabelliyin artmasına səbəb olmaqla, bölgə dövlətlərinə müxtəlif geosiyasi mərkəzlər tərəfindən marağın artmasına, bu dövlətlərin iqtisadiyyatına və infrastrukturlarına sərmayələrin həcminin yüksəlməsinə impulsiv təkan vermiş olacaq. Zəngəzur və ya Orta dəhlizin istifadəyə verilməsi Asiyadan Avropaya və əks istiqamətdə yükdaşımalarda vaxt sərfiyyatının xeyli azalmasına səbəb olmaqla, daşınmalarda qiymətlərin əhəmiyyətli şəkildə aşağı düşməsinə gətirib çıxaracaq ki, bu da loqistika və tranzitlə bağlı olan şirkətlərin, transmilli korporasiyaların iqtisadi və maliyyə maraqlarına cavab verir".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
" Bəlii şirkətlər böyük məbləğlərdə vergi ödəyiciləri olduqlarından, məlumdur ki, həmin şirkətlərin daşınan mallarının təhlükəsizliyinin təmin olunmasında bəlli dövlətlər də məsuliyyət daşıyacaqlar. Bu isə regionda loqistik problemlər kontekstində münasibətlərin kəskinləşməsinə səbəb ola bilər. Azərbaycan hakimiyyəti çox böyük uzaqgörənliklə perspektivdə regionun təhlükəsizliyini təhdid edə biləcək bu amilləri də nəzərə alıb. Hazırda Vaşinqton razılaşmalarının Rusiya və İranı narazı salacağı ilə bağlı bəzi fikirlər səsləndirilir, halbuki buna heç bir ciddi əsas yoxdur. Rusiya hökumətində baş nazirin müavini Q. Overçukun bu günlədə verdiyi müsahibə də göstərir ki, bu razılaşmalar Rusiyanın da regional və iqtisadi maraqlarına cavab verir. Belə ki, Rusiya məlum dəhliz vasitəsilə Ermənistanla daha sıx əlaqə saxlaya biləcək, çünki hazırda Rusiyanın Ermənistanla əlaqələri Gürcüstan üzərindən həyata keçirilir. Gürcüstanla münasibətlərdə problemlərin qalması, habelə Şərqi Gürcüstan yolunun hava şəraiti ilə əlaqədar həmişə istismara yararlı olmaması kontekstində, bu, Rusiyanın Ermənistanla yükləşdirmələrdə intensivliyi və rentabelliyi artıra biləcək yoldur. Digər tərəfdən, Rusiyanın Yaxın və Orta Şərqlə ticarət əlaqələrinin genişlənməsinə müxtəlif imkanlar yaradacaq. Dəhlizin Ermənistana məxsus Syunik vilayətindən keçən hissəsinin ABŞ şirkətinə 99 illik icarəyə verilməsi ilə bağlı razılaşdırılmış müddəada Rusiyanın narahatlığı üçün nəzəri əsaslar ola bilər. Yəni, ABŞ gələcəkdə dəhlizdən keçən yüklərin təhlükəsizliyini təmin etmək adı ilə bura məhdud hərbi kontingentini yerləşdirə bilər. Məhz buna görə rəsmi Bakının təklifi ilə razılaşmanın 17-ci maddəsində üçüncü tərəfə sərhəd və ona yaxın ərazilərə hərbi qüvvələrin gətirilməsinə yol verməməklə bağlı öhdəliklər nəzərdə tutulub. Yeni yolun yükdaşıma qabiliyyətinin ildə 15 milyon tondan çox olacağı ilə bağlı ehtimallar var, bu isə yol ətrafında infrastrukturun modernləşmə səviyyəsindən asılı olacaq. İran və Çin də yeni yola yükləşdirmələrin intensivliyini artıracaq yol kimi yanaşırlar; yeganə qayğıları perspektivdə yolun doğura biləcəyi geosiyasi problemlərdir. Zira məlumdur ki, ABŞ yükləşdirmələrin Rusiya ərazisindən yan keçməsini təmin etmək üçün bu yola əvvəlcədən dəstək vermişdir. Azərbaycana gəlincə, biz bütün tərəflərlə münasibətləri qarşılıqlı, faydalı əməkdaşlıq səviyyəsində qurmaqla əsasən iqtisadi mənfəət maraqlarından çıxış edirik. Ermənistanla müqayisədə geosiyasi səciyyədə Qərbə yönəli addımlar atmaq mövqeyindən uzağıq. Qərb və Şərq arasında tarixi İpək yolunun üzərində dayanan Azərbaycan, tarixdən ona miras qalan missiyanı məhz bu səviyyədə həyata keçirməyə böyük önəm verir".
Zeynəb Mustafazadə