Taleh Əliyev: “Ermənistanda seçkilər Cənubi Qafqazda sülh və ya müharibə qərarını verəcək” – ÖZƏL

"Ermənistanda Rusiya ilə Qərbin geosiyasi mübarizəsinin növbəti parlament seçkiləri öncəsi kəskinləşəcəyi və hətta daha gərgin fazaya adlaya biləcəyi ilə bağlı xeyli müddətdir ki, gözləntilər mövcuddur".

Bu sözləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, xüsusilə Rusiyaya birbaşa bağlı olan kilsənin və Rusiya yönümlü parlament müxalifətinin - keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın tərəfdarlarının - zaman-zaman Nikol Paşinyanı vətənə xəyanətdə ittiham etməsi, Ermənistan maraqlarını Azərbaycana və Türkiyəyə satmaqda günahlandırması, hətta onu "türk" adlandırması əslində Rusiya yönümlü revanşist qüvvələrin, qərbyönlü Nikol Paşinyana qarşı istifadə etdikləri mübarizə üsulları idi.

Siyasi şərhçi qeyd edib ki, bu prosesə erməni əsilli rusiyalı milyarder Karapetyan qardaşlarının da qoşulması mənzərəni daha da aydınlaşdırdı. Onlara qarşı cinayət işinin başlanması, eyni zamanda kilsəyə qarşı son dövrlərdə atılan addımlar - məsələn, Qareginin erməni dindarlarının hissləri ilə oynaması, nikah iclasına müdaxiləsi və digər hərəkətlər - Nikol Paşinyan səviyyəsində ifşa olundu. Bütün bunlar Ermənistanda Rusiya ilə Qərbin rəqabətinin kəskinliyini göstərən nümunələrdir.

T. Əliyevin sözlərinə görə, Ermənistanda Avropa İttifaqı müşahidə missiyasının iştirakı, ABŞ səfirliyinin dünyada ən böyük səfirlik olması təsadüfi deyil. Bu, Qərbin Ermənistana dolayı dəstəyi deməkdir. Həmçinin Avropa İttifaqının yaxın parlament seçkiləri öncəsi Ermənistana 270 milyon avro qrant ayırması da seçiciləri maliyyə dəstəyi ilə ələ almaq cəhdi kimi qiymətləndirilə bilər. Bu, başqa adla izah olunmasa da, normaldır, çünki hər iki tərəf - həm Qərb, həm də Rusiya Ermənistan uğrunda həlledici mübarizəyə hazırlaşır. Qərb Ermənistanda yaratdığı siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları vasitəsilə passiv seçici kütləsini aktivləşdirməyə çalışacaq. Rusiya isə daha çox ənənəvi təzyiq üsullarına əl ataraq proseslərə təsir göstərməyə cəhd edəcək.

Siyasi şərhçi əlavə edib ki, bu iki geosiyasi gücün Ermənistanda açıq rəqabətə başlaması təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün hadisələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Əgər Qərbin adamı Nikol Paşinyan qalib gələrsə - ki, bu ehtimal daha böyükdür - bu, Azərbaycanla, xüsusilə də 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşma istiqamətində münasibətlərin inkişafı deməkdir. Bu isə Cənubi Qafqazda yeni əməkdaşlıq və sülh imkanlarının yaranmasına şərait yaradacaq. Əksinə, ehtimalı az olsa da, əgər seçkilərdə Rusiyanın dəstəklədiyi qüvvə qalib gələrsə, bu, regiona müharibənin geri dönməsi demək olacaq. Azərbaycanla Ermənistan arasında münasibətlərin yenidən pozulması və daha amansız müharibənin baş verməsi mümkündür.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinin nəticələri Cənubi Qafqaz üçün həlledici olacaq: ya sülh, ya da müharibə. Hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi sözün əsl mənasında Ermənistandakı seçkilərdən asılıdır. Əgər Paşinyan hakimiyyətdə qalarsa, əldə olunmuş sülh razılaşması həyata keçiriləcək. Yox, əgər Rusiyanın adamı hakimiyyətə gələrsə, o zaman Azərbaycanla Ermənistan arasında yeni, daha dəhşətli və daha amansız müharibə baş verə bilər.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31