Universitet yox, bacarıq: Uğur üçün hansı daha önəmlidir?

Müasir dövrdə təhsil uğur üçün əsas şərtlərdən biri hesab olunur. Cəmiyyətin ənənəvi baxışına görə, universitet oxumadan yüksək nailiyyətlər qazanmaq çətin, hətta bəzən mümkünsüz görünür. Lakin reallıqda çoxlu istedadlı gənclər var ki, onlar ali təhsil diplomu olmadan öz bacarıqları, yaradıcılıqları və zəhmətləri ilə uğur qazanırlar. Bu, bir tərəfdən gənclərin güc və potensialını nümayiş etdirir, digər tərəfdən isə mövcud təhsil və karyera sistemindəki çatışmazlıqları ortaya çıxarır.
İstedad anlayışı çoxşaxəlidir. Kiminsə musiqiyə, kiminsə idmana, kiminsə incəsənətə və ya texnologiyaya xüsusi qabiliyyəti ola bilər. Universitetlər isə daha çox nəzəri biliklərin verilməsi üzərində qurulub. Praktik bacarıq və yaradıcılıq bəzən rəsmi təhsil sistemində ikinci planda qalır. Dünya təcrübəsinə baxdıqda görürük ki, diplomsuz istedadların uğurları tarixin bir çox sahəsində özünü göstərib. Stiv Cobs (Apple şirkətinin qurucusu) universiteti yarımçıq qoydu, amma texnologiya tarixini dəyişdi, Mark Zukerberq (Facebook-un yaradıcısı) Harvardda oxusa da, diplom almadan universiteti tərk etdi və sosial media dövrünün simvoluna çevrildi, Walt Disney, Coco Chanel, Richard Branson kimi adlar da formal təhsil olmadan uğur qazanan şəxslərin nümunəsidir.
Azərbaycan reallığında da bu tip gənclər az deyil. Musiqidə, rəssamlıqda, idmanda, dizaynda, hətta kiçik biznes sahəsində çoxlu istedadlı gənclər var ki, onların bacarığı bəzən diplomla ölçülmür.
Ən böyük problem odur ki, mövcud iş sistemi çox vaxt diplomu olmayan istedadları tanımır. Məsələn: Dövlət müəssisələrində işə qəbul üçün ali təhsil tələbi mütləqdir. Bu isə bacarıqlı, amma diplomu olmayan gənclərin qarşısında qapını bağlayır. Yaradıcılıq sahələrində belə, bəzən "rəsmi sənəd" istənilir. Məsələn, dizayner və ya rəssam olmaq üçün diplom tələb olunduğu hallarla rastlaşmaq mümkündür.
Sosial baxış da önəmlidir: cəmiyyətin bir hissəsi universitet oxumayan gənci "təhsilsiz" hesab edir, halbuki istedad başqa bir müstəvidə formalaşır. Beləliklə, sistem çox vaxt istedadı diplomla ölçür və bu da gənclərin yaradıcılıq potensialını boğur.
Bir çox istedadlı gənclərin universitet oxuya bilməməsinin səbəbi təkcə maraqsızlıq və ya seçim deyil, həm də maddi imkanların məhdudluğudur. Təhsil haqlarının yüksək olması, regionlarda keyfiyyətli ali təhsil imkanlarının məhdudluğu gəncləri başqa yollar axtarmağa vadar edir. Bu vəziyyət, əslində, dövlət və cəmiyyət üçün itkilərlə nəticələnir. Çünki universitetə gedə bilməyən, amma böyük potensiala sahib gənclərin istedadı çox vaxt ya ölkə xaricində qiymətləndirilir, ya da ümumiyyətlə itir.
Əvvəllər cəmiyyətdə belə bir yanaşma vardı ki, universitet oxumayan insan "təhsilsiz"dir və gələcəyi yoxdur. Lakin indi gənclər öz uğurları ilə bu stereotipi qırmağa başlayıblar. Sosial şəbəkələrdə yaradıcılıqlarını nümayiş etdirən, biznes quran və ya müəyyən sahədə uğur qazanan gənclər bunun canlı sübutudur. Eyni zamanda, artıq valideynlərin də düşüncəsində dəyişikliklər yaranır. Onlar başa düşürlər ki, uğur yalnız universitet diplomu ilə bağlı deyil, övladlarının maraq və bacarıqlarına yön verilməsi daha vacibdir.

Mövzu ilə bağlı İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev Olaylar.az-a açıqlama verərkən bildirib ki, elə gənclər var ki, müxtəlif səbəblərdən ali təhsil alma imkanına malik olmurlar. Bunun səbəbi bəzən orta məktəb dövründə tənbəllik, bəzən ailə ilə bağlı sosial problemlər, psixoloji çətinliklər və ya gənclikdə edilən səhvlər ola bilər. Amma hər halda ali təhsil almayan bir çox gəncin xüsusi istedadı olur. Bu istedad onlara əmək bazarına qoşulmaq və müəyyən sahədə uğur qazanmaq imkanı verir. Beynəlxalq təcrübəyə nəzər salsaq, xüsusilə Avropa ölkələrində görürük ki, gənc ali təhsil almasa belə, istedadı varsa, xüsusi kurslara cəlb olunur. Bu kursları bitirən şəxslərə verilən sertifikat bəzən diplomu əvəz edir və həmin sertifikatla onlar rahatlıqla əmək bazarına qoşula bilirlər. "Code Akademiya", "Akademy" kimi kurslar buna nümunədir. Belə kurslar həm ölkə daxilində, həm də beynəlxalq miqyasda iş tapmaq imkanlarını genişləndirir. Azərbaycanda da bu istiqamətdə müəyyən alternativlər tətbiq oluna bilər. Çoxlu gənclər var ki, müxtəlif ixtisas və peşələr üzrə bacarıqlara sahibdir. Onların xüsusi kurslara cəlb olunması, müəyyən müddətlik hazırlıq keçməsi və sertifikat əldə etməsi həm cəmiyyət, həm də iqtisadiyyat üçün faydalı olar. Əks halda, istedadlı gənclər boş qalar, yanlış yollara - narkotik asılılığına, cinayət hadisələrinə və ya digər neqativ istiqamətlərə yönələ bilərlər. Bu isə həm onların, həm də cəmiyyətin itkisidir.

Ekspertin sözlərinə görə, hazırda peşə sahəsində çalışan çoxlu insanlar var ki, onların heç bir peşə hazırlığı yoxdur: "Məsələn, usta xidmətləri istər nəqliyyat təmiri, istərsə də mənzil tikinti və təmiri sahəsində çox vaxt peşə təhsili olmayan şəxslər tərəfindən həyata keçirilir. Onlar sadəcə bir neçə il hansısa ustanın yanında fəhləlik edərək müəyyən bacarıq qazanır, sonra isə müstəqil fəaliyyət göstərirlər. Bəzən vətəndaş işçi ilə razılaşır, amma o bir-iki gün işləyib pulu alır və işi yarımçıq qoyub gedir. Bu, peşə təhsili olmadığı üçün baş verir və nəticədə vətəndaş əziyyət çəkir. Mən hesab edirəm ki, peşə təhsili olmayan şəxslərin həmin sahələrdə fəaliyyətinə məhdudiyyət qoyulmalı, yalnız müvafiq təhsil almış şəxslərə icazə verilməlidir. Bu, həm xidmətlərin keyfiyyətini artırar, həm də peşə təhsilini dirçəldər".

Ekspert qeyd edib ki, digər bir mühüm məsələ isə diplom məsələsidir. Əlbəttə, diplom önəmli amillərdən biridir. Amma bu gün əmək bazarında bacarıqların və praktiki biliklərin qiymətləndirilməsi baxımından diplom bəzən formal xarakter daşıyır. Çox vaxt görürük ki, ali təhsilli bir şəxs tamamilə başqa bir sahədə fəaliyyət göstərir. Bu da diplomun əmək bazarında hər zaman həlledici olmadığını göstərir. Mən düşünürəm ki, bu mövzuda müəyyən tənzimləmələr aparılmalıdır. Hər kəs öz ixtisası üzrə fəaliyyət göstərsə, həm cəmiyyət fayda görər, həm də göstərilən xidmətlərin keyfiyyəti yüksələr. Təhsilli insanların bilik və bacarıqlarını peşəkar şəkildə cəmiyyətə təqdim etməsi bütövlükdə inkişaf üçün çox vacibdir.

Diplom uğurun əsas göstəricisi olmalıdırmı? 

Diplom sadəcə kağız parçası deyil. Ali təhsilə qoşulan gənclər, ümumiyyətlə, müəyyən mənada elit bir təbəqəyə daxil olurlar. Onlar cəmiyyətin müəyyən bir kateqoriyasına aid olduqlarını hiss edirlər. İstər-istəməz ali təhsil alan insanlar həyatın yanlış yönlərinə daha az meyl edirlər, səhv addımlar atmaqdan çəkinirlər. Təbii ki, bunu yüz faiz bütün hallara aid etmək olmaz, amma böyük üstünlük kimi qeyd etmək mümkündür. Ali təhsil alan insan cəmiyyətin bir bölməsinə daxil olur və səhv addım atdığı halda belə, bunu özünə ayıb sayır. Çünki ali təhsil insana yalnız peşəkar biliklər deyil, həm də müəyyən dəyərlər, elmi düşüncə tərzi təqdim edir. Bu da insanı bəzi hallarda həyatın səhv addımlarından uzaqlaşdırır.
Düşünürəm ki, ali təhsilin uğuru, əslində, diplomun özündədir. Diplom yalnız bir sənəd deyil, həm də insanın keçdiyi elmi yolun yekun nəticəsidir. Diplomlu insanların diplomu olmayanlardan əsas fərqlərindən biri də cəmiyyətdə müəyyən mövqe tutmaları, daha mədəni və düşünülmüş addımlar atmalarıdır.

"Diplomsuz istedadlar" məsələsi yalnız fərdi uğur hekayəsi deyil, həm də sosial-siyasi bir problemdir. Çünki istedadı tanımayan, yalnız diplomu dəyərli hesab edən sistem cəmiyyətin böyük potensialını itirir. Bu baxımdan bir neçə nəticə ortaya çıxır. Təhsil sistemi istedadı qiymətləndirməyə daha açıq olmalıdır. Yaradıcılıq, texniki bacarıq və praktik biliklər ayrıca meyar kimi qəbul edilməlidir. İşə qəbul siyasətində diplomdan çox real bacarıqlara üstünlük verilməlidir. Dövlət istedadlı, amma ali təhsili olmayan gənclərə dəstək mexanizmləri (qrantlar, kurslar, inkubasiya mərkəzləri) yaratmalıdır. Cəmiyyətin düşüncəsi dəyişməli, istedadın yalnız diplomla ölçülmədiyi qəbul olunmalıdır.
Bir sözlə, diplom vacib ola bilər, amma uğurun yeganə açarı deyil. Bəzən cəmiyyətin tanımadığı "diplomsuz istedadlar" gələcəyin ən böyük yenilikçilərinə çevrilir. 

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31