Gözəllik və təhlükəsizlik: estetik prosedurlarda nəzarətin önəmi

Gözəllik hər dövrdə insanların arzusunda olub. Əvvəllər təbii vasitələrdən, bitkilərdən, müxtəlif xalq üsullarından istifadə edilirdisə, bu gün müasir texnologiyalar sayəsində gözəllik anlayışı daha çox tibbi və estetik prosedurlarla bağlıdır. Reklamların, sosial şəbəkələrin təsiri ilə insanlar daha cavan görünməyə, qırışlardan azad olmağa, "ideal" görünüş əldə etməyə çalışırlar. Nəticədə botoks, dolğu, mezoterapiya kimi prosedurlar bir növ gündəlik həyatın parçasına çevrilib. Ənənəvi gözəllik salonlarının yanında artıq estetik mərkəzlərin də sürətlə artdığını görürük. İnsanlar da belə yerlərə çox asanlıqla müraciət edir.  Sanki saç kəsimi və ya makiyaj qədər sadə bir xidmət seçirlər. Halbuki, həqiqət tam fərqlidir. Yəni, insanın damarına, əzələsinə, dəri altına tətbiq olunan hər bir müdaxilə, əslində, sadəcə gözəllik xidməti yox, bir tibbi prosesdir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, əhali bu prosedurları çox vaxt riskləri nəzərə almadan qəbul edir. "Hamı etdirir, mən də etdirim", "filankəs belə etdirib gənc görünür, deməli, təhlükəsizdir" - düşüncəsi çox geniş yayılıb. Amma reallıqda insan bədəni yad bir maddə ilə təmasda olur və həmin maddənin haradan, necə gətirildiyi, hansı şəraitdə saxlanıldığı böyük əhəmiyyət kəsb edir. Ən təhlükəlisi isə budur ki, vətəndaşların əksəriyyəti bu barədə düşünmür. Təkcə nəticəni görmək istəyirlər: daha hamar dəri, dolğun dodaq, gənc görünüş... Və çox vaxt prosedurun harada, kim tərəfindən və hansı preparatla aparıldığını araşdırmır. Halbuki, gözəllik xatirinə edilən yanlış seçim bəzən sağlamlığa bərpaolunmaz zərər vura bilir. Daha bir diqqətçəkən məqam isə prosedurları icra edənlərin kimliyidir. Təəssüf ki, bəzi hallarda tibbi təhsili olmayan şəxslər, sadəcə qısa kurs keçmiş "ustalar" belə bu prosedurları həyata keçirirlər. İnsanın ən qiymətli sərvəti - sağlamlığı isə qeyri-peşəkar əllərə həvalə olunur. Nəticədə gözəllik arzusu insanı həm maddi, həm də fiziki baxımdan böyük itkilərlə üz-üzə qoya bilir. Bütün bunlar onu göstərir ki, estetik prosedurlar nə qədər gündəlik həyata inteqrasiya olunsa da, onları sadələşdirmək və ya adi kosmetik xidmət kimi qəbul etmək təhlükəlidir. Bu, artıq cəmiyyət üçün ciddi ictimai-səhiyyə məsələsinə çevrilib. Çünki insan sağlamlığı ilə oynamaq olmaz. Hər bir prosedurun arxasında elmi bilik, dövlət nəzarəti və peşəkar yanaşma dayanmalıdır. Məhz buna görə də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi mühüm xəbərdarlıqla çıxış etdi. Qurumun açıqlamasında vurğulanır ki, estetik və tibbi prosedurlar üçün istifadə olunan bütün preparatlar yalnız dövlət qeydiyyatından keçdikdən və rəsmi icazə aldıqdan sonra ölkəyə gətirilə bilər. Bu qərar Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarında da əksini tapıb və ölkədə tibbi xidmətlərin təhlükəsizliyini təmin etmək məqsədini daşıyır. Beləliklə, vətəndaşlar yalnız keyfiyyət sənədləri olan preparatlarla təmin edilmiş prosedurlara müraciət etməlidirlər.

Səhiyyə Nazirliyinin mövqeyi çox aydındır: mənşəyi məlum olmayan və qeydiyyatsız preparatlar yalnız gözəllik nəticələrini şübhə altına almır, eyni zamanda insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Qeyri-müəyyən mənbələrdən gətirilən preparatlar ağır allergik reaksiyalar, dəri və sinir sistemi zədələnmələri, hətta digər ciddi fəsadlara səbəb ola bilər. Bu yanaşma həm vətəndaşların sağlamlığının qorunması, həm də tibbi xidmətlərin keyfiyyət standartlarının yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Nazirlik vurğulayır ki, tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı müəssisələrdə, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra olunmalıdır. Çünki qeyri-peşəkar müdaxilə ilə birlikdə sertifikatsız preparatların istifadəsi ikiqat risk deməkdir. Bu həm prosedurun təhlükəsizliyini, həm də nəticənin keyfiyyətini zəmanət altına alır. İnsan sağlamlığı isə gözəllik arzularından üstün tutulmalıdır.

Ən vacib məqam odur ki, vətəndaşlar hər zaman proseduru həyata keçirən mütəxəssisin ixtisasına və preparatın keyfiyyət sənədlərinə diqqət yetirməlidirlər. Bu, yalnız qanunvericilik tələbi deyil, həm də fərdi sağlamlığın qorunması üçün zəruri tədbirdir. Estetik mərkəzlərin populyarlığı artdıqca, insanların məsuliyyətsiz və ya təcrübəsiz şəxslərə etibar etməsi halları da artmaqdadır. Belə vəziyyətlərdə sadəcə kosmetik fəsadlar deyil, bəzən ciddi tibbi problemlər də ortaya çıxa bilər. Səhiyyə Nazirliyinin açıqlaması eyni zamanda vətəndaşları maarifləndirmək baxımından da önəmlidir. Qurum bu sahədə peşəkarlığın və qanuni prosedurların vacibliyini vurğulayaraq, həm cəmiyyətin sağlamlıq mədəniyyətinin yüksəlməsinə, həm də tibbi-estetik xidmətlərin təhlükəsizliyinə töhfə verir. Vətəndaşlar yalnız etibarlı və sənədləri tam olan mərkəzlərə müraciət etməli, hər bir prosedurdan əvvəl məlumatlı seçim etməlidirlər.

Bütün bunlar bir daha göstərir ki, estetik prosedurlar sadəcə gözəllik və vizual görünüş üçün deyil, həm də sağlamlıq və təhlükəsizlik məsələsi kimi ciddi yanaşma tələb edir. İnsan bədəni ilə hər hansı müdaxilə yalnız peşəkarlar tərəfindən, qanunvericiliyə uyğun şəraitdə aparılmalıdır. Bu yanaşma həm vətəndaşların rifahını qoruyur, həm də tibbi standartların yüksəlməsinə xidmət edir.

Ekspertlər də məsələyə öz peşəkar baxışlarını çatdırırlar. Həkim ekspert Rasif Bağırov bildirib ki, estetik prosedurların təhlükəsizliyi yalnız təcrübəli mütəxəssislər və dövlət nəzarəti ilə təmin edilə bilər:

"İstər özəl, istərsə  də  dövlət klinikalarında baş verən bütün prosedurlara, proseslərə təbii ki, cavabdeh ilk növbədə Səhiyyə Nazirliyidir. Çünki ölkə əhalisinin sağlamlıq proqramının tam olaraq  milli təhlükəsizlik proqramının isə müəyyən hissəsinin  tam cavabdehi Səhiyyə Nazirliyidir. Ona görə də bu qədər böyük məsuliyyət daşıyan  idarədə əlbəttə ki, insanlar üzərində aparılan hər hansı müdaxilələr mütləq nəzarətdə olmalıdır. Nəzarətdə olmadıqda sabah bir hadisə baş verəndə hərə müəyyən sənədlər, lisenziyalar göstərilir və həmin proseslər əsasında fəaliyyətin göstərdiklərini deyirlər. Amma məsələ burasındadır ki, hansı ölkədə  fəaliyyət göstərirsənsə, mütləq həmin ölkənin Səhiyyə Nazirliyi tərəfindən lisenziya olmalıdır. İnsanlara edilən müdaxilələr mütləq təcrübəli həkimlər və ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməlidir ki, insanlar arxayın olsunlar: mən getdim, əməliyyat olundum və heç bir problemim olmayacaq.  Amma çox vaxt görürük ki, bizdə gəlirli hesab edilən sahələrə insanlar axın edirlər və çalışırlar həmin sahələrdə fəaliyyət göstərməyə. Çox vaxt da ixtisası olmayan şəxslər bu prosedurları bəzi klinikalarda həyata keçirirlər, bəzən isə ümumiyyətlə heç bir yerdə qeydiyyatsız, gizli kabinetlərdə bu işlərlə məşğul olurlar. Bunu insanlar bilməlidir ki , botoks adlanan əməliyyat heç də sadə bir prosedur deyil. Botulinum toksinlərindən istifadə olunur və bu, xüsusi maddədir. Onun dozasının düzgün müəyyən olunması mütləq ixtisaslı həkimlər tərəfindən aparılmalıdır. Çünki normadan artıq doza verildikdə xəstələrdə çox ciddi narahatlıqlar yarana bilər. Botoks tərkibindəki toksinlər əsasən insan bədənində qırışların açılması, spazmın aradan götürülməsi üçün istifadə olunur. Məsələn, blefarospazm deyilən xəstəlik var: göz əzələləri həddindən artıq yığılır və xəstə gözlərini açıb bağlaya bilmir. Bu halda botulin toksinlərindən -botoksdan istifadə edərək həmin əzələləri boşaldırlar və xəstə göz qapaqlarından normal istifadə edə bilir. Bu, tibbi göstəriş əsasında olur. Amma estetik məqsədlə, yəni üz qırışlarının aradan qaldırılması üçün istifadə edilərkən çox böyük ehtiyat tələb olunur və bu iş mütləq mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Gizli fəaliyyət göstərmək, Səhiyyə Nazirliyinin icazəsi və lisenziyası olmadan bu işlərlə məşğul olmaq düzgün deyil. Bu, mütləq yoxlanılmalıdır, çünki bu proses ölkə əhalisinin sağlamlıq proqramının bir hissəsidir. Yəni, insanlara edilən hər bir müdaxilə barədə dövlətin müvafiq qurumları məlumatlı olmalıdır. Ümumiyyətlə, botoks təhlükəsiz hesab olunur, amma yalnız o halda ki, proseduru həyata keçirən şəxslər təcrübəli, ixtisaslı və lisenziyaya malik həkimlər olsun. Belə olduqda texnoloji cəhətdən düzgün aparıldığında problem yaranmır. Amma doza normadan artıq verilərsə, bəzi yüngül əlamətlər yarana bilər: vurulan yerlərdə qızartılar ola bilər, damarların zədələnməsi nəticəsində hematomalar əmələ gələ bilər, müəyyən əzələ zəiflikləri, üz mimikasında dəyişikliklər müşahidə oluna bilər. Bəzən isə çox ağır nəticələr də ola bilər. Məsələn, xəstələrdə keçici, lakin ciddi fəsadlar, anafilaktik şok, allergik reaksiyalar, tənəffüs daralmaları baş verə bilər. Bundan əlavə, bəzi hallarda udqunma problemləri, göz yaşının azalması, botoks vurulan nahiyənin yaxın əzələlərində boşalmalar müşahidə olunur. Məsələn, çiyin və ya boyun nahiyəsində əzələlərin boşalması kimi hallar ola bilər. Bunlar bəzən müvəqqəti xarakter daşıyır. Amma yenə də ən ağır nəticələr allergik reaksiyaların meydana çıxmasıdır.

Xəstələr haradan bilə bilər ki, həmin proseduru icra edən şəxs və ya istifadə olunan maddə təhlükəlidir, yoxsa təhlükəsiz? Vətəndaşlar bunu təbii ki, bilə bilməzlər. Çünki heç kəs gəlib deməyəcək ki, bu şəxs kimdir, ya da heç kəs lisenziyasını göstərməyəcək. Ona görə də vətəndaşın özü bunu anlamaq imkanında deyil..Burada məsələ ondan ibarətdir ki, bu işlərə cavabdeh olan məhz  Səhiyyə Nazirliyi və digər  müvafiq  qurumlardır. Əgər hər hansı narahatlıq yaranarsa, cavabdeh qurum Səhiyyə Nazirliyi dir. Çünki ölkəyə daxil olan hər bir maddənin əhali üçün təhlükəsiz olmasına məhz onlar cavabdehlik daşıyır. Vətəndaş özü gedib həmin vurulan maddəni yoxlatdıra bilməz, başqa şəkildə də bunun təhlükəsizliyini təsdiqləyə bilməz. Bunu yalnız müvafiq təşkilatlar edə bilər".

Estetik prosedurlar sadəcə gözəllik arzusu deyil, həm də ciddi tibbi müdaxilədir. Yazıda qeyd etdiyimiz kimi, botoks, dolğu və mezopreparatlar yalnız dövlət qeydiyyatından keçmiş, keyfiyyət sənədləri olan preparatlarla və lisenziyaya malik, təcrübəli həkimlər tərəfindən tətbiq edilməlidir. Hər bir müdaxilənin təhlükəsizliyi və nəticəsinin keyfiyyəti dövlətin nəzarəti , yoxlama prosedurları ilə təmin olunur. Vətəndaşın əsas vəzifəsi proseduru həyata keçirən mütəxəssisin ixtisasını və preparatın sənədlərini yoxlamaq, müvafiq yerlərdə, qanuni prosedurlar çərçivəsində xidmət almaqdır. Unutmaq olmaz ki, gözəllik arzusu sağlamlıqdan üstün ola bilməz. Səhiyyə Nazirliyinin və ekspertlərin tövsiyələri göstərir ki, etibarlı prosedurlar və düzgün nəzarət sayəsində insan həm estetik nəticə əldə edə, həm də sağlamlığını qoruyub saxlaya bilər. Yalnız belə balans sayəsində gözəllik həqiqətən təhlükəsiz və dəyərli ola bilər.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31