Rusiya-Azərbaycan münasibətləri:Son hadisələr iki qonşu arasında gərginliyi daha da artırırmı?- ÖZƏL
15:16 SiyasətRusiya-Azərbaycan münasibətləri son həftələrdə SOCAR-ın Odessadakı neft bazasına və kompressor stansiyasına hücumdan sonra daha da gərginləşib. Hücum nəticəsində 17 yanacaq çəni, nasosxana, texniki otaqlar və digər infrastruktur zədələnib. Ukrayna Prezidenti Zelenski bunu Rusiyanın məqsədli addımı kimi qiymətləndirib və Azərbaycanın enerji müstəqilliyinə hücum adlandırıb. ATƏT PA rəhbərliyi, həmçinin Milli Məclis və Ukrayna Ali Radası spikerləri də bu addımı pisləyiblər. Bununla yanaşı, Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlər də artmaqdadır: Çelyabinskdə diaspor rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilərək ölkəyə girişinə qadağa qoyulub.
SOCAR-ın enerji obyektinə hücum Moskvanın Bakıya mesajı kimi qiymətləndirilə bilərmi və bu, iki ölkə münasibətlərində hansı yeni mərhələni açır?
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib:
" Yaxın qonşumuz Rusiya ilə münasibətlər keçən ilin dekabrın 25-də Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasından sonra soyumağa başladı. Azərbaycan haqlı olaraq təyyarənin vurulmasına görə Rusiya rəhbərindən üzrxahlıq, kompensasiya ödənilməsini və cinayətkarların cəzalanmasını tələb etdi. Cinayət işləri qaldırıldı və hələ də həll mərhələsindədir. Cinayəti törədənlər və dəyən ziyan məlumdur, amma Rusiya tərəfi hələ heçnə etməyib. Buna görə də, Azərbaycan prezidenti Moskvaya İkinci Dünya Müharibəsinin 80 illik qələbə paradına dəvət aldı, ancaq getmədi. Çünki Rusiya bizi nəzərə almadı, beynəlxalq qanunları tapdaladı və Azərbaycanın haqlı tələbini yerinə yetirmədi. Təbii ki, biz də həmin təyyarənin qəsdən vurulduğunu iddia etmirik. Orada mülki təyyarə səhvən vurulub. Orada yalnız Azərbaycan vətəndaşları deyil, həmçinin Rusiya və Qazaxıstan vətəndaşları da həlak oldu. Biz bunu belə də açıqladıq, amma Rusiya özünü böyük, hegemon dövlət sayaraq kiçik qonşu dövlətlərə qarşı, o cümlədən Azərbaycana qarşı belə hərəkət etməsini gözləyirdik. Ukrayna xalqına qarşı apardığı təcavüz siyasəti digər xalqlara da qarşıdır. Son illər Rusiyanın apardığı siyasət bunu göstərir. Son zamanlarda Ukraynada Azərbaycan obyektləri, SOCAR-ın yanacaq çənləri və digər infrastrukturlar məqsədyönlü şəkildə hədəf alınıb. Bu hadisələr hərbi cinayətdir. Ancaq Rusiya özünü elə aparır ki, guya o cavabdeh deyil. Bu belə deyil. Beynəlxalq hüquq və qanunlar işləyir. Baxmayaraq ki, Rusiya buna məhəl qoymur. Hesab edirəm ki, Ukraynada apardığı müharibədə Rusiya uduzur. Əksinə, beynəlxalq imicinə böyük zərbə oldu. Dünyanın ən böyük ölkələrindən biri olan Rusiya üç ildən çoxdur ki, hələ də Ukraynanın torpaqlarını işğal edə bilməyib. Hərbi əməliyyatlara başladıqlarında üç günə qalib gələcəklərini deyirdilər, amma bu mümkün olmadı. Rusiya ordusu pərakəndə oldu, təsisatı zəif vəziyyətə düşdü. Tramp hakimiyyətə gələndən sonra Rusiyanı müəyyən məsələlərdə diriltməyə çalışdı, bəzi sanksiyalardan azad etməyə çalışdı ki, Ukrayna ilə sülh müqaviləsi bağlansın. Azərbaycanla Rusiya arasındakı düşmən münasibət isə qətiyyən qəbul edilə bilməz. Azərbaycan haqlı tələbini yerinə yetirməyi tələb edir, amma Rusiya bunu vermir. Azərbaycan sovet dövründəki Azərbaycan deyil. Bu gün ölkəmiz inkişaf edib, dünya tərəfindən tanınır, nüfuzlu dövlətdir. Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq edir və dünya liderləri tərəfindən qəbul edilir. Avqustun 8-də Vaşinqtonda ABŞ prezidentdi, o cümlədən özünü dünyanın prezidenti sayan Tramp Azərbaycan prezidentinə "siz böyük liderisiniz" deyə müraciət etdi və İlham Əliyevə Ağ evin rəmzi açarını təqdim etdi. Bu hər bir dövlət başçısına verilən bir məsələ deyil. İlham Əliyevin apardığı danışıqları yüksək qiymətləndirərək Tramp ona heyranlıqla açarı təqdim etdi.
Azərbaycanın son illər apardığı siyasət ölkəmizi yüksəldir. Putinin siyasəti isə qonşu xalqlarla düşmənçiliyə gətirib çıxarır və bu yalnız Rusiyanın özünə ziyan verir. Azərbaycanla münasibələri korlamaq, Azərbaycana qarşı törədilən təxribatlar və Ukraynadakı infrastrukturumuza qarşı hərəkətlər Rusiyanın özünə daha böyük ziyan vuracaq. Azərbaycan hakimiyyəti Rusiya qarşısında boyun əyməyəcək. Rusiya Azərbaycana ciddi təhdid yarada bilməz. Onların gücü ancaq ölkələrində yaşayan həmvətənlilərimizə çatar. Bu da müəyyən müddətə kimidir. Bu gün Avropa dövlətləri tərəfindən sanksiyalara məruz qalan Rusiya ancaq Azərbaycan üzərindən xaricə öz resurslarını satır. Azərbaycan onlara həmişə normal münasibət bəsləyib. Eyni zamanda Rusiyanın media orqanları guya Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsi kimi şayiələr yayırlar. Bütün bunlar yalandır və məqsədləri Azərbaycana qarşı təxribat etməkdir. Əgər bu hallar davam edərsə, müharibə olarsa, Azərbaycan qaçmayacaq. Öz gücünü göstərəcək. Çünki Azərbaycanın çox güclü müttəfiqləri var: Türkiyə, Pakistan, İsrail və Amerika olmaqla. Hesab edirəm ki, Rusiya Azərbaycan o dərəcə təhdid edə bilməz. Əksinə, öz ölkəsi çətin vəziyyətə düşə bilər. Rusiyanın apardığı siyasət səhvdir və yalnız özünə ziyan gətirəcək".
Zeynəb Mustafazadə