Aİ ölkəsi Ukraynanın neft kəmərinə son hücumunu pisləyib - ÖZƏL
21:33 DünyaSlovakiya bildirib ki, Kiyevin "Drujba" boru kəməri sisteminə yenidən zərbələri Rusiyanın neft tədarükünü dayandırıb.
Olaylar xəbər verir ki,Slovakiya Ukraynanın Rusiyanın Aİ ölkələri üçün əsas təchizat marşrutu olan "Drujba" neft kəmərinə son hücumlarını kəskin pisləyib və bu hücumu ölkənin enerji təhlükəsizliyinə "qəbuledilməz" təhdid adlandırıb.
"Drujba" dünyanın ən uzun boru kəməri şəbəkələrindən biridir. Təxminən 4 000 km uzunluğunda olan bu kəmər Rusiyadan və Qazaxıstandan xam nefti Macarıstan, Slovakiya, Çexiya, Almaniya və Polşadakı emal zavodlarına daşıyır. Boru kəməri Ukrayna ərazisindən keçərək Rusiyanın xam neftini əsasən Macarıstan və Slovakiyaya çatdırır.
Cümə günü Bratislava və Budapeşt Avropa Komissiyasına bildirdi ki, Kiyev son günlər ərzində boru kəmərinə bir neçə dəfə hücum edib, sonuncu hücum isə həmin gün - Cümə günü baş verib. Slovakiya rəsmiləri bildiriblər ki, hücum nəticəsində zədələnən hissə bazar ertəsinə qədər bərpa olunacaq, lakin neftin nəqli yalnız bir neçə gündən sonra bərpa ediləcək.
"Ölkəmizin enerji təhlükəsizliyinə hər hansı bir təhdid qəbuledilməzdir", - Slovakiyanın xarici işlər naziri Yuray Blanar "X" platformasında yazıb.
Budapeştin məlumatına görə, son hücum Rusiya-Belarus sərhədi yaxınlığında baş verib. Bu, avqustun 13-də və 18-də keçirilmiş iki əvvəlki hücumdan sonra olub. Kiyev isə təsdiqləyib ki, Rusiyanın Bryansk vilayətində yerləşən mühüm paylayıcı stansiyaya pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Ukrayna müharibə dövründə dəfələrlə Rusiyanın enerji infrastrukturunu hədəf alıb. "Drujba"dan başqa, Ukrayna ordusu Türkiyə istehlakçılarını və bir sıra Avropa ölkələrini - o cümlədən Macarıstan, Serbiya, Bolqarıstan, Slovakiya, Bosniya və Herseqovina, eləcə də Yunanıstanı təbii qazla təmin edən "TürkAxını" boru kəmərinə də hücum edib. Bu ilin əvvəlində isə Kiyev Avropa İttifaqına qaz ötürən, Sudja yaxınlığındakı ölçü stansiyasına zərbə endirmişdi.
Macarıstanın Baş naziri Viktor Orban məsələni birbaşa ABŞ Prezidenti Donald Trampla müzakirə edib və hücumları "Ukraynaya elektrik və yanacaq dəstəyi göstərən ölkələrə qarşı çox dostcasına olmayan addım" adlandırıb. Tramp isə Orbanın siyasi direktoru tərəfindən "Facebook"da paylaşılan əlyazma qeyddə belə cavab verib: "Mən bunu eşitməkdən xoşlanmıram - buna görə çox qəzəblənmişəm. Slovakiyaya de ki, sən mənim böyük dostumsan".
Kreml isə ardıcıl şəkildə Ukraynanın mülki enerji infrastrukturuna hücumlarını terror aktları kimi qınayıb.
İbrahim Məmmədli