Cənubi Qafqazda yeni geosiyasi oyun: Sülh sazişi 2026-cı ilə qalır?– ÖZƏL
13:39 Siyasətİranlı ekspert Əhməd Kazemi iddia edib ki, Zəngəzur dəhlizi 6 km enində olacaq, Türkiyənin "David dəhlizi" ilə birləşdiriləcək və 2026-cı il 24 apreldə Donald Trampın iştirakı ilə İstanbulda sülh sazişi imzalanacaq. Onun sözlərinə görə, dəhliz beynəlxalq konsorsium tərəfindən idarə olunacaq, gəlirlərin 40%-i ABŞ-a, 30%-i Azərbaycan və Ermənistana çatacaq.
Qeyd edək ki, Bakı və İrəvan sülh mətnini artıq avqustun 8-də Ağ Evdə paraflayıb. Bu da geri oxunması mümkün olmayan sənəddir.
Maraqlıdır, İranlı ekspertin proqnozu nə dərəcədə realdır? Ermənistanın konstitusiya dəyişiklikləri və parlament seçkiləri fonunda sülh müqaviləsinin taleyi necə formalaşa bilər?
"Hazırda dünyada qlobal güclər arasında savaş gedir. ABŞ başda olmaqla NATO bloku ilə Rusiya arasında ciddi qarşıdurma mövcuddur. Bu savaşın birinci episentri Ukraynadırsa, ikincisi Cənubi Qafqazdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, dünyada yaranmış xaos dalğası Cənubi Qafqaza da sıçrayır. Cənubi Qafqaz böyük güclərin maraq dairəsindədir. Ermənistan və Azərbaycan isə bu savaşın elementlərinə çevrilib:
"44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni siyasi vəziyyət yarandı. Bu vəziyyəti yaradan da Azərbaycandır. Azərbaycan həm öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də regionda sülhün və əmin-amanlığın yaranmasında mühüm rol oynadı. Bundan əlavə, Azərbaycan böyük dövlətlərin həm regional, həm də qlobal maraqlarını uzlaşdıran əsas oyunçuya çevrildi".
A. Məsiyev qeyd edib ki, Zəngəzur dəhlizi məsələsi isə 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində öz əksini tapıb və ona görə Rusiya nəzarəti altında olmalı idi. Bu barədə Ermənistan tərəfi öhdəlik götürmüşdü. Lakin Ermənistan Rusiyanın bu dəhlizə nəzarət etməməsi üçün ABŞ-dən aldığı təlimatlar əsasında prosesi uzatdı və pozucu addımlar atdı. Bununla həm Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətdi, həm də Zəngəzur dəhlizində Moskvanın maraqlarını kənara sıxışdırdı.
Siyasi şərhçi əlavə edib ki, Paşinyanı hakimiyyətə gətirən ABŞ Cənubi Qafqazdakı maraqlarını Ermənistan üzərindən həyata keçirirdi. Biz bunu xüsusilə Bayden dövründə açıq şəkildə müşahidə etdik. Ermənistan vasitəsilə bölgəyə təzyiq göstərilirdi. Trampın hakimiyyətə gəlməsi ilə bölgədə yeni bir siyasi situasiya yarandı. Bu dəfə məsələlər daha çox iqtisadi maraqlar üzərində qurulmağa başladı. ABŞ Cənubi Qafqazda maraqlarını Baydendən fərqli olaraq başqa taktika ilə - iqtisadi əsasda həyata keçirir. Vaşinqtonda Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən son görüşdə də hər şey aydın oldu. Ermənistan Zəngəzur dəhlizini ABŞ-nin nəzarətinə verməklə bölgədə yeni vəziyyət formalaşdırmaq istəyir. Azərbaycan üçün fərqi yoxdur dəhlizə kim nəzarət edəcək. Əsas məsələ Azərbaycanın maraqlarının təmin olunmasıdır. Əgər Azərbaycanın diktə etdiyi şərtlər yerinə yetirilməsə, dəhlizin açılması real olmayacaq. Ermənistan konstruktiv mövqe tutarsa, Azərbaycanla sülh sazişi imzalayarsa və dəhlizin təhlükəsizliyinə zəmanət veriləcəksə, bu halda Azərbaycan dəhlizin fəaliyyətində maraqlı olacaq. Ancaq məsələ ondadır ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilmədən bu layihələrin həyata keçirilməsi real görünmür. Təəssüf ki, Ermənistan hələ sülh sazişi imzalamağa hazır deyil. Bunun üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir. Paşinyan isə bunu yalnız 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra referendum vasitəsilə etmək niyyətindədir.
"Məsələnin mürəkkəb tərəfi isə ondadır ki, Cənubi Qafqazda ABŞ ilə Rusiyanın maraqları toqquşur. Bir tərəfdə 10 noyabr bəyanatının müddəası, digər tərəfdə isə Ermənistanın ABŞ ilə apardığı sövdələşmələr dayanır. Əgər qlobal miqyasda ABŞ və Rusiya arasında müəyyən razılaşma əldə olunarsa, bu, Zəngəzur dəhlizində də öz əksini tapa bilər. Məsələn, Ukrayna müharibəsində tərəflər güzəştə gedərsə, Cənubi Qafqazda da kompromis formalaşa bilər," - deyə A. Məsiyev vurğulayıb.
Siyasi şərhçinin fikrincə, ABŞ-nin iştirakı ilə Türkiyədə sülh sazişinin imzalanması isə çox gözəl arzudur: "Türkiyə regional gücdən qlobal gücə çevrilməkdədir və Cənubi Qafqazda sabitliyin təmin olunmasında maraqlıdır. Türkiyə həm Ermənistanla, həm də Azərbaycanla sərhədə malikdir. Ona görə də bu sülhə zəmanət verə biləcək əsas dövlətlərdən biridir. Türkiyə çox çalışır ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə edilsin və Ermənistanla sərhəd açılsın. Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla sərhədi yalnız Azərbaycanla sülh sazişi imzalandıqdan sonra açacaq. Bu baxımdan real sülhün olması üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, referendum keçirərək Konstitusiyada dəyişiklik etməlidir. Ən əsası isə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Çünki sülhün təməl prinsipi iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistan Konstitusiyası hazırda buna imkan vermir. Belə olan halda imzalanacaq hər hansı saziş uzunömürlü olmayacaq. Biz sülhü Paşinyanla yox, erməni xalqı ilə imzalamaq istəyirik. Paşinyan müvəqqəti fiqurdur, sabah yerinə başqa biri gələ bilər. Ona görə də sülhün davamlı olması üçün erməni xalqının referendum vasitəsilə öz iradəsini ortaya qoyması vacibdir. Ermənistan tərəfi isə açıq şəkildə bildirir ki, bu referendum yalnız 2026-cı ildən sonra mümkündür. O vaxta qədər sülh sazişinin imzalanması real görünmür".
A. Məsiyev sonda bildirib ki, ümumilikdə regionda mürəkkəb siyasi situasiya yaranıb. Çünki Zəngəzur dəhlizi həm ABŞ, həm də Rusiya üçün strateji əhəmiyyət daşıyır. Qlobal miqyasda bu maraqlar uzlaşdırılmasa, Cənubi Qafqazda qarşıdurma davam edəcək. Əgər 2026-cı ildə Ermənistanda Rusiyapərəst qüvvələr hakimiyyətə gələrsə, bu, bölgədə tamamilə yeni siyasi vəziyyət yaradacaq.
Ona görə də hazırkı şərait mürəkkəbdir və zaman əsas amil rolunu oynayır. Zaman özü şərtləri müəyyən edəcək.
Sevda Dəniz