İran-Ermənistan görüşü: “Üçüncü qüvvələr” xəbərdarlığı regionda gərginliyi artıra bilərmi? - ÖZƏL
15:08 Siyasətİran Prezidenti Məsud Pezeşkian İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə bildirib ki, Tehran Ermənistanın suverenliyini dəstəkləyir və iki ölkə arasında dostluq münasibətləri davam etməlidir. O, Qafqazda sülhün İran üçün strateji prioritet olduğunu vurğulayıb və "sərhədlərdə üçüncü qüvvələrin olmasın" deyə xəbərdarlıq edib. Paşinyan isə Azərbaycanla əldə olunan razılaşmaların Ermənistan-İran dəmir yolu əlaqəsini mümkün edəcəyini açıqlayıb. Naxçıvan-Culfa xətti ilə İranın Qara dənizə çıxışı təmin olunacaq. Tehran isə bölgədə ABŞ və digər xarici qüvvələrin təsirinə qarşı olduğunu bir daha bəyan edib.
İranın "üçüncü qüvvələr sərhədimizdə olmamalıdır" xəbərdarlığı regionda hansı yeni geosiyasi gərginliklər yarada bilər?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
"Ermənistanın İranla münasibətlərində hər zaman yaxınlıq hiss olunmuşdur və İran prezidenti Məsud Pezeşkianın İrəvana səfəri həm münasibətləri inkişaf etdirmək, həm də bir sıra narahatlıqlara son qoymaq xarakteri daşıyır. Xüsusilə Vaşinqton razılaşmalarından sonra İran və Rusiya bu razılaşmalardan narazı qalmış və bir sıra problemlər ortaya çıxmışdır. Xüsusilə Zəngəzur dəhlizi kontekstində, bu dəhlizə ABŞ-nin özəl şirkətlərinin təhlükəsizlik zəmanəti verməsi İranı narahat edir və İran bunu qəbul olunmaz hesab edir. Üçüncü dövlətlərin regiona gəlişini qəbul etmək istəmir.
Lakin sual yaranır ki, Aİ-nin mülki missiyası Ermənistan arasında fəaliyyət göstərərkən niyə İran tərəfi narahatlığını ifadə etmirdi və buna susqunluqla yanaşırdı? Əslində Avropa İttifaqının da regionda olması üçüncü qüvvələr hesab olunur. Lakin ABŞ-nin özəl qurumunun dəhlizə təhlükəsizlik zəmanəti verməsi və burada iştirakı İran üçün arzu olunan deyil. Belə olan halda yalnız hesab edirəm ki, İran tərəfinin diqqətinə marşrutun xeyirləri haqqında danışmaq qalır. Ermənistanın baş naziri də bildirmişdir ki, Qara dənizə İranın dəmir yolu vasitəsilə çıxışı təmin olunur və Naxçıvan-Culfa xətti strateji əhəmiyyət kəsb edəcəkdir. Hesab edirəm ki, İran tərəfi öz mənasız ambisiyalarını kənara qoymalı və regionun inkişafı naminə düşünməlidir. Bu, çox mühüm amildir və eyni zamanda dəhlizin region üçün nə qədər xeyirli olması fikri daha geniş izah edilməli, bunun nəticəsində regional təhlükəsizlik və sabitlik sistemi haqqında daha dərindən analiz aparılmalıdır".
Zeynəb Mustafazadə