Zəngəzur dəhlizi barədə iddialar: Kazeminin proqnozları real deyil, geosiyasi reallıqlar fərqlidir - ÖZƏL

Politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında   iranlı ekspert Əhməd Kazeminin Zəngəzur dəhlizi  ilə  bağlı proqnozunu  şərh  edərək  bildirib  ki,  ilk baxışda sensasiyalı görünür, amma geosiyasi reallıqlar onu şübhə altına qoyur: 
" Birincisi, Zəngəzur dəhlizinin eninin 6 km olması və "David dəhlizi" ilə birləşdirilməsi daha çox fantaziya səviyyəsindədir, çünki bu, həm Ermənistanın, həm də İranın kəskin etirazına səbəb olar. İkincisi, dəhlizin beynəlxalq konsorsium tərəfindən idarə olunması və gəlirlərin 40%-nin ABŞ-a ayrılması ideyası Azərbaycanın dövlət suverenliyi ilə ziddiyyət təşkil edir. Bakı heç vaxt öz ərazisindəki strateji nəqliyyat yolunun idarəsini kənar qüvvələrə güzəştə getməz. Ermənistanın konstitusiyasında ərazi iddialarının qalması isə sülhün ən böyük əngəllərindən biridir. Paşinyan komandasının bu dəyişikliklərə cəhd etməsi daxildə ciddi müqavimətlə qarşılaşacaq. Radikal müxalifət bunu "erməni kimliyinin təslimi" kimi təqdim edəcək. Seçkilər yaxınlaşdıqca Ermənistan siyasətində populizm və revanşist şüarlar artacaq. Belə bir şəraitdə sülh müqaviləsini parlamentdə ratifikasiya etmək olduqca çətin olacaq. Bakı üçün prioritet real və hüquqi zəmanətlərin əldə olunmasıdır. Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sənədin imzalanması kağız üzərində qalacaq. ABŞ-ın bu prosesdə iştirakı isə simvolik ola bilər, amma 40%-lik gəlir payı kimi absurd iddialar ciddi qəbul edilmir. 24 aprel tarixinə bağlanmış proqnoz da siyasi manipulyasiya elementləri daşıyır. Çünki sülhün vaxtını konkret bir günə bağlamaq beynəlxalq təcrübəyə uyğun deyil. Sülh sənədləri tərəflərin hazırlığına görə formalaşır, tarixə görə yox. Avqustun 8-də Ağ Evdə paraflanmış mətn isə artıq ciddi mərhələdir. Bu sənəd geri oxunmayan və dəyişdirilməyən mətn olaraq yeni mərhələ açır. Ermənistan daxili siyasi proseslərdə geciksə belə, sənəd beynəlxalq zəmanətə sahibdir. Ona görə Kazeminin iddiaları çox da etibarlı görünmür. Reallıq odur ki, Ermənistan ya konstitusiya dəyişikliklərini edir, ya da beynəlxalq təzyiq qarşısında təklənir. Azərbaycan isə mövqeyində sabit və prinsipialdır. Ermənistanın daxili seçki mübarizəsi və revanşist təzyiqləri sülhün taleyini uzada bilər. Amma gec-tez bu dəyişikliklər qaçılmaz olacaq. Çünki regionda alternativ inkişaf yolu yoxdur. Ermənistan ya sülhə imza atacaq, ya da geosiyasi təcridini dərinləşdirəcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31