“Bu, yalnız üç şəxsin tərbiyəsiz hərəkətidir” – Ekspert turistlərin davranışını şərh etdi - ÖZƏL
15:13 SiyasətSosial şəbəkələrdə yayılan videoda ərəb turistlərin şəhid məzarları önündə qeyri-etik hərəkətləri diqqət çəkib. Görüntülərdə onların xoşagəlməz davranışları açıq-aydın görünür. Hadisə geniş ictimai müzakirələrə səbəb oldu və dərhal polis tərəfindən reaksiya göstərilərək, sözügedən şəxslər saxlanılıb. Bu hal, həm vətənpərvərlik dəyərlərinə hörmət məsələsini, həm də turistlərin davranış normalarına riayət etməsinin vacibliyini bir daha gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Əlbəttə, bu baş verən hadisə heç də ürəkaçan bir hal deyil, xüsusən hansısa başqa bir xarici ölkə vətəndaşının gəlib Azərbaycanda Azərbaycan xalqının, Azərbaycan dövlətinin müqəddəs saydığı, onun həm öz gözündə, həm də dövlət səviyyəsində ən yüksək pilləyə qoyduğu dəyərlərinə bu şəkildə qeyri-etik yanaşması insanı incidəcək, insanın qəlbinə təsir edəcək bir haldır. Gönül istəməz ki, nə Azərbaycanda, nə də başqa bir ölkədə digər ölkələrin vətəndaşları gəlib belə ürək bulandırıcı hərəkətlər etsinlər. Amma indi Azərbaycanda bu yaşandı və cəmiyyət arasında da bu bir çoxları tərəfindən qəzəblə, bəziləri tərəfindən isə məyusluqla qarşılandı. Amma bəzi dairələr də oldu ki, bunu məqsədli şəkildə Azərbaycan-Ərəb dövlətləri və yaxud etnik olaraq Azərbaycan türkləri ilə ərəblər arasında bir nifaq toxumuna çevirməyə çalışırlar. Bu boş cəhdlərdən o tərəfə keçməyəcək bir haldır. Əgər belə bir hərəkət dövlətlərarası, xalqlararası problemə çevrilərdisə, bu məqsədli şəkildə həyata keçirilmiş olardı. Məsələn, həmin ərəblər hansı ölkənin vətəndaşlarıdırsa, o ölkədən birbaşa təlimat alardılar və məqsəd sırf Azərbaycan dövlətini və xalqını, onların dəyərlərini gözdən salmaq olardı. Bu halda Azərbaycan həmin dövlət ilə siyasi müstəvidə və Azərbaycan türkləri həmin ərəb xalqı ilə etnik və ya siyasi çaxnaşmaya qədər gedə bilərdi. Amma biz baxdıqda burada hansısa Ərəb dövlətinin qəsdli, planlı şəkildə Azərbaycana qarşı bir çirkin əməl törətdiyi faktını görmürük. Azərbaycan təhlükəsizlik qurumları bu barədə hər hansı açıqlama verməyiblər. Rəsmi məlumat olmadığı üçün heç kim iddia edə bilməz ki, həmin ərəblər bu hadisəni törədiblərsə, bu hansısa ölkənin məqsədli planı olub. Ona görə də bu, tamamən hansısa üç şəxsin özləri üçün seçdiyi bir əyləncənin bu qədər tərbiyəsizcəsinə həyata keçirilməsi kimi qiymətləndirilə bilər. Azərbaycan dövlət və xalq olaraq üç nəfərə görə hansısa ərəb dövlətinə qarşı savaş aça bilməz. Burada savaş dediyim, hər bir savaş mənasında deyil. Yəni onlara qarşı hər hansı radikal addım ata bilmərik, çünki bu, məqsədli şəkildə planlaşdırılmayıb. Bu cür hadisələrin qarşısını almaq üçün turizm siyasətində və xarici qonaqlara yanaşma məsələsinə gəldikdə, turizm məsələsi dünyada bir çox ölkənin əsas gəlir mənbəyidir. Azərbaycan tərəfi də turizm potensialını düzgün təqdim etməli, daha çox turizm cəlb etməlidir. Eləcə də insanlarımız öz xırda biznesləri vasitəsilə gəlir əldə etsin, həm də dövlət büdcəsinə əlavə vəsait gəlməsini təmin etsinlər. Turizm üçün sərhədlərimizi bağlamaq mümkün deyil ki, belə hadisələr baş verməsin. Amma Azərbaycan daxilində bizim müqəddəs saydığımız, dəyərli olan məsələləri düzgün çatdırmaqla, sərhədləri keçən turistlərə deyil, bütün dünya ictimaiyyətinə də göstərməliyik ki, biz ləyaqətli millətik, nələr bizim üçün müqəddəsdir və nələrə toxunmaq olmaz. Bu mesajı öncədən verməklə, gələn ölkələrin vətəndaşları anlayacaq ki, Azərbaycanda nə edə bilərlər, hansı hərəkətlər qadağandır, nələrə diqqət etməlidirlər. Azərbaycanın öz dəyərləri, mədəniyyəti, milli kimliyi və müqəddəs saydığı nüanslar var ki, onları tanıtdırmalıyıq. Bu məlumatlardan istifadə etməklə dünya ictimaiyyətində Azərbaycan kimliyi obrazını göstərməliyik. Belə olduqda Azərbaycana gələn istənilən insan, istər xoş gələn olsun, istərsə də olmayan, biləcək ki, burada nələr edilə bilər, nələr edilə bilməz, milli və mədəni dəyərlərə hörmət edilməlidir. Bu yanaşma sayəsində gələcəkdə belə problemlərin yaşanmasının qarşısı alınacaq".
Zeynəb Mustafazadə