İkinci əl bazarının böyüməsi: yeni trend, yoxsa maddi çətinlik?

Son illərdə həm dünyada, həm də Azərbaycanda ikinci əl bazarına marağın artması müşahidə olunur. İnsanlar artıq yalnız yeni məhsul axtarışında deyillər. Geyimdən tutmuş elektronika, mebel, avtomobil və hətta kitab bazarına qədər ikinci əl məhsullara tələbat yüksəlir. Bəs bu artım yeni sosial-iqtisadi bir trend kimi qəbul olunmalıdır, yoxsa sadəcə maddi çətinliklərin nəticəsidir?
Qlobal statistikalara görə, ikinci əl bazarı son on ildə ən sürətlə böyüyən sektorlar arasındadır. Xüsusən də geyim və moda sahəsində bu inkişaf özünü açıq göstərir. ThredUp adlı beynəlxalq platformanın 2024-cü il hesabatına əsasən, yalnız ikinci əl geyim bazarının həcmi 2028-ci ilə qədər 350 milyard dollara yaxınlaşacağı gözlənilir. Bu artım təkcə maddi səbəblərlə deyil, həm də insanların dayanıqlı istehlak və eko-trendlərə marağı ilə əlaqələndirilir.
Avropada "second hand" mağazaları, "vintage" butikləri və "flea market"lər (yarmarka tipli bazarlar) uzun illərdir mövcuddur və gənclər arasında populyar mədəniyyətin bir hissəsinə çevrilib. Məsələn, Parisdəki məşhur Saint-Ouen bit bazarı hər il yüz minlərlə turist və alıcı cəlb edir. ABŞ-da isə "Goodwill" və "Thrift Shop" şəbəkələri təkcə kasıblar üçün deyil, həm də orta təbəqə və hətta varlılar üçün cəlbedici alış-veriş məkanı kimi qəbul edilir.
 
Azərbaycanda ikinci əl mədəniyyəti

 
Azərbaycan cəmiyyətində uzun illər ikinci əl məhsullara münasibət birmənalı olmayıb. Xüsusilə geyim sahəsində "ikinci əl" sözünün özü bir qədər mənfi assosiasiya doğurub. Lakin son illər bu stereotiplər qırılmağa başlayıb. 
Avtomobil bazarında ikinci əl artıq ənənəvi və böyük bir seqmentdir. Yeni maşınların qiymətinin yüksək olması fonunda insanların böyük əksəriyyəti ikinci əl avtomobilə üstünlük verir. Elektronika və məişət texnikasında da oxşar vəziyyət var: telefon, noutbuk və məişət avadanlıqlarını ikinci əl almaq çoxlarına daha sərfəli görünür. Geyim bazarında isə son illərdə yeni bir tendensiya formalaşır. Sosial şəbəkələr üzərindən "thrift shop"lar, "second hand" səhifələri və vintage geyim satış platformaları açılır. Gənclər arasında "unikallıq" və "eko-düşüncə" amilləri bu bazarı daha da cəlbedici edir.
Bazarın böyüməsinin ən əsas səbəblərindən biri, təbii ki, iqtisadi amillərlə bağlıdır. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti son illərdə çox da yüksək deyil, yeni məhsulların qiymətləri isə davamlı olaraq artır. Bu şəraitdə ikinci əl məhsullar daha əlçatan alternativ kimi çıxış edir. Məsələn: Yeni "iPhone" modellərinin qiyməti orta aylıq əmək haqqını bir neçə dəfə üstələyir. Buna görə də insanlar işlənmiş modellərə üstünlük verirlər. Yeni avtomobillərin qiyməti isə çoxları üçün əlçatmaz olduğundan, Bakıdakı "maşın bazarı" həmişə gur olur. Mebel və ev əşyalarının qiymətləri artdıqca, sosial şəbəkələrdə "ikinci əl mebel" qrupları daha populyarlaşır. Bu reallıq ikinci əl bazarına tələbatı artırmaqla yanaşı, cəmiyyətdə də bu mədəniyyətin getdikcə daha çox qəbul olunmasına səbəb olur.
Bununla yanaşı, ikinci əl bazarının böyüməsini yalnız maddi çətinliklərlə izah etmək düzgün olmazdı. Dünyada və Azərbaycanda gənc nəsil artıq ekoloji məsuliyyətli istehlak məsələsinə daha həssas yanaşır. Fast fashion (tez köhnələn ucuz dəb) əleyhinə çıxışlar ikinci əl geyimlərin dəbdə qalmasını təmin edir. Gənclər ikinci əl geyim alaraq həm pul qənaəti edir, həm də ətraf mühitin qorunmasına töhfə verdiklərini düşünürlər. Sosial şəbəkələrdə ikinci əl geyim və aksesuar satışı ilə məşğul olan səhifələr təkcə kommersiya məqsədi daşımır, həm də bir cəmiyyət yaradır. Bu qruplarda insanlar geyimlərini dəyişir, barter edir və təkrar istifadənin faydalarını təbliğ edirlər. Hətta "unikallıq" faktoru da önəmlidir: ikinci əl mağazalarda tapılan geyim və əşyalar çox vaxt kütləvi istehsal mallarından fərqli olur.
İkinci əl məhsul almaq uzun illər "imkansızlığın göstəricisi" kimi qəbul olunurdu. Lakin indi bu yanaşma dəyişir. Artıq ikinci əl məhsul istifadə etmək çox hallarda ağıllı seçim və ya məsuliyyətli istehlakçı davranışı hesab olunur. Məsələn, ABŞ və Avropada məşhur şəxslərin, hətta ulduzların ikinci əl geyimlər geyinməsi və ya hərraclarda vintage çantalar alması bu davranışı "dəbdə" və "elit" hala gətirib. Azərbaycanda da gənclər arasında oxşar düşüncə formalaşmağa başlayır.


 
Mövzu ilə bağlı marketoloq Nicat Manafov Olaylar.az-a açıqlama verib. Marketoloq bildirib ki, son illərdə dünyada ikinci əl bazarı, xüsusən də lüks məhsullar sahəsində çox ciddi bir trendlə qarşı-qarşıyadır: 
 
"Bunun əsas səbəblərindən biri istehlakçılara daha əlçatan imkanlar yaratmasıdır. Belə ki, insanlar yüksək qiymətli lüks geyim və aksesuarları birbaşa mağazadan almaqdansa, ikinci əl bazarlarından daha münasib qiymətə əldə edə bilirlər. Bu, həm də daha geniş təbəqənin lüks markalara çıxışını təmin edir. Digər tərəfdən, bir çox lüks məhsul istifadəçiləri aldıqdan sonra geyimləri bir-iki dəfə istifadə edir və sonradan onları qarderoblarında saxlayırlar. Bu da həmin məhsulların demək olar ki, yeni vəziyyətdə bazara qayıtmasına şərait yaradır. İkinci əl satış platformaları vasitəsilə bu cür geyimlər yenidən dövriyyəyə daxil olur, daha münasib qiymətə satılır və istehlakçıya yenidən bahalı bir məhsulu əvəzləmək imkanı yaranır".
 
Marketoloqun sözlərinə görə, qlobal təcrübədə ikinci əl bazarının artması təkcə geyimlə məhdudlaşmır. Elektronika, mebel və hətta avtomobil sektorunda da ikinci əl bazarı sürətlə böyüyür. Ən çox diqqət çəkən isə lüks geyim sektorudur. ABŞ və Avropada bu məqsədlə xüsusi onlayn platformalar fəaliyyət göstərir. "Vestiaire Collective", "The RealReal" kimi saytlar artıq milyonlarla istifadəçiyə xidmət göstərir və çox milyardlıq dövriyyə formalaşdırır.
 
N. Manafov qeyd edib ki, Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir: "Təəssüf ki, ikinci əl bazarı ilə bağlı qanunvericilikdə konkret normativlər mövcud deyil. Hazırda belə məhsulların satışı post-terminal vasitəsilə mümkün olmur. İnsanlar ya nağd pul, ya da kartdan-karta köçürmə yolu ilə alqı-satqı aparmalı olurlar. Vergi Məcəlləsinə əsasən şəxsi əşyaların satışından vergi tutulmur, lakin bu sahədə də müəyyən limitlər və qeyri-müəyyənliklər var. Ona görə də ikinci əl bazarının hüquqi tənzimlənməsi və şəffaf mexanizmlərin yaradılması vacibdir. Əks halda, bu sahə tamamilə qeyri-rəsmi formada inkişaf etməyə davam edəcək. Mədəniyyət amili də mühüm rol oynayır. Azərbaycanda stereotiplər ikinci əl geyim bazarının genişlənməsinə mane olur. Cəmiyyətdə çox vaxt "başqasının geyindiyini geyinmək uğursuzluq gətirər" kimi fikirlər mövcuddur. Bu səbəbdən ikinci əl geyimlərə bir qədər mənfi yanaşma formalaşıb. Halbuki, Qərb ölkələrində bu, tamamilə normal qəbul edilir və həm ekoloji, həm də iqtisadi baxımdan daha səmərəli seçim sayılır".
 
Marketoloq əlavə edib ki, Azərbaycanda yeni nəslin, xüsusən də Z nəslinin yanaşması fərqlidir. Onlar qlobal trendlərə daha açıqdır və ikinci əl bazarında, xüsusən də lüks geyim sektorunda maraq getdikcə artır. Gənclərin dünyagörüşündə "sürdürüləbilir moda" və "ekoloji yanaşma" kimi anlayışlar ön plana çıxır. Bu da gələcəkdə ölkəmizdə ikinci əl bazarının inkişafına ciddi təsir göstərə bilər.
 
"İkinci əl bazarı həm dünyada, həm də Azərbaycanda sürətlə inkişaf edən bir tendensiyadır. Dünyada bu sahə artıq çoxmilyardlıq sənayeyə çevrilib, Azərbaycanda isə hələ ilkin mərhələdədir. Stereotiplərin aradan qalxması, gənc nəslin daha açıq münasibəti və ən əsası qanuni bazanın yaradılması ilə yaxın gələcəkdə bu sahənin ölkəmizdə də daha geniş yayılacağı gözlənilir," - deyə Nicat Manafov sonda vurğulayıb.
 
Əslində, ikinci əl bazarının böyüməsi həm maddi çətinliklərin, həm də yeni həyat tərzi trendlərinin nəticəsidir. Əgər orta və aşağı gəlirli təbəqə üçün bu, iqtisadi zərurətdirsə, gənclər və yeni nəsil üçün bu, eko-düşüncə və unikal seçim mənbəyinə çevrilib.
Görünən odur ki, yaxın illərdə ikinci əl bazarı Azərbaycanda da daha da genişlənəcək. Artıq bu sektorun yalnız "ucuz məhsul bazarı" deyil, həm də sosial-iqtisadi və mədəni bir fenomen olduğu qəbul edilir.
"Bəzən köhnənin içində yeniliyi tapmaq olar" - deyə bir ifadə var. Bu gün ikinci əl bazarının böyüməsi də məhz belə bir məqamdır: kimisi üçün maddi çıxış yolu, kimisi üçün isə yeni bir həyat tərzi və trend.
 
Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31