Adama televizoru pəncərədən atdıranların epoxası
11:25 SosialHər yaradıcı insanın karyerasının azı 3 mərhələsi olur: meydana yeni çıxdığı, naşı olduğu vaxt; püxtələşdiyi, performansının pik olduğu dövr; qocaldığı, əldən düşdüyü dönəm.
Atalar sonuncuya aid müdrik kəlamlar deyiblər. Biri də belədir: "Qurd qocalanda başına çaqqal-çuqqal yığışar". Bir də şirin qocalığına aid bir məsəl var, amma onun orijinalı yazıya gəlmir.
İndiki cavanlar o sənətkarların təblərinin çağladığı, səslərinin ərşə-gürşə çıxdığı, şöhrətlərinin ölkəylə bir olduğu dönəmləri görməyiblər. Ona görə də bəzən yaxşı-yaman sözlər yazırlar.
Çoxları elə bilirdi, Teymur Mustafayev heç cavan olmayıb, həmişə belə, "qəti qorxusu yoxdur" deyən, studiyada qəşəng aparıcı qızlara kompliment söyləyən əmi olub. Amma Teymur əminin vaxtları vardı: yaraşıqlı, şıq geyimli, istedadlı, məclislər yaraşığı. Çətin deyil, Youtube-də "Teymur Mustafayev və Nəzakət Məmmədova - Ay qız" yazın, axtarış verin, bir video çıxacaq, səsə qulaq asın, simpatik görünüşə baxın. Hələ onun segah üstə oxuduğu "Sədi, sənə layiq deyil yardan giley, ey bivəfa" qəzəlini demirəm.
"Arif Babayev necə xanəndə olub" sualının cavabı da Youtube-dədir. "Yar bizə qonaq gələcək" mahnısına qulaq asın, "nə oxuyub e" deyənlərə zəng edin. Rəhmətliyin "Apardı sellər Saranı", "Qəmərim", "Neyçün bəs" və onlarca başqa əla mahnıları, muğamları var. O bunları cavan vaxtı oxuyub, möhürünü də vurub.
Məsələn, biz yeniyetmə olanda tez-tez AzTV ilə Şövkət Ələkbərova və Gülağa Məmmədovun konsertlərini verirdilər. Açığı, xoşumuz gəlmirdi. Çünki bu onların yaşlı vaxtıydı. Sonradan bu sənətkarların köhnə lentlərinə qulaq asanda gördük ki, haqsızlıq eləmişik.
Hərçənd bir də görürsən ki, əla oxuyan birini bəyənməyənlər də olur. Ramiz adlı bir dostumuz vardı, sovet vaxtı universitetdə o dövrün populyar bir estrada müğənnisi ilə eyni qrupda təhsil alıb. Həmin müğənninin televiziya ilə tez-tez solo konsertini verirmişlər, hər gün radioda oxuyurmuş. Bir gün Ramiz zarafata salıb ona deyib ki, oxumağına oxuyursan e, amma kəndçimiz Eldar sənin əlindən televizorunu pəncərədən atıb.
Bu söz sənətkarın xətrinə dəyib. Həm də haqlı yerə. Bu şəxs hazırda da tanınan adamdır və onun oxuduğu mahnıların cəmi birinin adını çəksəm, tanıyarsınız. Əslində rəhmətlik Ramiz sənətkara düz deməyib. Eldar kişi heç də televizoru pəncərədən atmayıbmış.
Dünyanın hər yerində belədir: sənətçilər yaşlaşanda auditoriyaları daralır, bəyənməyənləri artır. Yüz faiz əmin edirəm ki, əgər Dalida sağ olsaydı və "Love in Portofino"nu yenidən oxusaydı, indiki fransız gənclər deyərdilər, bu kaftar da 55 ildir eyni mahnını oxuyur, zəhləmizi töküb ta.
Düzdür, "Boney M"-in mahnıları ("Rasputin", "Rivers of Babylon) hələ də sevilir, dinlənir, amma qrup yenidən səhnəyə çıxsa, 40-45 il əvvəlki sevilməz. Ondan sonra dünya nə qruplar, qruplaşmalar görüb.
İndiki cavanlar "Sona bülbüllər"ə də qulaq asmırlar, radioda veriləndə dalğanı dəyişirlər. Amma yadıma gəlir ki, biz bir dəfə Gəncədə, Vaqif küçəsi ilə getdiyimiz yerdə bərbərxananın radiosundan sədası gələn "Sona bülbülləri" dinləmək üçün ayağımızı saxladıq, bir də 7 dəqiqə 54 saniyədən sonra tərpəndik. (Rəhmətlik Qədirin "Sona bülbülləri"nin xronometrajı bu qədərdir).
Bəli, musiqi təkcə zövq məsələsi deyil, həm də dövran, zəmanə, dəb məsələsidir. Dəblər bir-birini əvəz edir. İndiki müğənnilər əsasən diringi mahnılar oxuyurlar, rep deyirlər. Musiqili meyxanalar audiopleyerləri çatladır. Epoxa bunlarındır.
İndi oxumaq üçün böyük səs lazım deyil, qonşunu çağırmağa bəs edəcək qədər olsa kifayətdir, əvəzində bir vedrə həyasızlıq, bir bidon da fərasət lazımdır. O da, maşallah olmasın heç, çox adamda var, görüb, götürürlər. Gözəl səs təbiətin vergisidir, min adamdan birində olar. Elə-belə səslər isə hər iki adamdan birində var, çıxıb oxuyurlar və bizi televizoru eyvandan atmaq həddinə gətirirlər. Sadəcə, inventara heyfimiz gəlir, atmırıq, bağlı saxlayırıq.
Bizim kəndçi Ələm kişinin cavanlığında gözəl səsi olub - dinləyənlər deyir ki, kişinin səsi Yaqub Məmmədovun səsindən seçilmirmiş. Amma o, səsinin ardınca getməyib, ömrünün axırına qədər suçu, gözətçi işləyib. Yaşlı vaxtı cavanlar ona deyəndə ki, Ələm dayı, bir ağız "segah" oxu, ağsaqqal deyirmiş, yox, bala, ta o səsim yoxdur, Qaradonluda kanala düşəndən sonra döndərə bilmirəm.
Onun sözü olmasın, yaşlı sənətkarlarımız görəndə ki, daha döndərə bilmirlər, yəni səsin idarəçiliyi sözə baxmır, gərək oxumasınlar, köhnə lent yazıları onların özünə də, bizə də 100 il bəsdir.
Samir SARI