Hüquqi məsuliyyətin olmaması, ictimai narazılığın nəzərə alınmaması anlamına gəlmir - ÖZƏL

Artıq xəbər verildiyi kimi,"Temu" şirkəti bayrağımız və manatımız şəklində dəsmalların satışını həyata keçirib.

Mövzu ilə bağlı münasibətini siyasi şərhçi,Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib:

"Azərbaycan manatı və bayrağı formasında dəsmalların "Temu" elektron ticarət platformasında satışa çıxarılması, əslində, "Temu" şirkətinin birbaşa təşəbbüsü və ya siyasəti demək deyil. "Temu" beynəlxalq elektron ticarət platformasıdır və Çinə məxsusdur. Burada müxtəlif şirkətlərə və istehsal brendlərinə aid məhsullar satışa çıxarılır. Yəni bu platforma yalnız vasitəçi rolunu oynayır.Lakin məsələ Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır və ictimai tənqid doğurursa, bu halda ilk növbədə həmin məhsulu istehsal edən şirkətə münasibət bildirilməli və onların mövqeyi öyrənilməlidir. Hüquqi aspektə gəldikdə isə, Azərbaycan qanunvericiliyində manat və bayraq təsvirlərinin bu cür məhsullarda istifadəsini qadağan edən konkret norma mövcud deyilsə, istehsal hüquqi baxımdan mümkün sayılır. Ancaq cəmiyyət tərəfindən bu hal narazılıqla qarşılanırsa, təbii ki, buna hörmətlə yanaşılmalıdır.Azərbaycan tərəfi öz mövqeyini həm istehsalçı şirkətə, həm də "Temu" platformasına çatdırmaqla məsələni gündəmə gətirə bilər. Hüquqi məsuliyyətin olmaması, ictimai narazılığın nəzərə alınmaması anlamına gəlmir. Əgər ictimaiyyət bu məsələyə həssasdırsa, istehsalçı şirkət həmin məhsulun istehsalını dayandırmalı, "Temu" isə bu məhsulların satışını dəyərləndirməlidir.

Qeyd etmək lazımdır ki, "Temu" platformasından həmin məhsulların çıxarılması, onların digər platformalarda satışını tam istisna etmir. Bu səbəbdən əsas diqqət məhz istehsal prosesinə yönəldilməlidir. Fikrimcə, Azərbaycan tərəfinin rəsmi mövqeyi çatdırılarsa, məsələyə müvafiq reaksiya veriləcəkdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31