GÖY MƏSCİD… QARA KÖLGƏ… – AĞGÜNƏ HƏLƏ VAR…

Tarixin ən ağır faciələrindən biri abidələrin dağıdılmasıdırsa, ondan heç də az təhlükəli olmayan başqa bir faciə abidələrin yaşadılaraq öz yaddaşından məhrum edilməsidir. Birincidə daş uçurulur, ikincidə daşın danışdığı həqiqət susdurulur; birində minarə sökülür, o birində minarənin hansı ulusun alxışı ilə ucaldığı unutdurulur; bir dəfə tarix məhv edilir, digərində tarixə yeni özkeçmiş yazılır...
İrəvanın Göy Məscidi üzərində aparılan yeni mədəni-siyasi əməliyyatın mahiyyəti də məhz bu ikincilərin  fəlsəfəsində axtarılmalıdır. Bir neçə il öncə bizim qardaş Türkmənistanın tarixi-mədəni irsiymiş kimi göstərilən Göy Məscid bu dəfə farslaşdırılır... - Təki bizim öz tarixi-mədəni irsimiz unutdurulsun, təki Azərbaycandan uzaq tutulsun. - Zatıqıtıqların çalışıb-çabaladığı budur.

XVIII yüzildə, İrəvan xanlığı dönəmində, Hüseynəli xanın adı ilə bağlı olaraq ucaldılmış Göy Məscid Türk-İslam memarlığının yadigarı olmaq etibarıyla, ilk növbədə, İrəvanın Azərbaycan şəhər mədəniyyətinin, xanlıq dönəmi dövlətçilik gələnəyinin, türk-müsəlman şəhər yaşamının maddiləşmiş yaddaşıdır. Yəni onu birbaşa erməniləşdirmək mümkünsüzdür, yox saymaq da olmur, ona görə növbənöv hoqqa çıxarmaqla keçinirlər.

Budur, abidənin törən zalına erməni şairi Yeqişe Çarentsin (1897-1937) adı verilib, üstəlik, törəndə Tehranın yüksək dövlət təmsilçisi şəxsən iştirak və tanıqlıq edib; bu, sıradan mədəniyyət hadisəsi sayıla bilməz - ümumən mədəniyyət hadisəsi sayılmaz, bəlkə anti-mədəniyyət, farslarçün daha dilçatan sözlə desək, bimədəniyyət, namədəniyyət sayıla bilər.
Tehranlı rəsmi qonaq - vitse-prezident Seyid Həmid Purməhəmmədi sözügedən zalın yeni adını bildirən lövhəni utana-utana açmadığına görə utanmazcasına açıb. Tehranın İrəvandakı elçiliyi bu təşəbbüsü "Çarentsin İran mədəniyyətinə marağı və məscidin qorunmasına verdiyi töhfə" ilə əsaslandırır. Hələ şairin büstünün də burada yerləşdirilməsi planlaşdırılır.

Ancaq burada mədəniyyət fəlsəfəsinin çox önəmli bir sualı meydana çıxır: yaxşı, tutaq ki, bir abidənin qorunmasında xidmət göstərilib, bəyəm bu, onun tarixi mənsubiyyətini yenidən müəyyənləşdirmək hüququ verirmi? - Əlbəttə, yox!
Abidəni qorumaq başqa, onun üzərində yeni kimlik inşa etmək başqadır. Mədəni irsin qorunması tarixi həqiqətin qorunması ilə müşayiət edilmirsə, o, zaman keçdikcə mənimsəmənin incə mexanizminə çevrilə bilər.
Erməni şairindən keçək fars klassiki Firdovsiyə. Əbülqasim Firdovsi (~940-1020) yaradıcılığının zirvəsi bir növ İran-Turan qarşıdurmasının poetik yaddaşı sayılır. Onun "Şahnamə"si bütövlükdə Şərq mədəniyyət tarixinin mühüm abidələrindəndir. Lakin ədəbi böyüklük müəllifin yaratdığı tarixi-siyasi təsəvvürlərin tənqiddən qıraqda qalması anlamına gəlmir.
Bəli, "Şahnamə"nin ideya quruluşunda İran-Turan qarşıdurması aparıcı xətlərdən biridir. İran dövlətçilik, hakimiyyət və mədəni nizamın mərkəzi kimi təqdim edilərkən, Turan çox zaman həmin nizamı təhdid edən qüvvənin məkanı kimi səhnəyə çıxır.
Burada vacib tarixi incəlik var: qədim Turan anlayışı ilə sonrakı türk etnik kimliyi tam eyni deyildir; bununla belə, orta yüzilliklərin siyasi və ədəbi təsəvvürlərində Turan getdikcə Türk dünyası ilə əlaqələndirilmiş, İran-Turan qarşıdurması da yeni etnosiyasi anlamlar qazanmışdır.
Firdovsinin əsərində Əfrasiyab (Alp Ər Tonqa) İranın başlıca rəqiblərindən biri kimi çıxış edir. İlgincdir, fars epik gələnəyində İranın qüdrətli düşməni olan bu hökmdar türk tarixi yaddaşında başqa mənəvi anlam qazanmışdır.
Deməli, eyni tarixi-mifoloji obraz bir mədəniyyətin düşməni, digərinin qəhrəmanı ola bilir.
Bax, burada ədəbiyyatın həm estetik hadisə, həm də kollektiv yaddaşın qurucusu olduğu üzə çıxır.

Bir ulusun ədəbi yaddaşında qəhrəmanlaşdırılan obrazın başqa ulusun yaddaşında düşmən kimi yaşaması mədəniyyətlərarası münasibətlər üçün ciddi hermenevtik (yəni yozum fərqliliyi, anlamlandırma ziddiyyəti) problemdir. Burada məsələ Firdovsinin əsərinin hansı tarixi məkanda, hansı siyasi kontekstdə və hansı simvolik məqsədlə təqdim edilməsidir. Üstəlik, "Şahnamə" Türk dünyasına yad kitab da olmayıb; onun yüzillər boyunca türk dilinə tərcümələri edilib, türk saraylarında oxunub, türk hökmdarlarının tarixini yazan müəlliflərə təsir göstərib.
Yaxşı, bəs İran-Turan qarşıdurmasının ünlü ədəbi mətnlərindən birinin ermənicə tərcüməsinin təqdimatı üçün niyə məhz Azərbaycan tarixi ilə bağlı Göy Məscid seçilir?!.
Tərcümənin özü mədəniyyət hadisəsidir, lakin onun tanıdıldığı məkanın tarixi yaddaşı nəzərə alınmırsa, mədəniyyət tədbiri siyasi anlam qazanır. Erməniləri biz yaxşı tanıyırıq - onlar bir kitab təqdimatı, bir lövhə açılışı üçün yaxud bir şairin adına yığışınca boğazlarını yaşlarlar; Tehrandan gələnlər necə bilib, nə görüb, nə içiblər - bilmirəm, ancaq bizim bildiyimiz ermənilər çətin boş durmuş olar... Bax, indi görün bizim Göy Məscid kimlərin umuduna qalıb...

Firdovsidən qayıdaq Çarentsə.
Bəli, Yeqişe Çarents XX yüzil erməni poeziyasının önəmli simalarından biridir. Onun yaradıcılığında milli faciə duyğusu, inqilabi romantizm, sovet ideologiyası, tarixi yaddaş və milli kimlik mövzuları bir-birinə qarışır.
Çarentsin ədəbi irsi hətta böyük sayılırsa-sayılsın, ancaq onun adı niyə məhz İrəvan xanlığının memarlıq yadigarının içərisində əbədiləşdirilməlidir?
Məkanın yaddaşı ilə həmin məkana verilən yeni simvolik anlam arasında ziddiyyət yaranırsa, artıq söhbət sadə ədəbi sayğıdan ötə, yaddaşın yenidən təşkilindən gedir.

Beləliklə, Tehranın bu hadisədəki iştirakı ayrıca müzakirə tələb edir.
Tehran uzun illərdir İslam mədəni irsinin qorunmasını özünün mənəvi-siyasi missiyalarından biri kimi təqdim edir; lakin İrəvandakı Göy Məscid məsələsində başqa mənzərə görünür: Azərbaycanın xanlıqlar dönəminin memarlıq abidəsi Tehran-İrəvan mədəni yaxınlaşmasının simvolu kimi təqdim olunur, onun Azərbaycan tarixi ilə bağlılığı isə bu törənlərin rəsmi izahında görünmür...
Tehranın İrəvandakı elçiliyinin açıqlamasında Göy Məscid "İran və Ermənistanın ortaq tarixi-mədəni irsinin rəmzi" kimi səciyyələndirilir.

Burada əsas problem kimi Tehran-İrəvan mədəni işbirliyini görmürük. Bəli, dövlətlər arasında ədəbi bağlar, tərcümələr, elmi konfranslar təbii və faydalı hadisələrdir. Problem ondadır ki, iki dövlət üçün ortaq mədəniyyət məkanı yaradılarkən üçüncü bir ulusun tarixi yaddaşı bir küncdə saxlanılır. Məgər mədəni diplomatiya tarixi həqiqətin əvəzedicisi ola bilərmi?..

Tehrandan gəlmiş vitse-prezident Firdovsinin əsərində ağıl, ədalət, qəhrəmanlıq əxlaqı kimi dəyərləri vurğulayıb, Ermənistanda ayrıca "Şahnamə Evi"nin yaradılması təşəbbüsünü də irəli sürüb.
Bu halda soruşmaq yerinə düşər: Ədalətdən danışan mədəniyyət siyasəti İrəvanın Azərbaycan irsini niyə öz adı ilə anmaq, anlamaq istəmir?
Firdovsinin irsini yaşatmaq üçün məkan tapılır, qızının adını Anahit qoymuş Çarentsin anısını əbədiləşdirmək üçün zal ayrılır, büstünün qoyulması nəzərdə tutulur... Bəs həmin məscidi tikdirən Hüseynəli xanın, onu yaradan memarlıq məktəbinin, orada qərinələr boyunca ibadət etmiş insanların tarixi yaddaşı harada və necə təmsil olunur?
Bax, bütün bunlar Tehranın öz vətəndaşları olan Azərbaycan türkləri qarşısında da mənəvi məsuliyyətini gündəmə gətirir. 
Mədəni irsə münasibət xarici siyasət məsələsi olmaqdan ötə, həm də dövlətin öz içindəki etnomədəni müxtəlifliyə baxışının göstəricisidir.

Kulturoloji baxımdan hər bir tarixi abidənin iki həyatı vardır: maddi və mənəvi.
Maddi həyat daşın, kərpicin, günbəzin, minarənin mövcudluğudur. Mənəvi həyat isə həmin memarlığın daşıdığı yaddaş, onunla bağlı tarixi şəxsiyyətlər, törənlər, inanclar, dil və mədəniyyət gələnəkləridir.
Bəzən abidənin maddi həyatı qorunur, mənəvi həyatı isə tədricən dəyişdirilir. Bu zaman dışarıdan qorunan irs əslində ilkin kimliyindən uzaqlaşdırılır.

Belə prosesə simvolik mənimsəmə demək mümkündür. İrəvanın Göy Məscidi ilə bağlı rahatsızlığın mərkəzində də bu təhlükə dayanır. Məscid yerindədir, günbəzi görünür, memarlıq biçimi qalır... di gəl, onun tarixi mənsubiyyətinin təqdimatında Azərbaycan izi arxa plana keçirilirsə, həmin abidənin yaddaşı bütöv şəkildə qorunmuş sayılmaz.
Çarentsin adının zala verilməsi və Firdovsinin əsərinin burada təqdimatı özlüyündə tarixi mənimsəməni sübut etməmiş ola bilər; lakin məscidin Azərbaycan keçmişinin ardıcıl şəkildə diqqətdən qıraqda saxlanılması ilə birləşdikdə, bu addımlar ciddi mədəni-siyasi suallar doğurur.
Əslində, mədəniyyətlərarası dialoqun birinci şərti qarşı tərəfin yaddaşını tanımaqdır. Başqasının tarixi üzərində öz mədəniyyətini ucaltmaq sırf monoloqdur.

Məscidin göy günbəzi altında iki ədəbi adın qarşılaşdırılması bizi daha dərin bir düşüncəyə gətirir: Ədəbiyyat insanları yaxınlaşdırmalıdır, ancaq ədəbiyyatın nüfuzundan istifadə etməklə tarixi yaddaşın yerini dəyişmək olmaz.

Firdovsi öz yüzilliyinin İran-Turan dünyagörüşü içərisində yazıb-yaradıb. Çarents öz dönəminin erməni milli yaddaşı və inqilabi təlatümləri içərisində yaşayıb. Onların hər ikisi ədəbiyyat tarixinin araşdırılmalı siması kimi etiraf oluna bilər; ancaq nə birinin epik şöhrəti, nə digərinin poetik nüfuzu Göy Məscidin tarixi kimliyini dəyişdirmək üçün əsas ola bilər.
Ədəbiyyatın böyüklüyü başqa bir ulusun yaddaşını kiçiltməklə boy verə bilməz.

Nəhayət, göy boyanın yaddaşına toxunmadan keçməyək.
Göy Məscidin adı təsadüfi səslənmir. Göy türk mədəni təfəkküründə, Türk-İslam memarlığının rəng simvolikasında geniş anlamlar daşıyır. Göy ucalıqdır, sonsuzluqdur, göyüzü ilə insan arasında mənəvi bağlılığın rəngidir.
İrəvanın Göy Məscidi bu gün tarix qarşısında vicdan sınağıdır. O sınağın sualı sadədir: bir abidəni qoruyarkən onun həqiqətini də qoruya bilirikmi?..
Bəli, fars-erməni mədəni işbirliyinin öz gələnəkləri ola bilər. Firdovsinin əsəri ermənicəyə çevrilə, Çarentsin anısı yaşadıla bilər. Bunların heç biri özlüyündə etiraz doğurmur. Ancaq bütün bunlar İrəvanın Azərbaycan irsinin üzərində, həmin irsin tarixi mənsubiyyətini kölgədə qoyaraq həyata keçirilirsə, artıq mədəniyyətin özündən çox onun siyasi istifadəsi haqqında danışmağa ehtiyac yaranır.

Biz Firdovsinin kitabını yandırmağa çağırmır, Çarentsin adını unutdurmağa çalışmırıq, ancaq Göy Məscidin yaddaşını qorumaqla bağlı qayğılanırıq.
Mədəniyyətin ən yüksək əxlaqi ölçüsü başqasının irsinə də ədalətli münasibətdir.
Tarixi abidənin daşını qoruyub yaddaşını dəyişmək onu qorumaq yox, o yaddaşdan qorxmaq deməkdir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31