Azad Məsiyev: “Azərbaycan və İran strateji əməkdaşlığın inkişafında maraqlıdır” – ÖZƏL
12:11 Siyasət"Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipinə daim sadiqdir. Xüsusilə də İranla münasibətlərin normallaşdırılması və inkişafı Azərbaycanın xarici siyasətində mühüm yer tutur. İran prezidentinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə apardığı danışıqlar da göstərdi ki, İran tərəfi də bu münasibətlərin sağlam və sabit əsaslar üzərində qurulmasında maraqlıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, son vaxtlar İran prezidentinin konstruktiv çıxışları və diplomatik mövqeyi bu istiqamətdə müsbət siqnallar verir: "Təəssüf ki, İran daxilində bəzi avantürist siyasətçilər, deputatlar, ictimai-siyasi fiqurlar və məmurlar var ki, Azərbaycanla münasibətləri gərginləşdirməyə yönəlmiş bəyanatlarla çıxış edirlər. Bu isə təsadüfi deyil. Məlumdur ki, Qərbdə, xüsusilə ABŞ-də - İran və Azərbaycanın münasibətlərinin pozulmasında maraqlı olan dairələr mövcuddur. ABŞ-nin İran daxilində güclü casus şəbəkəsi fəaliyyət göstərir və bu şəbəkə bəzən İran dövləti adından bəyanatlar yayaraq, ölkənin öz maraqlarına zidd mövqe sərgiləyir. Məsələn, bəzi İran rəsmiləri İsraili "yer üzündən silmək" kimi radikal və beynəlxalq aləmdə narahatlıq doğuran açıqlamalar verir. Bu isə həm İsrailin, həm də ABŞ-nin İrana qarşı sərt mövqe tutmasına səbəb olur və onları siyasi və hərbi təzyiqlər üçün əsasla təmin edir.
A. Məsiyev qeyd edib ki, eyni situasiya İran-Azərbaycan münasibətlərinə də aiddir: "ABŞ-nin casus şəbəkəsi tərəfindən idarə olunan bəzi siyasətçilərin Azərbaycan əleyhinə verdikləri sərt və qərəzli bəyanatlar Qərbin maraqlarına xidmət edir. Məqsəd isə aydındır - Azərbaycanla İran arasında gərginlik yaratmaq və Azərbaycanı İran əleyhinə formalaşan beynəlxalq koalisiyaya cəlb etmək. Belə avantürist mövqedə olan şəxslərdən biri də İran parlamentinin bəzi deputatlarıdır. Onlar prezidentin qonşularla münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş siyasətinə qarşı çıxaraq, Qərbin təxribatçı maraqlarına alət olurlar. İran dövləti bu agentura şəbəkəsinin fəaliyyətini ciddiyə almalı və zərərsizləşdirməyə çalışmalıdır. Son dövrlərdə ABŞ-nin İran daxilindəki hərbi və kəşfiyyat əməliyyatları göstərir ki, bu şəbəkə müxtəlif sahələrdə - dini liderin ətrafında, parlamentdə, güc strukturlarında və digər dövlət orqanlarında aktiv şəkildə fəaliyyət göstərir. Belə şəxslərin açıqlamaları İranın Qərbdən daha da təcrid olunmasına səbəb olur. Onlar həm də çalışırlar ki, Azərbaycan da bu təcrid prosesinə cəlb olunsun və anti-İran koalisiyasına qoşulsun. Lakin bu cəhdlərin uğurlu olacağı real görünmür. Çünki Azərbaycanla İran arasında son dövrdə müşahidə olunan yüksək səviyyəli təmaslar və konstruktiv dialoq, münasibətlərin dərinləşməsinə xidmət edir.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında keçirilən görüşlər və razılaşdırılan məsələlər, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsi fonunda münasibətlərin pozulması nə Azərbaycanın, nə də İranın maraqlarına uyğundur. Azərbaycan xarici siyasətində daim vurğulayıb ki, ölkə heç vaxt üçüncü tərəfə, istər Qərb, istər başqa bir güc mərkəzinə - İran əleyhinə öz ərazisindən istifadə etməyə icazə verməyəcək. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, dinc yanaşı yaşama prinsipinə sadiqliyinin göstəricisidir. Nəticə etibarilə, İran daxilindəki bəzi avantürist dairələrin açıqlamaları iki dövlət arasında möhkəmlənməkdə olan münasibətləri pozmaq iqtidarında deyil. Əksinə, hər iki ölkə rəhbərliyinin atdığı addımlar və nümayiş etdirdiyi iradə onu göstərir ki, Azərbaycan və İran mehriban qonşuluğa əsaslanan strateji əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Səidə Ramazanova