"İran parlamentindəki sərt çıxışlar münasibətlərin gələcəyini riskə atır" - ÖZƏL
16:02 Siyasətİran parlamentinin mühafizəkar deputatı Həmid Rəsai hesab edir ki, "İsrail necə ki Təbrizdə 60 nəfəri öldürüb, bir gün Azərbaycan xalqını da məhv edəcək." Onun sözlərinə görə, Pezeşkianın "Yaşasın Azərbaycan" şüarları ciddi narahatlıq doğurur.
Bu fikir ayrılığı İranın siyasi dairələrində parçalanmanın mövcudluğunu bir daha göstərir.
İran daxilində bu cür yanaşmaların qarşısı alınarsa, Tehran-Bakı münasibətlərində real dəyişiklik mümkün olacaqmı?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" İranda bir sıra ultra-mühafizəkar dairələr Azərbaycan-İran münasibətlərinə zərbə vurmağa çalışırlar. Bu isə tamamilə qəbulolunmazdır. Azərbaycanı siyonizmdə və İsraillə əməkdaşlıqda ittiham edən qruplar yenidən fəallaşıblar. Bu, bir tərəfdən regional əməkdaşlığa zərər vurur, digər tərəfdən isə Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesə mane olur. Hesab edirəm ki, bu cür yanaşmalardan ultra-mühafizəkar qrupların nümayəndələri çəkinməlidirlər. Məsud Pezeşkian Azərbaycana səfərlər həyata keçirdi. Bakıda və Xankəndidə keçirilən görüşlər, verilən bəyanatlar və açıqlamalar iki dövlətin tarixi əlaqələrini əks etdirir və gələcək üçün etibarlı perspektivlər yaradır. Hesab edirəm ki, bu yanaşmalara ciddi diqqət yetirmək vacibdir. Təəssüf ki, bəzi dairələr İranda Tehran-Bakı münasibətlərinə zərbə vurmağı sanki özlərinə borc bilirlər. Onlar müxtəlif güc mərkəzlərinin sifarişlərini yerinə yetirirlər. Məlumdur ki, İran dövlətində monolit bir idarəetmə sistemi yoxdur. Hərbçilər, din xadimləri, siyasətçilər arasında ciddi fikir ayrılıqları mövcuddur. İran parlamentində də mühafizəkar qruplar daim Azərbaycana qarşı müxtəlif kəskin mövqelər sərgiləyirlər. Bu isə Cənubi Qafqazda - bizim bölgəmizdə bölücülüyə səbəb olur və dövlətlərin vahid mövqedən çıxış etməsinin qarşısını alır. Belə şəxslər bu cür yanaşmalardan geri çəkilməlidirlər.
İran böyük tarixi olan bir dövlətdir və hazırkı durumda Azərbaycana qarşı çıxış edən qüvvələrin neytrallaşdırılması, ölkəmizə düşmən münasibəti sərgiləyən kütlələrin aradan çəkilməsi mühüm əhəmiyyət kəsb edir.
Çünki İran Prezidenti təmkinli mövqe nümayiş etdirmişdir. Onun "Yaşasın Azərbaycan" şüarı da hesab edirəm ki, münasibətlərdə yeni bir mərhələnin başlanması üçün stimullaşdırıcı addımdır. Təəssüf ki, bəzi qüvvələr buna qarşı çıxmaqda davam edirlər".
Zeynəb Mustafazadə