Kino sahəsindəki vəziyyət ürəkaçan deyil- ÖZƏL

"Həyatımızı kinosuz təsəvvür etmək mümkün deyil.
Bir neçə gün öncə Azərbaycan kinosu günü qeyd olundu. Etiraf etmək lazımdır ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Sovet dönəmində, sonrakı illərdə uğurlu  bədii filmlər tamaşaçının diqqətindən yayınmayıb. Ümumilikdə götürsək Azərbaycanın bu sahədə çox zəngin potensialı olub".Olaylar xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib: "Təəssüf ki, bu potensialdan yetirəncə istifadə olunmayıb. Çox nəhəng sənətkarlar olub ki, öz istedadlarını özləri ilə qəbirə aparıblar.   

Gerçəkdən bu gün Azərbaycanın kino sahəsində yaranmış boşluqlar, bəlkə də bərbad vəziyyət cəmiyyətə sirayət edir. Təbii ki, bütün bunlar nəticədir. Səbəbləri aradan qaldırmaq gərəkdir.
İbn Sina da deyirdi ki, bir adamın ruhu sağlamdırsa, onun bədəni də sağalmağa meyilli olur, əksinə, ruhunda xoşagəlməz nəsnələri yetişdirən adam xəstələnməyə məhkumdur. İnsanların ruhunu pərişan edən, zədələyən amillər çoxdur. Ruhumuzu təmizləyən faktorlar az deyil. Bunlardan biri ruhumuza yaxın olan filmlərdir.
Nəhayət, biz millət olaraq oz tarixi-bədii filmlərimizi ortalığa qoymalıyıq. Milli düşüncəmizə yad olan, heç bir informasiya yükü olmayan bu gün bəzi serialları çəkib televiziyalarda nümayiş etdirənlər nəhayət, papaqlarını qabaqlarına qoyub düşünməlidirlər.
Bu gün kino ssenariləri ilə bağlı aktul mövzular kifayət qədərdir. Niyə görə bizim tariximizlə bağlı bədii filmlərimiz yoxdur? 

Bir daha qeyd etmək istərdim ki, insanların, xüsusilə, gənclərin özünə dərkə, daha çox öyrənməyə, başqalarını anlamağa yardımçı olan, mənəviyyatı gücləndirən, həm də Zəfər tariximizdən, II Qarabağ savaşında misilsiz qəhrəmanlıqlar göstərən gənclərimizin döyüş yolundan və digər mövzularla bağlı bədii filmlərə ehtiyac var. Həmçinin Azərbaycanın ağlı-qaralı tarixindən, taleyindən bəhs edən filmlərə zərurət var. Kino sahəsinin yalnız dövlət büdcəsi hesabına inkişafı qeyri mümkündür. Dövlət yalnız inkişafa təkan verə bilər, müxtəlif formada yardımlar göstərər. Bu sahənin rentabelli işləməsi üçün "Kino iqtisadiyyatı" formalaşmalıdır.
Kifayət qədər intellektual potensialın və kapitalın olduğu şəraitdə müəyyən standartlara uyğun filmlər çəkib xarici ölkələrin bazarlarına yol tapmaq olar. Əgər istehsal olunan filmlərin xaricdə satış bazarı möhkəmlənərsə, şübhəsiz, kino iqtisadiyyatı formalaşar.
Azərbaycan çərçivəsində kinofilmlər çəkib ciddi gəlir götürmək real görünmür. Dünyaya çıxmaq üçün Azərbaycanın kino adamları beynəlxaq kodları tapmalıdır. 
Digər önəmli məsələ ondan ibarətdir ki, kino çəkilişlərinə ayrılan vəsaitlərin şəfaf bölgüsü olmalıdır. Yerlibazlıq, dostbazlıq və digər xəstəliklərdən uzaq olmaq vacib məsələdir.
Onu da qeyd etmək istərdim, hər əli qələm tutan, hər yazıçı ssenari yaza bilməz. Kino ssenarilərində müasir tamaşaçınının gözündən heç bir məqam yayınmır. Burada hər hansı uzunçuluq, boşluq, qeyri peşəkar yanaşma ssenarinin zəifliyini bir daha artırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31