Rəqəmsal dövrdə ədəbiyyat: kağızdan ekrana keçid

Rəqəmsal dövrdə ədəbiyyat: kağızdan ekrana keçid

İndi kitab almaq üçün mağazaya getmək lazım deyil. Bir toxunuşla telefonun ekranı işıqlanır və istədiyin kitab səninlədir - istər klassik olsun, istərsə də yeni dövr yazarlarının rəqəmsal platformalarda paylaşdığı əsərlər. Gənclər artıq yalnız kitabxanalarda deyil, Wattpad-də,  Telegram kanallarında da oxuyur, yazır və paylaşır. Söz yavaş-yavaş kağızdan ekrana keçir. Bu dəyişiklik isə təkcə texniki yox, həm də mədəni bir keçidə işarədir.

Ənənəvi kitabxana sükutu ilə rəqəmsal dünya arasındakı fərq sadəcə mühit deyil, həm də tələblər və gözləntilərlə bağlıdır. Gənc oxucu daha çox "hazır" mətn istəyir: qısa, dinamik, tez təsir edən. Yazıçılar isə bu tempə uyğunlaşmağa başlayır. Yazı artıq yalnız yazılmaq üçün yox, həm də paylaşılmaq, bəyənilmək, şərh olunmaq üçün yazılır. Bədii dəyəri əvvəlki kimi tənqidçilər yox, bəzən sadəcə "like" sayı müəyyən edir.

Amma bu o demək deyil ki, artıq klassik oxunmur. Əksinə, kitab mağazalarında hələ də əllə vərəqləyən, səhifələrin qoxusunu sevən, saatlarla kitabxanada araşdırma aparan insanlar var. Sadəcə kitab oxumağın forması dəyişir. Kağızda oxuyan da var, ekranda oxuyan da. Oxumaq anlayışı artıq tək bir formada yox, çoxformalı bir vərdişə çevrilir.

Ədəbiyyat da bu yeni reallığa uyğunlaşır. Mövzu seçimindən üsluba, dilin sadələşməsindən mətni təqdim etmə formasına qədər bir çox şey dəyişir. Əvvəllər yazıçı öz otağında yazır, illərlə yazısının  nəşr olunmağını gözləyirdi. İndi isə yazı yazılır, paylaşılır, reaksiya alınır və hətta bu reaksiya əsasında yeni hissələr yazılır. Oxucu ilə yazıçı arasında sərhəd incəlir, ədəbiyyat daha interaktiv hala gəlir.

Ən əsası, artıq yazı məkanı dəyişib. Əsər indi kağızda yox, sosial platformalarda doğulur, orada böyüyür, orada sevilir və ya tənqid olunur. Söz öz fiziki məkanından ayrılıb, rəqəmsal məkanda yeni bir həyat yaşayır.

Bəs bu dəyişiklik bizi hara aparır? Rəqəmsal mühit ədəbiyyatı yox edirmi, yoxsa ona yeni nəfəsmi verir? Müasirlik ədəbiyyatı dəyərdən salır, ya onu daha əlçatan edir?

Yazıçı-publisist, politoloq, tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Reyhan Mirzəzadə Olaylar.az-a açıqlama verib. Publisist qeyd edib ki düşünən, müdrik insan üçün informasiya haradan gəlirsə gəlsin, onu zəruri bir mənbə kimi qəbul edib, faydalana bilər:

" Ədəbiyyat yeganə elmdir ki, onu insanşünaslıq elmi adlandırırlar. Həyat fəlsəfəsinə gedən yol, əslində, ədəbiyyatdan keçir. Ədəbiyyat cəmiyyətdə çox strateji mövqeyə sahibdir. Xalqlarla birbaşa təmasda olan, xalqların və insanların taleyindən doğan mövzuları əks etdirən bir ünsiyyət vasitəsidir, bir ədəbi düşüncə toplumudur. İnsanı cəmiyyətdə baş verən proseslərlə tanış edən, onlarla bölüşən bir sahədir.

Əlbəttə ki, bu gün texnologiyaların inkişafı  zəruridir, lazımdır. Bəzən elə kitablar olur ki, çox strateji əhəmiyyət daşıyır. Lakin bu kitabların satış məntəqələrindən əldə olunması çətinləşir, yaxud da ölkənin əsas kitabxanalarına daxil olması ləngiyir. Belə olan halda, əgər həmin kitablar internetdə - portal və ya digər platformalarda yerləşdirilibsə, onlardan istifadə etmək mümkündür və yerinə düşür.

Yəni, düşünən, müdrik insan üçün informasiya haradan gəlirsə gəlsin, onu zəruri bir mənbə kimi qəbul edib faydalana bilər. Bu, xüsusilə müstəsna hallarda keçərlidir. Amma ümumi götürəndə, gənclərimiz kitabı məhz fiziki formada - əllərində tutaraq, vərəqləyərək, klassik şəkildə oxusalar, bu daha məqsədəuyğundur.

Kitab əsrlərdən gələn bir ənənədir. Bəli, texnologiyalar var və onların da öz yeri mövcuddur. Amma kitabın insana verdiyi doğmalıq və ləzzət tamam başqadır. O kitabı əlinə alıb oxuduqda ədəbiyyatı hiss edirsən, duyursan. Bu, daha canlı, daha duyğusal bir təcrübədir. Oxuduğun kitab səni yormur, əksinə beynin dincəlir, rahatlıq tapırsan.

Amma texnologiyalarla bağlı - məsələn, telefon vasitəsilə uzun müddət oxumaq şüalanma ilə bağlı olduğundan beyinə və insanın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Əgər kitabların həcmi çoxdursa, səhifələr genişdirsə, bu zaman cihaz vasitəsilə oxumağın sağlamlığa mənfi təsiri qaçılmaz olur və bunun artıq sübuta ehtiyacı da yoxdur.

Buna görə də, üstünlük çapa verilən kitablara verilməlidir. Amma yenə deyirəm, müasirliyin tələbləri var. Dərsliklərin və digər vacib mənbələrin elektron formada əldə olunması bəzən zəruri olur. Ölkəmizdə kitab çapı ilə bağlı da müəyyən problemlər mövcuddur. Bəzən kitab hazırlanır, lakin çap edilmir, yalnız link formasında paylaşılır. Bu da ya müəllifin maddi imkansızlığı, ya digər texniki səbəblərlə bağlı olur.

Belə hallarda tanınmış bir alim, pedaqoq və ya nüfuzlu bir şəxsin kitabı link şəklində yayımlanıbsa, onu telefon və ya kompüter vasitəsilə oxumaq da insana fayda verə bilər.

Kitab insan həyatında elə bir yer tutur ki... Mən dünya praktikasından misallar çəkə bilərəm. Elə insanlar var ki, heç bir təhsil almayıblar, yaxud da ali təhsilləri olmayıb. Məsələn, rus  yazıçısı  Maksim Qorki  IV-V sinifə qədər çətinliklə təhsil alıb. Amma mütaliə yolu ilə, klassik əsərləri oxumaqla dünya şöhrətli bir yazıçı kimi tanınıb.

Rumın yazıçısı Mihai Eminesku da uşaqlıqda kənddə, çox kasıb ailədə doğulub. Maddi imkansızlıqdan kitab ala bilmirmiş. Lakin onun müəllimi zəngin bir kitabxanaya malik imiş. O, Emineskunun istedadını görüb, onu evinə dəvət edir və kitablarından istifadə etməyə şərait yaradır. Eminesku məhz müəlliminin kitabları hesabına formalaşır, dünya ədəbiyyatında öz yerini tutur. Eyni nümunəni Mixail Şoloxov haqqında da demək olar. "Sakit Don" əsərinin müəllifi, Nobel mükafatı laureatı Şoloxovun da ailəsində yüksək təhsil alan olmamışdı. Lakin o, 20 yaşında elə əsərlər yazmışdı ki, dünya səviyyəsində qəbul olundu. Hətta deyə bilərəm ki, onun "Sakit Don" əsərinin motivləri əsasında Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlı  "Dəlikür" romanını yazıb. Bu əsərlər arasında motiv baxımından doğmalıq və ənənələrin davamı müşahidə olunur.

Yəni, kitab haqqında çox danışmaq olar. Dünya dahilərinin hamısı kitaba yüksək dəyər veriblər. Əsrlərdən qalan bəzi kitablar bu gün muzeylərdə sərvət kimi qorunur. Onlar öz dəyərini hələ də saxlayırlar.

Texnologiyalar və müasir elektron vasitələr - əlbəttə, operativ informasiya mübadiləsi üçün çox faydalıdır. İnsan onlardan sürətli məlumat almaq üçün istifadə edirsə, əlbəttə, bu da faydalıdır. Amma kitabın yeri, dəyəri və verdiyi zövq həmişə öz yerindədir".

Publisist bildirib ki, kitab nəşri sənət kimi yaddaşda qalır , amma elektron mətnlər texniki nasazlıqla yoxa çıxa bilər:

" Tərcümə məsələsində ciddi problemlər var. Bəzən Türkiyədə çap olunan kitablar Azərbaycanda bir neçə söz dəyişdirilməklə "ingilis dilindən Azərbaycan dilinə tərcümə olunub" adıyla təqdim edilir. Amma oxuyanda dərhal hiss olunur: bu, Anadolu türkcəsidir və oxucunu aldatmaqdır.

Kitabların redaktəsi də acınacaqlı vəziyyətdədir. Orfoqrafik səhvlər, durğu işarələrinin yanlış istifadəsi, cümlələrin redaktəsiz təqdim edilməsi oxucuya hörmətsizlikdir. Halbuki Azərbaycan dili ilə bağlı dövlət səviyyəsində qəbul edilmiş qaydalar var və bu qaydalara kitab nəşrində ciddi əməl olunmalıdır.

Kitablar təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də ərsəyə gəlir. Amma bəzən elə nəşrlər ortaya çıxır ki, nümunə olmaq əvəzinə istehza ilə qarşılanır. Bu, həm dilimizə, həm də ədəbiyyatımıza ziyan vurur. İnformasiyanın doğruluğu da önəmlidir. Araşdırmadan yazılan məlumatlar tez-tez yanlış çıxır və arxiv materiallarına əsaslanmadan internetdən götürülən faktlar kitab səhifələrinə düşür.

Elektron mətnlər texniki nasazlıqla yoxa çıxa bilər, amma kitab sənət kimi yadda qalır. Bu səbəbdən nəşr prosesi yüksək məsuliyyətlə, dəfələrlə yoxlanaraq, peşəkar redaktorların iştirakı ilə həyata keçirilməlidir. Yalnız bu halda kitablar gələcək nəsillər üçün faydalı ola bilər."

Virtual ədəbiyyat və onlayn platformalar təkcə yazı dilini deyil, oxucuların psixologiyasını da dəyişir. Bu dəyişikliklərin insan düşüncəsinə və hisslərinə necə təsir edir? Psixoloq İlahə Nəbiyeva açıqlamasında qeyd edib ki virtual ədəbiyyat gənclərin psixoloji ehtiyaclarına cavab verir, amma eyni zamanda onları səthi məzmuna yönəldərək klassik ədəbiyyatdan uzaqlaşdıra bilər

"Mütaliə etmək tarixən insanların ən vacib mənəvi ehtiyaclarından biri olub. İnsanlar mütaliə vasitəsilə fərqli baxış bucaqlarını öyrənir, empatiya qabiliyyətini inkişaf etdirir və problem həll etmə bacarıqlarını gücləndirir. Kitab oxumaq stresi azaldır, diqqəti gücləndirir və yaradıcılığı artırır. Hazırki dövrdə insanların bu ehtiyacı texnologiyanın inkişafı ilə başqa bir istiqamətdə baş verir. İnsanoğlu texnologiyaların inkişafıyla birlikdə informasiya mübadiləsi baxımından indiyədək gələ biləcəyimiz ən geniş imkanlar içində yaşamaqdadır. Bu proses gün keçdikcə daha da inkişaf edir və öz növbəsində mütaliə prosesinə də təsirsiz ötüşmür. İndi ənənəvi kağız kitabların yerini "elektron" kitab və materiallar tutmağa başlayıb.  İndi kitablar mağazadan yox, telefondan alınır. Gənclər artıq kitabxanaya yox, Wattpad, Medium, Telegram kanalları kimi platformalara üz tutur, burada oxuyur, yazır, paylaşır. Bu prosesin isə öz növbəsində bir çox müsbət və mənfi tərəfləri var.

Qeyd etdiyimiz kimi, mütaliə prosesi  bütün yaş dövrlərində insanlar üçün bir mənəvi ehtiyacdır. Hazırki dövrdə texnologiyanın imkanları çərçivəsində gənclər üçün bu elektron səviyyədə daha əlçatan və ucuz başa gəlir. Bu səbəbdən onlar sadalanan platformalara daha çox üz tutur. Bu gənclərin psixoloji ehtiyacları ilə birbaşa əlaqəlidir. Gənclik dövrü elə bir yaş dövrüdür ki, bu yaşda onlar öz "mən"-ini  tapmağa çalışır, öz gələcəyini və  gələcək istiqamətini müəyyənləşdirir. Bütün bunlar onu fərqli istiqamətlərdə axtarışa sövq edir ki, bunlardan biri də virtual ədəbiyyatdır. Virtual ədəbiyyatdan istifadə etmək onları gündəlik həyat  problemlərindən, təyziq və narahatlıqlardan müvəqqəti uzaqlaşdırır, onlar üçün təhlükəsiz mühit formalaşdıraraq emosional rahatlıq və stresslə başa çıxma gücü verir. Bütün bunlar hamısı gənclərin yaradıcılıq və mənəvi inkişafına, sosial əlaqələr qurmasına, özünüifadə və emosional  cəhətdən daha yetkin bir şəxsiyyətə  çevrilməyinə kömək edir.

Sözü gedən elektron kitab platformalarında gənclər mütaliə etməklə yanaşı öz fikirlərini də paylaşa bilərlər. Elə məsələnin müsbət və mənfi tərəflərinin olması da burdan yaranır. Belə ki, gənclər Wattpad və bu kimi digər platformalarda öz yazı və hekayələrini formalaşdırmaqla özünüifadə azadlığı, yaradıcılığını inkişaf etdirmək və sosial əlaqələr qurmaq  imkanı əldə etsə belə, bu yazılar üçün xüsusi bir tələblər və senzura yoxdur. Bu isə öz növbəsində yazı keyfiyyətinin itirilməsinə və ənənəvi, klassik ədəbiyyatla əlaqənin itməsinə səbəb  olur. Burada dərin ədəbiyyata maraq azalır, səthi anlıq yüksək emosiyalarla dolu yazılar üstünlük qazanır. Bir sözlə ədəbiyyatın dərin fəlsəfi məzmunu sanki tarixə qovuşur. Bununla yanaşı gənclərin ekran asılılığı da bu zəmində formalaşa bilər.

Bu platformalardakı romantik, distopik və ya travmatik məzmunlu hekayələrin çoxluğu da əslində gənc məzmun yaradıcılarının hələ tam formalaşmamış ideyalarından qaynaqlanır. Çünki fikirlərini bölüşən gənclər hələ özləri də bu sahədə tam yetkin deyil və onlar da məruz qaldığı ədəbi informasiya axınından bəhrələnərək öz ideyalarını formalaşdırmağa çalışırlar. Və əfsuslar olsun ki, hazırki dövrdə bu kimi məzmunlu yazılar daha çox diqqət toplamağı bacarır. Bu da yenə də klassik ədəbiyyata olan marağın azalmasına səbəb olur.

Dijital platformalarda yayımlanan yazıların bir çoxunda sevgi, münasibət, zorakılıq və emosional manipulyasiya yanlış şəkildə təqdim olunur. Uşaq və yeniyetmələr hələ real münasibətləri düzgün dəyərləndirəcək yaşda olmadıqları üçün bu hekayələri model kimi qəbul edə bilərlər. Məsələn bunu belə izah edə bilərəm "sevgilisinin onu qısqanması" və ya "özünü onun üçün fədakarcasına qurban etməsi" kimi hallar gənc oxucunun zehnində romantik münasibətlərin normal halı kimi formalaşa bilər. Halbuki bu, gələcəkdə onları toksik və zərərli münasibətlərə açıq hala gətirə bilər. Bununla yanaşı bu cür münasibətlər onların özünü adekvat qiymətləndirməsinə də mənfi təsir göstərir. Travmatik məzmunlu yazılara gəldikdə isə, həmin yazılarda intihar, zorakılıq, psixoloji sarsıntılar kimi mövzulara çox toxunulur. Bütün bunlar daha çox diqqət çəkmək və dramatik effekt üçün istifadə olunur, lakin başda da qeyd etdiyim kimi burada heç bir tələb və senzura olmadığından  uşaqlar və gənclər üçün qoruyucu və ya çərçivə olmadan verilir. Həssas azyaşlı bu məzmunlardan sonra qorxu, yuxu pozğunluğu, emosional gərginlik, hətta depressiv simptomlar göstərə bilər. Hətta əgər azyaşlının öz həyatında da müəyyən çətinliklər varsa, bu yazılar travmalarını da tətikləyə bilər".

Psixoloq valideynlər və müəllimlərin belə platformalara necə yanaşmalı olduqlarını - qadağa qoymaq, yoxsa yön vermək lazım olduğunu da açıqlayıb:

"Texnologiyanın həyatımıza bu qədər nüfuz etdiyi dövrdə var olan heç bir texnoloji yenilikdən yayınmaq mümkün deyil. Bu kimi platformalar var və onlara müəyyən mənada ehtiyac da var. Burda qadağa çıxış yolu deyildir. Burda biz xatırlamalıyıq ki, təhlükəli olan informasiya deyil, ona nəzarətsiz və düşüncəsiz yanaşmadır. Bu cür platformalar gənclər üçün həm fürsət, həm də risk daşıyır. Ən sağlam yanaşma  isə onları yönləndirmək və müşayiət etməkdir, çünki qadağa gəncin marağını daha da artırır, onu gizli istifadə vərdişlərinə yönəldir və valideyn və ya müəllimlə emosional bağlılığını zəiflədir. Biz burada gəncin bu platformalarda nə axtardığını, nə tapdığını və hansı ehtiyacını qarşıladığını anlamağa çalışmalıyıq. Əgər gənc sevgi, anlayış, dinlənilmək və ya özünü ifadə etmək ehtiyacını bu yazılarda tapırsa, deməli biz ona bu ehtiyacı real həyatda necə qarşılamalı olduğumuzu öyrətməliyik. Müəllimlər isə düşünürəm ki, bu platformaları qadağan etmək yerinə, dərs prosesinə virtual ədəbiyyatla bağlı tənqidi düşünmə fəaliyyətləri daxil edə bilərlər. Bununla da gənc təkcə oxucu deyil, həm də şüurla analiz edən və tənqidi düşünməyi bacaran bir şəxsiyyət kimi kimi formalaşır.

Sonda isə bir psixoloq olaraq onu qeyd etmək istəyirəm ki, yetişməkdə olan gənc nəsil artıq daha ağıllıdır. Onları qadağalarla yox yerində və doğru arqumentlərlə başa salmaq, doğru istiqamətləndirmək, nəzarət yox müşayiət etmək lazımdır. Əgər biz gənclərin maraq dairəsinə hörmətlə yanaşsaq və onu şüurlu seçim etməyə təşviq etsək, o zaman bu platformalar onun üçün təhlükə deyil, inkişaf mühiti olacaqdır".

Ədəbiyyat texnologiya ilə birlikdə yenilənir; əsas odur ki, gənclər həm ənənəni, həm də müasirliyi balanslı şəkildə yaşaya bilsinlər.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31