Peşəkar oftalmoloq, qayğıkeş ana

Azərbaycan Milli Oftalmologiya elminin çox görkəmli nümayəndəsi, gözəl ziyalı, ləyaqətli, qayğıkeş ana Zərifə Əziz qızı Əliyeva yaşasaydı bu gün 102 yaşı tamam olacaqdı. Təəssüf ki, amansız ölüm onu vaxtsız - 61 yaşında, 1985-ci il aprelin 15-də bizim aramızdan apardı...

Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olmuşdur. 1932-1942-ci illərdə orta məktəbdə təhsil almış və Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirərək, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə kurs keçmişdir. 1950-1953-cü illərdə doktorluq dissertasiyasını yazıb müdafiə edərək tibb elmləri doktoru adını qazanmışdır.

Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuşdur. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında, xüsusilə, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə, oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, "Terapevtik oftalmologiya", "İrdodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Zərifə Əliyevanın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostika istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında "Kəskin virus konyuktivitləri", "Keratitlər", "Gözün damarlı traktının, torlu qişasının, görmə sinirinin xəstəlikləri", "Kataraktlar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və s. oftalmologiya elmində böyük rəğbətlə qarşılanmışdır.

Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və s. əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur.

1967-ci ildən fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında davam etdirən Zərifə Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlmiş, oftolmologiyanın aktual problemlərinə həsr edilmiş çoxpofilli tədqiqatlar aparmışdır.

Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - gözün peşə patologiyası cəlb etmişdir. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olmuşdur. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur.

Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı.

Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Bu tədqiqatların nəticələri "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi dəyərli monoqrafiyalarda əksini tapmışdır.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilmişdir. O, həmin mükafata layiq görülən ilk qadın alim idi...

Dünya oftalmologiya elminin tanınmış nümayəndələri Zərifə Əliyeva haqqında həmişə yüksək fikirdə olmuşdurlar. Akademik A.Nesyerov deyirdi: "Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm".

Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyətinə belə qiymət verirdi: "Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalarda və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi".

Zərifə Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə də yaxından  maraqlanmışdır. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərmişdir. Onun "Yüksək etimad" kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir.

Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşmışdır. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, akademik Zərifə Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülh Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülh Müdafiə Komitəsi sədrinin müavini, "Bilik Cəmiyyəti İdarə Heyəti"nin və keçmiş ittifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. Zərifə xanım həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.

Azərbaycan elminə verdiyi töhfələrə görə Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə Əliyeva, eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olmuşdur. Onun tərbiyə verib böyütdüyü iki övladı - Sevil Əliyeva və İlham Əliyev vətənə və xalqa şərəflə xidmət edirlər.

Qismət Quliyev       

Özbəkistanın Qarşi Dövlət Universitetinin

Fəxri Professoru, məhkəmə-tibb eksperti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31