Refleksiv sosiologiya haqqında
16 Aprel 13:15 SosialRefleksiv sosiologiyanın cəmiyyətə özünəməxsus baxışı vardır: cəmiyyət harmoniya içərisində olan dəyərlər və normaların bütünü deyildir. Cəmiyyət müxtəlif maraq qruplarının, sərmayə sahiplərinin məhdud, amma dəyərli resurslar uğrunda rəqabət etdikləri müstəqil sahələrdən ibarətdir (P.Burdye). Cəmiyyət kəsişən (conflicting) və ya üst-üstə düşən (overlapping) iqtidar münasibətlərindən ibarət şəbəkədir (M.Mann).
Müasir tarixi sosiologiyanın banilərindən M. Mann tarixi şəkilləndirən dörd iqtidar formasını fərqləndirir: iqtisadi iqtidar, ideoloji iqtidar, siyasi iqtidar, hərbi iqtidar. İqtisadi güc kapital-sərmayədə, ideoloji iqtidar - mədəniyyət, din, elm və s. hegemoniya formalarında, siyasi və hərbi iqtidar isə, məlum olduğu kimi, hərbi güc və dövlətdə təzahür edir.
Bu yanaşmaya görə, müasir toplumda modern və yeni olan hər şey yaxşı olmadığı kimi, ənənəvi olan hər şey də müqəddəs və dəyərli deyildir. Buna görə də "bizim" və ya "onların" olan hər şeyə: fikir, dəb, trend, ideologiya, əmtəə, texnologiya və s. refleksiv, yəni tənqidi yanaşmaq lazımdır. Refleksiv dedikdə, burada "Məni bunu seçməyə vadar edən şey nədir?, Bu, daha çox kimlərin mənafeyinə xidmət edir?" tipli sualların verilməsi nəzərdə tutulur.
Refleksiv sosiologiya, bir az da mühakimə və davranışlarımızın müəyyənləşməsində önəmli rol oynayan, amma çox vaxt gizli olan güc alətlərinin, iqtidar münasibətlərinin başqa sözlə hegemoniyanın təftiş edilməsi ilə əlaqədardır.
P. Burdye sosial aktorun düşüncə və hərəkətlərinə təsir edən, önmühakimələrə səbəb olan üç amil göstərir: etnik, sosial, və akademik.
Etnik amilə - cinsimiz, etnik və milli mənsubiyyətimiz kimi amillər göstərilə bilər. Fikir verin, məsələn, gender söhbətinə qadınlar daha çox dəstək verir, kişilər isə, adətən, qarşı çıxır. Amma bu ən rahat sezilən faktorlardandır. Sosial statusumuz da məsələlərə baxışlarımıza ciddi təsir edir: məsələn, orta sinifdən, iş-güc sahibi olan insanlar, adətən, daha az vergi alan, azad iqtisadiyyatı dəstəkləyən iqtisadi siyasəti dəstəkləyirlər. İşçi sinfindən olan insanlar isə, daha çox sosial müdafiəyə önəm verən siyasəti dəstəkləyirlər. Nəhayət, akademik mövqelər də insanın müəyyən cür düşünməsinə və hərəkət etməsinə səbəb ola bilər. Ən çətin görülən də akademik önmühakimələrdir, çünki özünü siyasi, elmi və ya ideoloji əsaslarla legitimləşdirə bilir.
Sadə formada desək, hər kəs məsələlərə öz pəncərəsindən baxır. Lakin çox vaxt bundan xəbərdar olmuruq. Qərarlarımızı, davranışlarımızı, o cümlədən ətrafda baş verən hadisələri bu baxımdan təhlil edərək, özümüzü və sosial hadisələri fərqli aspektdən görmək, daha dərindən anlamaq mümkün ola bilər. Refleksiv sosiologiyanın etidiyi də, bir mənada budur: hadisələrin arxasında dayanan görünməyəni göstərmək.
Asəf Qənbərov
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent.