Böyük Qayıdış proqramı uğurla icra edilir

30 min insan işğaldan azad olunmuş ərazilərdə məskunlaşıb

Uzun müddət köçkün həyatı yaşayan soydaşlarımızın işğaldan azad olunmuş ərazilərimizə dönüşünə start verilib. 30 ildən artıq yurd həsrətindən sonra evlərinə qayıdan məcburi köçkünlər doğma yurdlarında daimi yaşamağa başlayıblar. O da faktdır ki, doğma yurdlarına qayıdan məcburi köçkünlər  hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Məlum olduğu kimi Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimiz yenidən qurulur, sakinlərin yaşaması üçün bütün infrastruktur yaradılır, vətəndaşların məşğulluq problemi həllini tapır. Xatırladaq ki, Böyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub. Belə ki, həmin ilin aprelində baş vermiş dördgünlük döyüşlər nəticəsində Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın bir hissəsini işğaldan azad edərək şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında, həmçinin həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd etmək olar. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Beləliklə, Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu. Qeyd edək ki, soydaşlarımzın doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin ediləcək. Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə bildirib ki, bu gün həm Cəbrayılda, həm də işləri artıq başlanan Ağdamda, Şuşada ən yüksək səviyyəli işlər görüləcək: "Mən bu işləri hər hansı bir başqa standartlarla müqayisə etmək istəmirəm, çünki o, şəhərsalma işlərində mövcud deyil. Bu praktika şəhərsalma işlərində birinci praktikadır və biz dünyanın ən gözəl təcrübəsini gətirmişik. Bütün işlər ən mütərəqqi texnologiyalar əsasında qurulacaq və bu işləri biz, necə deyərlər, özümüzə borc bilib görəcəyik". Sirr deyil ki, dövlət başçısı İlham Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramlarının icrasını ən yüksək səviyyədə nəzarətdə saxlayır, təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edir.

Məlum olduğu kimi 2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı.
2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutdu. Məcburi köçkün həyatı yaşayan insanların bir hissəsi öz doğma dədə-baba yurdlarına qayıtdı və orada həyat yenidən başladı. Həmin vaxtdan etibarən keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi prosesi davam edir. Sirr deyil ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. 
Təbii ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb. Lakin, bu heç də son deyil, Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərin nəticəsi olaraq soydaşlarımızın doğma yurdlarına qayıdışı təmin ediləcək. Belə kİ, azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu isə, eyni zamanda, ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Göründüyü ki, ölkədə Böyük Qayıdış Dövlət Proqramının icrası uğurla həyata keçirilir. Dövlət proqramında əksini tapan əsas amillərdən biri də odur ki, Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarı ilə sosial xarakterlidir ki, bu da vətəndaşların məşğulluq probleminin həllində müsbət rol oynayır. Məhz sadalanan amillər soydaşlarımızın həsrətlə gözlədikləri yurdlarına qayıdışı təmin edəcək. 

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31