Əkbər Qoşalı: “Zəngəzur türkün can yolu, şah damarıdır” – ÖZƏL
13:12 Siyasət"ABŞ səfirinin Zəngəzur dəhlizini 100 il müddətinə idarə etməyə hazır olduqlarına dair bəyanatı ilk baxışda texnokratik təklif təsiri bağışlasa da, mahiyyət etibarilə, böyük güclərin Qafqazdakı strateji-simvolik məkanlara iddialarının davamıdır. Bu, bir infrastruktur olmaqla bərabər, tarixi-geopolitik yaddaş məsələsidir. Zəngəzur - sıradan bir dəhliz olmayıb, türkün can yolu, ortaq türk gələcəyinin şah damarıdır".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, CASCFEN İH üzvü Əkbər Qoşalı deyib. O qeyd edib ki, Amerika bu məsələni "daşımaçılıq arteriyası", "logistika qovşağı" kimi təqdim edə bilər, amma biz - Azərbaycan olaraq, bu sahədə qlobal aktorların iştirakı ideyasına müəyyən bir şərt içində müsbət yanaşa bilərik:
-Azərbaycanın suveren hüquqları təmin olunmalı,
-Türk dövlətləri arasındakı əlaqəni sürətləndirmək və təhlükəsizliyini təmin etmək adına işlərə hər hansı maneçilik olmamalıdır.
Biz başa düşürük ki, bu təklifdə belə bir əsas sual vardır: ABŞ həqiqətənmi, Zəngəzuru Türk dünyasını birləşdirmək üçün istəyir, yoxsa bölgədəki geosiyasi nüfuz yarışında yeni bir "qərargah" açmaq niyyətindədir? - Sualın ritorikası bəllidir: ABŞ və qeyri dövlətlər bizim qayğımıza bizim kimi qala bilməz.
Ə. Qoşalının sözlərinə görə, ABŞ-nin Zəngəzur dəhlizinə nəzarət təklifi əslində geosiyasi maraqlara xidmət edir və bu, Azərbaycanın suverenliyi təmin olunmadan qəbul edilə bilməz.
"ABŞ-nin bu bəyanatı müəyyən geosiyasi kontekstlərdən qidalanır. Birincisi, Rusiya təsirinin daraldılması istəyidir. Qafqazda və Türküstanda (Orta Asiyada) rus hərbi, iqtisadi və diplomatik təsirini zəiflətmək;
İkincisi, Çin İpək Yoluna əngəl yaratmaq amili ola bilər: "Bir kəmər, bir yol" layihəsinin önəmli qollarından biri məhz bu dəhliz üzərindən keçir. ABŞ bunu nəzarət altına almaqla Çinlə mübarizəyə yeni cəbhə açmaq istəyir; Üçüncüsü, İranın qıraqda saxlanılması olayı: İran bu dəhlizdən keçmədiyi üçün, ABŞ onun çevrəsində geosiyasi "divar" çəkmək niyyətində ola bilər; Dördüncüsü, türk birliyinə "nəzarətli müşahidə" cəhdi: ABŞ, bu yol ilə türk dövlətləri arasında artan birliyi içəridən izləmək və lazım gələndə "tənzimləmək" istəyə bilər.
Bu gerçəkliklər fonunda, ABŞ-nin "idarə etmək" təklifini "qorumaq" kimi təqdim etməsinə güvənmək, sadəlövhlük olardı.
Zəngəzur dəhlizinin beynəlxalq nəzarətə açılması ideyası ancaq bu şərtlərlə dəyərləndirilə bilər:
-Azərbaycanın suverenliyi və hüquqi üstünlüyü təmin olunmalıdır;
-Türkiyə bu dəhlizdə aparıcı rolda olmalıdır;
-Türk Dövlətləri Təşkilatı çətiri altında bölgəsəl monitorinq və nəzarət mexanizmi qurulmalıdır;
-Dəhliz təhlükəsizlik, ticarət və mədəni inteqrasiya vasitəsi kimi işləməlidir, hegemon güc oyuncağına çevrilməməlidir.
Əgər bu şərtlər gözlənilməzsə, 100 illik "idarəçilik" təklifi bizə müəyyən risklər, problemlər yarada bilər. Şükür Tanrıya, bizim yanlışlıq, sadəlöhvlük lüksümüz yoxdur".
Araşdırmaçı-yazar vurğulayıb ki, Zəngəzur məsələsi bir yol, körpü, tunel, qovşaq və s. ifadəsi ola bilər, ancaq o, eyni zamanda qopmuş damarların birləşdirilməsi, Türkün Asiyadan Avropaya öz addım səslərini bərpa etməsidir. Əgər hər hansı beynəlxalq iştirakçı - ABŞ daxil olmaqla - bu məsələdə bərabərhüquqlu, şəffaf və türk dövlətlərinin çıxarlarını qoruyacaq şəkildə prosesə qatılmaq istəyirsə, bu düşünülə bilər. Əks halda, bu təklif suverenlik yox, nəzarət aləti, geosiyasi müşahidə məntəqəsi kimi dəyərləndirilə bilər.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova