Ağ Ev ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasi qərəzlilik nümayiş etdirdiyini bəyan edib - ÖZƏL

ABŞ Federal Ehtiyat Sistemi (FED), mərkəzi bank funksiyalarını yerinə yetirən qurum olaraq, hazırda siyasi maraqlarla hərəkət edir və onun idarə heyətində ABŞ prezidenti Donald Trampa qarşı çıxan çoxlu sayda şəxs var. Bu barədə ABŞ prezidentinin ticarət və istehsalat üzrə baş müşaviri Piter Navarro bəyan edib.

"FED ilə bağlı problem ondadır ki, bu qurum hazırda çox siyasi xarakter daşıyır. Çünki onun idarə heyətində demokratlar tərəfindən təyin olunmuş və Trampdan nifrət edən bir çox şəxs var. Biz artıq bu mərhələdən keçməliyik", - deyə Navarro Vaşinqtonda "The Hill" qəzeti və "NewsNation" telekanalının təşkil etdiyi konfransda çıxışı zamanı bildirib.

O əlavə edib:

"FED-in müstəqilliyi olduqca vacibdir. Mən birinci olaraq deyirəm ki, bu qurumda siyasi qərəzlilik olmamalıdır."

Navarro qeyd edib ki, onun istəyinə görə FED-ə rəhbərlik edən şəxs iqtisadiyyatın necə işlədiyini anlamalıdır, lakin hazırkı sədr Cerom Pauell belə bir şəxs deyil:

"Pauell bu qurumun tarixində ən zəif rəhbərdir", - deyə müşavir bildirib. Lakin o, Pauellin istefası ilə bağlı açıq mövqe bildirməyib.

Eyni zamanda, Piter Navarro KİV-in yaydığı, guya FED-ə növbəti rəhbərin Ağ Evin yanında fəaliyyət göstərən Milli İqtisadi Şuranın rəhbəri Kevin Hasset ola biləcəyi ilə bağlı məlumatları təsdiqləməyib.

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31