Azərbaycanın qlobal nüfuzu: Bakıda İsrail-Suriya görüşü və sülh ümidləri - ÖZƏL

Bakıda Suriya və İsrail rəsmiləri arasında görüş keçirilib. Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri çərçivəsində baş tutub. Görüş zamanı bir çox məsələlər müzakirə olunub. 

Suriya və İsrail rəsmilərinin arasşnda keçirilən görüş Azərbaycanın vasitəçilik potensialı və beynəlxalq nüfuzu baxımından necə dəyərləndirilə bilər?

Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də qlobal səviyyədə, o cümlədən İsrail-Suriya münasibətlərində sülhün təmin olunmasına çalışaraq, beynəlxalq hüququn daşıyıcısı və nüfuzu artan etibarlı siyasi məkana çevrilir :

" Azərbaycan son illərdə apardığı siyasət nəticəsində öz torpaqlarının işğaldan azad edilməsinə, ərazi bütövlüyünün bərpa olunmasına nail oldu və Cənubi Qafqazın lider ölkəsi olduğunu təsdiqlədi. Bundan sonra da bir çox böyük qlobal tədbirlərə ev sahibliyi etdik və bu da Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb oldu.
Eyni zamanda heç kəsə sirr deyil ki, Azərbaycan İsraillə strateji tərəfdaşdır və yeganə müsəlman ölkəsidir ki, İsraillə dostluq münasibətləri güclüdür. Bu da, təbii ki, Türkiyə-İsrail münasibətlərində Azərbaycanın dəstəyi ilə əlaqələrin normallaşmasına gətirib çıxardı - səfirliklər açıldı, diplomatik münasibətlər bərpa olundu. Lakin sonradan münasibətlər yenidən soyudu və bu gün də gərgin olaraq qalır. Ancaq hesab edirəm ki, məhz Azərbaycanın təşəbbüsləri sayəsində Türkiyə ilə İsrail arasında münasibətlər normallaşa bilər.
Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra hakimiyyətə gələn qüvvələrə Türkiyənin dəstəyi danılmazdır. Türkiyə bu qüvvələri dəstəklədi və Suriyada lazım olan yardımı göstərəcəyini bəyan etdi. Təbii ki, bu çağırışa Azərbaycan da qoşuldu və bildirdi ki, biz Türkiyə ilə birlikdəyik. Azərbaycan da Suriyada yaşayan insanlara yardım etməyə hazır olduğunu bildirdi.
Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanın  Bakıya bir günlük səfəri zamanı yüksək səviyyədə qarşılanması və bu səfər çərçivəsində Azərbaycan-Suriya münasibətlərinin inkişafı üçün mühüm addımlar atılması önəmlidir. O cümlədən SOCAR-ın Suriyaya qaz ixracı ilə bağlı razılığa gəlməsi də diqqətəlayiq məsələdir.
Eyni zamanda, Əhməd Əl Şaraanın  Azərbaycanda olduğu müddətdə İsrail və Suriya nümayəndələrinin də burada görüş keçirməsi önəmli bir hadisədir. Bildiyiniz kimi, uzun illərdir İsrail Qolan təpələrini nəzarətdə saxlayır. Əsəd rejimi devrildikdən sonra İsrail bu bölgədə yerləşən bir çox hərbi bazaları darmadağın etdi. Hazırda Qolan təpələri uğrunda danışıqlar davam edir. ABŞ və İsrail həmin ərazilərin İsrailə verilməsini istəyir və bu baş verərsə, Suriyanın sanksiyalardan azad olunması və beynəlxalq dəstəyin göstərilməsi məsələsi gündəmə gələcək.
Bir seçim var: ya bu ərazilər Suriyaya verilməyəcək və vətəndaş müharibəsi davam edəcək, ölkə xarici müdaxilələrlə dağıdılacaq, ya da Qolan təpələri İsrailə veriləcək, bunun müqabilində isə Suriyaya dəstək göstəriləcək, ölkə inkişaf edəcək və xalq rifah içində yaşayacaq. Bu məsələlə hazırda gündəmdədir və hesab edirəm ki, bu proseslərin həllində Azərbaycanın da diplomatik köməkliyi var.
Əgər İsrail və Suriya nümayəndələri Azərbaycanda danışıqlar aparırlarsa, bu, onu göstərir ki, hər iki ölkə Azərbaycanı güvənli tərəfdaş kimi görür. Azərbaycan hər iki tərəfə etimad yaradır və dəstək göstərir. Bu baxımdan Azərbaycan artıq təkcə regional deyil, qlobal bir oyunçuya çevrilməkdədir.
Azərbaycanın nüfuzu və təsir gücü artır. Xüsusilə son dövrlərdə Rusiya ilə münasibətlərin soyuması, Rusiyada azərbaycanlılara qarşı aparılan qeyri-insani hərəkətlər və Azərbaycanın buna cavab olaraq nota verməsi, bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olur. Artıq Avropa ölkələri və ABŞ Azərbaycanın beynəlxalq hüquqa əsaslanan addımlarını dəstəkləyir.
Bu fonda Azərbaycan təkcə Cənubi Qafqazda sülhə nail olmağa deyil, bütövlükdə dünyada, o cümlədən İsrail-Suriya münasibətlərində də sülhün təmin olunmasına və Suriyanın inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu nümayiş etdirir. Bu isə Azərbaycanın beynəlxalq hüququn və qlobal nüfuzunun artmasına, daha təhlükəsiz siyasi məkan halına gəlməsinə sübutdur.
Bütün bunlar hər bir Azərbaycan vətəndaşını sevindirir. Hesab edirəm ki, bu siyasət bundan sonra da davam etdiriləcək və Azərbaycan dünya miqyasında daha böyük nailiyyətlər əldə edəcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31