“ABŞ Paşinyanı bölgədə öz layihəsi kimi dəstəkləyir” – Azad Məsiyev – ÖZƏL
16:51 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Bakıda həbsdə olan Ruben Vardanyanın azadlığı ilə bağlı müdaxilə təklifini qəbul etməyib. "Hraparak" yazır ki, Trampın məsələyə müdaxilə etməsi üçün İrəvandan sadəcə yazılı müraciət tələb olunub, lakin Paşinyan bu addımın sülh müqaviləsinə mane ola biləcəyini əsas gətirərək imtina edib.
Bəs bu hadisə Ermənistan-Azərbaycan sülh prosesinə və ABŞ-nin regiondakı roluna necə təsir göstərə bilər?
"Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması üçün Azərbaycanın haqlı tələbləri hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. Bu tələblər arasında Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi və eyni zamanda ATƏT-in Minsk Qrupunun ləğv edilməsi məsələləri yer alır. Həmçinin Ermənistan xarici siyasətdə daha ehtiyatlı davranmalıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, əgər Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməzsə və Azərbaycanın daxili işlərinə qarışmağa davam edərsə, bu, sülh sazişi prosesinə birbaşa mənfi təsir göstərə bilər: "Xüsusilə də, Azərbaycanda hərbi cinayətlərdə iştirak etmiş erməni şəxslərin məhkəmə prosesi gedərkən, Ermənistandan edilən müdaxilələr Azərbaycan dövlətinin suveren hüquqlarına ziddir. Bu cür müdaxilə separatçılığın və hərbi cinayətkarların açıq dəstəklənməsi deməkdir. Ermənistan baş naziri Nikol Paşinyan bu məsələlərdə zahirən ehtiyatlı görünür, lakin daxildə həmin hərbi cinayətkarların azad olunmasını arzulayır. Bunun səbəbi isə aydındır: 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyan həmin şəxslərin azad olunması ilə cəmiyyətdə müəyyən simpatiya və dəstək qazanmağa ümid edir. Çünki erməni cəmiyyətində hələ də Azərbaycana qarşı nifrət mövcuddur və bu terrorçuları, separatçıları qəhrəman kimi görən insanlar az deyil".
Azad Məsiyevin sözlərinə görə, Paşinyanın bu şəxslərin azad olunmasına rəsmi şəkildə müraciət etməsi birbaşa separatçılığı dəstəkləmək kimi qiymətləndirilə bilər. Bu isə təbii olaraq sülh sazişi prosesinə ciddi zərbə vurur: "Azərbaycanın hüquq-mühafizə orqanları bu şəxslərlə bağlı qanuni və ədalətli məhkəmə prosesi aparır və bu, həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Proses şəffaf şəkildə həyata keçirilir. Eyni zamanda, burada ABŞ-nin bölgədəki maraqları da nəzərə alınmalıdır. ABŞ həm Paşinyanın hakimiyyətə gəlməsində, həm də orada qalmasında birbaşa rol oynayıb. Paşinyan bir layihə olaraq, Soros Fondu və ABŞ diplomatik dairələrinin dəstəyi ilə hakimiyyətə gətirilib və bu gün də onların maraqlarını bölgədə həyata keçirir. ABŞ, 2026-cı il seçkilərində də Paşinyanın qələbəsi üçün siyasi dəstəyini davam etdirməyi hədəfləyir. Belə rəsmi müraciətlər göstərir ki, gələcəkdə ABŞ Paşinyanı daha da gücləndirmək üçün müxtəlif addımlar ata bilər. Lakin qeyd olunmalıdır ki, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın milli və dövlət maraqları nəzərə alınmadan bölgədə hər hansı qlobal gücün diktə siyasəti qəbuledilməzdir".
Siyasi şərhçi sonda qeyd edib ki, ABŞ-nin Azərbaycana təzyiq planları nəticə verməyəcək. Çünki Azərbaycan nəinki regionda, ümumilikdə dünyada ədalətli siyasətin tərəfdarıdır və bu mövqeyini beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dəfələrlə sübut edib. Azərbaycan Prezidenti daim qonşularla dinc yanaşı yaşamaq prinsiplərini əsas götürür və xarici siyasətdə beynəlxalq hüquq və ədalət meyarlarını rəhbər tutur. Bu baxımdan da Azərbaycan, eyni prinsiplərə başqalarının da əməl etməsini tələb etməkdə tamamilə haqlıdır. Ədalətli yanaşma beynəlxalq hüquqa və siyasi reallıqlara söykənməlidir. Təzyiqlə Azərbaycana istənilən qərarı qəbul etdirmək mümkün deyil.
Səidə Ramazanova