Azərbaycan-Pakistan əməkdaşlığı İranı niyə narahat edir? - ÖZƏL
15 İyul 13:38 SiyasətTehranda İran rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın daxili işlər naziri ilə görüşdə Azərbaycanı sərt şəkildə tənqid edib. O, Bakının İsraillə əməkdaşlığını İslam dünyasına zidd addım kimi qiymətləndirib və Pakistandan Azərbaycanı bu fəaliyyətlərə görə sorğu-sual etməyi tələb edib. Vilayəti Azərbaycana qarşı uzun illərdir mənfi mövqeyi ilə tanınır.
İranın Azərbaycan-Pakistan münasibətlərinə müdaxilə cəhdləri hansı geosiyasi maraqlardan qaynaqlanır?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, İran rəhbərliyinin, xüsusilə Əli Əkbər Vilayətinin Azərbaycan əleyhinə ritorikası yeni deyil, bu, Tehran rejiminin regionda artan Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığından duyduğu narahatlığın bir təzahürüdür:
"Vilayəti faktiki olaraq Azərbaycan-Pakistan münasibətlərini zədələmək üçün rəsmi İslamabada təzyiq göstərməyə çalışır. Bu, İranın özünü regionun "İslam dayağı" kimi təqdim etməyə cəhdidir, amma reallıqda Tehranın məzhəbçi siyasəti İslam həmrəyliyinə ziddir. İsraillə əməkdaşlıq məsələsi isə Azərbaycanın suveren seçimidir və təhlükəsizlik maraqlarına xidmət edir. İranın bu məsələni gündəmə gətirməsi riyakarlıqdır, çünki Tehran özü İsrailin düşmənlərini silahlandırmaqla bölgəni sabitsizliyə sürükləyir. Azərbaycanı İsraillə münasibətlərinə görə hədəfə almaq İranın daxilən zəifləyən nüfuzunu regional əzəmət illüziyası ilə kompensasiya etmək cəhdidir. Pakistan isə Azərbaycanın strateji tərəfdaşıdır və İslamabaddakı dairələr Tehranın bu çağırışlarına maraqlı yanaşmır. İranın narahatlığı Azərbaycan-Pakistan hərbi təlimlərinin artması və Zəfərdən sonra yaranan güc balansının dəyişməsidir. Bakı regional inteqrasiyada önə çıxarkən İranın ideoloji və geosiyasi sərhədləri daralır. Azərbaycan isə etnik və dini tolerantlıqla seçilir və bu cəhdlərə qarşı milli birliyi əsas götürür. Vilayətinin çağırışı əslində İranın özünün tək qaldığını göstərir. Pakistan da daxil olmaqla əksər İslam ölkələri Azərbaycanla əməkdaşlığı davam etdirməkdə qərarlıdır. Tehran nə qədər çalışsa da, Azərbaycan artıq regional gücdür və öz yolunu müəyyənləşdirmişdir".
Zeynəb Mistafazadə